Türkiyə dünyanın 185 ölkəsinə 230 çeşiddə hərbi mal satır. Bu baxımdan Türkiyə dünyada 11-ci yerdə qərar tutub. Qardaş ölkənin 3.500 hərbi şirkətinin 1.600-ü xarici ölkələrə mal göndərir. Hazırda Türkiyədə hərbi təyinatlı 1.100 layihə üzərində iş gedir. ASELSAN, HAVELSAN, ROKETSAN və Türk Aerokosmik Sənayesi bu işin öncülləri sırasındadır. 2010-cu ildə dünyanın 100 ən böyük silah istehsal edən şirkəti arasında yalnız 1 Türkiyə şirkəti vardı. İndi isə onların sayı 8-dir.
O da maraqlıdır ki, əgər Türkiyə öncə hərbi mallarını üçüncü dünya ölkələrinə satırdısa, indi ən azı ixracatın yarısının alıcısı Avropa ölkələridir.
Türkiyə keçən il 2023-cü ilə nisbətən 29 % artımla 7,154 milyard dollarlıq ixracat həyata keçirib. Halbuki 2024-cü il üçün hədəf 6,5 milyard dollar idi.
Hələ orası da var ki, Türkiyənin bir çox silahları sınaq mərhələsindən keçir. 1-2 ilə həmin silahların kütləvi istehsalına start veriləcək. Mal istehsal olunmamış isə müştərilərin uzun növbəsi yaranıb. Niyə belədir? Çünki Türkiyə ucuz və keyfiyyətli mal istehsal edir. Bu isə ona rəqabətdə böyük üstünlük əldə etməyə imkan verir. Üstəlik, həmin mallar Bayraktar dronları kimi dünya hərb tarixində dəngələri dəyişmək gücündədir.
2024-cü ildə Türkiyə silah idxalını xeyli azaldıb və hərbi ehtiyaclarının 70 faizini daxili imkanlar hesabına qarşılayıb. 2025-ci ildə bu göstəricinin 80 faizə yüksələcəyi gözlənilir. Müqayisə üçün deyim ki, 2003-cü ildə Türkiyə hərbi ehtiyaclarının 80 faizini xaricdən idxal edir. Bu nə deməkdir?
Türkiyə hərbi baxımdan avtonom şəkildə mövcud olmağa üstünlük verir. Xaricdən idxal olunan silaha sursat da gərəkdir. Silah idxalı asılılıq yardır. Bir çox Qərb ölkəsi isə müxtəlif bəhanələrlə Türkiyəyə istədiyi silahı vermirdi. Və ya verdiyi silahın kontrolunu özündə saxlayırdı. Bu nə deməkdir? Tutaq ki, Amerikadan F-35 qırıcıları almısan. Ancaq bu qırıcılardan tutaq ki, Yunanıstana qarşı istifadə edə bilməzsən. Qırıcının kontrolu ABŞ-da olduğuna görə bu, heç mümkün də deyil. Yalnız Amerika icazə verdikdən sonra sən F-35-in verdiyi imkanları öz xeyrinə istifadə edə bilərsən. Ona görə də Türkiyə yerli və milli hərbi texnologiyaya üstünlük verir. Bu amil türk malı alan ölkələr üçün də keçərlidir. Onlar kontrolu Qərbin əlində olan silah almaqdan çəkinirlər. Türkiyə isə öz müştərilərinə belə bir şərt qoymur. Bu isə son dərəcə cazibədar bir təklif deməkdir.
Onu da deyim ki, Qərb tərəfindən Türkiyəyə ilk dəfə silah embarqosu 1974-cü ildə tətbiq olunub. Niyə? Çünki Türkiyə Silahlı Qüvvələri Kiprdə türk soyqırımının qarşısını almaq üçün adaya qoşun yeritdi. Bax elə o embarqodan sonra Türkiyədə yerli hərbi sənaye kompleksinin yaradılması məsələsi gündəmə gəldi.
