Vəfat edən Roma Papası Qarabağ məsələsində bitərəf rol tutmağa çalışıb; 1 milyard yarıma yaxın insanın qibləsi Vatikan dünyada geopolitik siyasətə ciddi təsir gücünə malikdir
Avropa İttifaqının Brüsseldəki rəsmi orqanları Roma Papası Fransiskin (Xorxe Mario Berqolyo) vəfatı ilə əlaqədar bayraqları yarıya qədər endiriblər. Roma Papasının vətəni Argentinada bir həftəlik, İspaniyada isə üç günlük matəm elan edilib. Braziliyada da bir həftəlik matəm elan olunub. Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı məktubu ünvanlayıb.
Vatikan dedikdə həm kilsə, həm də dövlət nəzərdə tutulur və bu ikili mövqe də ona dini həyatda və dünya siyasətində xüsusi rol oynamağa imkan verir.
Birincisi, Katolik Kilsəsinin rəhbərliyi var - Papa (Roma yepiskopu) və Roma Kuriyası (müxtəlif şöbələr) tərəfindən təmsil olunan Müqəddəs Taxt-Tac. Bu, kilsənin mərkəzi idarəetmə orqanı, beynəlxalq hüquq nöqteyi-nəzərindən müstəqil suverenliyə, hüquqi şəxs statusuna malik olan, ona BMT-də daimi müşahidəçi olmağa, müqavilələr bağlamağa, diplomatik əlaqələr qurmağa və diplomatik nümayəndələr qəbul etməyə imkan verən bir qurumdur (diplomatik nümayəndəliklər Müqəddəs Taxt-Tacda akkreditə olunur). Müqəddəs Taxt-Tac ömürlük seçilən Papanın rəhbərlik etdiyi teokratik seçkili monarxiyadır.
İkincisi, Müqəddəs Taxt-Taca məxsus suveren ərazi olan Vatikan Dövləti var. Onun əsası 601-ci ildə qoyulmuş, 1870-ci ildə ləğv edilmiş və 1929-cu ilin fevralında Müqəddəs Taxt-Tac ilə Faşist İtaliyası arasında bağlanmış Lateran sazişləri nəticəsində bərpa edilmişdir. Onun Müqəddəs Taxt-Tacdan fərqli suveren knyazlıq-dövlət statusu beynəlxalq hüquqla da tanınır. Dünyanın ən kiçik dövləti olsa da, onun dəyəri ondadır ki, o, Müqəddəs Taxt-Tacın istənilən dünyəvi dövlətdən müstəqilliyini təmin edir.
Qeyd etmək lazımdır ki, Vatikanda çox geniş qurumlar və inzibati xidmətlər şəbəkəsi var, özünün qeyri-kommersiya planlı iqtisadiyyatı və xaricdə 179 daimi diplomatik nümayəndəliyi var. Nəzarəti altında 1,5 milyard katolik olmaqla, 100-dən çox fond və birliklər vasitəsilə onlara nəzarət edir. Bununla belə, ən effektiv nəzarət sistemi məxfi xidmətlər səviyyəsində həyata keçirilir. Bunlara Vatikanın məxfi xidmətləri (Müqəddəs Alyans və Sodalitium Pianum) və Dini İşlər İnstitutu (IRA) adlanan Vatikan Bankı daxildir.
Vatikan Bankı rəsmi qurum deyil, müəyyən mənada onun yeganə səhmdarı olan və ona tam nəzarət edən Papanın özünün bankıdır. Bunun sayəsində bank heç bir audit yoxlamasına məruz qalmır və həmişə asanlıqla xaricə vəsait köçürə bilir ki, bu da müxtəlif fırıldaq növlərinə imkan yaradır. Beləliklə, Vatikan formal olaraq ofşor yurisdiksiya olmadan fəal şəkildə offşor əməliyyatları həyata keçirir. Məlumdur ki, Vatikan Böyük Britaniya, Fransa və ABŞ-dakı Rotşild strukturları vasitəsilə böyük sərmayələr yatırır və iri korporasiyalarda, xüsusən “Shell”, “General Motors”və s. səhmlərə sahibdir. Belə geniş investisiya praktikası ilə məşğul olarkən, Vatikan öz maliyyə fəaliyyətinin real göstəricilərini gizlətməyə davam edir.
Azərbaycanla Vatikan Dövləti arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılıb. Diplomatik münasibətlərin yaradılmasına baxmayaraq, ikitərəfli münasibətlərdə aktivlik nəzərə çarpmayıb. Prezident Heydər Əliyev 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfər edib. 2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı, 264-cü Roma Papası II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlib.
Eyni zamanda Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında anlaşma memorandumu mövcuddur. Sənəddə müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
2016-cı ilin oktyabrında Fransisk Azərbaycanda səfərdə olub. Vəfat edən Roma Papası Qarabağ məsələsində bitərəf rol tutmağa çalışıb. Yeri gəlmişkən, aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda elmi konfrans erməni kilsəsində və lobbiçilərində ciddi narahatlıq yaratmışdı. Eçmiədzin kilsəsi bəyanat verərək Vatikanı günahlandırmaqdan belə çəkinməmişdi. Roma erməni icması şurası da Qriqorian Universitetində “belə bir antierməni tədbirin keçirilməsi faktından məyus olub”. Roma Erməni İcması Şurası hətta Vatikana və xəstəhal Papaya da ləkə yaxaraq iddia edib ki, guya Bakı rəsmi Vatikana və universitetə külli miqdarda pul vəd edib.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, dünyanın ayrı-ayrı ölkələrindən, regionlarından olduğu kimi, Vatikandan da Azərbaycana mənəvi-siyasi baxış müsbət çalarlarla zəngindir: “Bu isə təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. Əvvəla, Azərbaycanda dini etiqad və vicdan azadlığı tam təmin edilib, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər. Azərbaycanda milli, dini müxtəliflik insanlar arasında fərq yaradan amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı da eyni yanaşma tətbiq olunur. Bu amil Vatikan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasında xüsusi rol oynayır. Vatikan Dövləti ilə əlaqələrə Azərbaycan daim önəm verib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Vatikana səfər edib və yüksək səviyyədə qarşılanıb. Eləcə də Papa İohan Pavelin və Papa Fransiskin Azərbaycana səfərləri olub. Belə sıx əlaqələr və etimada söykənən görüşlər Azərbaycanla Vatikan arasında münasibətlərin dərinliyinin göstəricisidir.
Vatikan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Azərbaycanda 2000 katolik var. Bakıdakı Bakirə Müqəddəs Məryəm katolik kilsəsi ölkədə yeganə belə kilsədir. 6 iyul 2011-ci ildə Vatikan tərəfindən ratifikasiyadan sonra katolik icmasının dövlət qeydiyyatından keçib.
Azərbaycanın dini tolerantlığı inzibati idarəetməyə əsaslanmır. Bu əməkdaşlıq minillik tarixdən boy alır. Allahın müqəddəs kəlamlarında həmişə vurğuladığı qardaşlıq bu diyarda həmişə var olub. Bunun möhkəm özülü Prezident İlham Əliyevin ardıcıl siyasi prioritetlərinə söykənir. Dövlət başçısı bəyan edib ki, ölkəmizdə etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.
Papa Fransisk isə Prezidentlə görüşündə bildirmişdi ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir".
Ekspert deyib ki, 1 milyard 300 milyon katolikin qibləsi olan Vatikan dünyada yürüdülən geopolitik siyasətə ciddi təsir gücünə malikdir: “Bəşəriyyət üçün ən həssas və tarixi dönəmlərdə, siyasi müzakirələrdə, beynəlxalq problemlərin həllində Roma Papasının mövqeyi həmişə nəzərə alınır. Vatikanın mesajları cahanda sülh və dinc birgəyaşayış üçün vacib indikator sayılır. Bu baxımdan da yanaşsaq, Vatikan dövləti ilə Azərbaycan arasında etimada söykənən əlaqələr sülhə və bölgədə tolerantlıq prinsiplərinin təbliği üçün unikal imkandır. Bu prinsiplər iki ölkə arasında etibarlı əməkdaşlıq platforması yaradıb”.