Son dövrlərdə də kollektiv Qərb Türkiyəyə qarşı müxtəlif hərbi sanksiyalar tətbiq edib. Bu sanksiyalar da Türkiyənin yerli və milli silah istehsalına keçməsinə təkan verib. Hazırda Qərb ölkələri bu sanksiyaların əksəriyyətin aradan qaldırıblar. Niyə? Çünki bu sanksiyalar Türkiyənin əleyhinə yox, lehinə işlədi. Nəticədə gözlənilmədən Qərbin hərbi sənayesi Türkiyə kimi bir rəqiblə qarşılaşdı. Bəli, bir vaxtlar Qərb ölkələrində çalışan türkiyəli mühəndislər geri dönərək möcüzələr yaradırlar.
Türkiyə 2010-2024-cü illər arasında 9 fərqli hərbi hava uçağı ortaya qoyub. Onların arasında süni intellektə bağlı “uçan bilgisayar” kimi təqdim olunan KAAN da, Kamankeş də var. Bir önəmli maqamı da deyim. Türkiyənin çağdaş texnologiyası bir-birinə uğurla inteqrə edilib. Tutaq ki, bir uçaq vurmalı olduğu hədəfi daha münasib yerdə olan başqa bir uçağa ötürə bilir. Bir uçağın eyni vaxtda müxtəlif hədəfləri nişan alıb vurması da qayət sıradan bir əməliyyata çevrilib.
2014-2024-cü illər arasında isə Türkiyənin ən zəif yeri olan mühərrik problemi ciddi şəkildə aradan qaldırılıb. Belə ki, bu illər ərzində yeni 13 motor ortaya qoyulub. 9 ucaqdan 7-si Türkiyə istehsalı olan motorla havaya qalxıb. Bu 7 motordan 6-sı hazırda kütləvi şəkildə istehsal olunur. 110 min yüksək ixtisaslı mütəxəssis Türkiyənin hərbi sənaye kompleksində çalışır. Türkiyənin hərbi hava texnologiyası qızıl dövrünü yaşayır. Təsadüfi deyil ki, bir çox Qərb şirkəti Türkiyə şirkətləri ilə birgə çalışmağa üstünlük verirlər və bu tendensiya getdikcə güclənir.
Türkiyə Peyk Müstəqil Yerli Naviqasiya Sistemi üzərində də çalışır. ABŞ-ın Global Positioning System (GPS), Rusiyanın Global Navigation Satellite System (GLONASS), Çinin BeiDou Navigation Satellite System (BDS) və Avropa Birliyinin Galileo sistemləri mövcuddur. Yəni dünyanın yalnız 4 güc mərkəzində naviqasiya sistemi var. Yaponiya və Hindistan da bu istiqamətdə xeyli məsafə qət edib. Bəs milli naviqasiya sistemi Türkiyə üçün niyə önəmlidir? Çünki havada olan istənilən uçaq və ya raket uçuş ərzində naviqasiya sistemi ilə müşahidə olunur. Bu isə o deməkdir ki, Türkiyənin havada olan uçaqları istər-istəməz yabançı naviqasiya sistemlərindən istifadə etməli olur. Bu isə həm də yabançı naviqasiya mərkəzinin Türkiyənin havadakı uçaqları barədə məlumatlı olması deməkdir. Ona görə də Türkiyə bu problemi mümkün qədər tez həll etməyə çalışır.
Türkiyə yeni texnologiyaya sahib olmaq üçün araşdırmalara 2025-ci ildə 3 milyard dollar ayırıb. Əlbəttə, bu, o qədər də çox deyil. Müqayisə üçün deyim ki, eyni məqsədlə ABŞ 660, Çin 556, Yaponiya 194, Almaniya 148, Cənubi Koreya 105, Fransa 68.3 milyard dollar xərcləyir.
Silah məsələsi xüsusi statusda olan məsələdir. Türklər həmişə bu məsələyə həssaslıq göstəriblər. Məsələn, tarixdən bəllidir ki, XV əsrdə macar əsilli Orban adlı mühəndis Konstantinopolu qorumaq üçün böyük dağıdıcılıq gücü olan topun yaradılması məqsədi ilə Bizans imperiyasının rəhbərliyinə müraciət etdi. Ancaq mühəndisin təklifinə məhəl qoyan olmadı. Orban qərara gəldi ki, eyni təkliflə Osmanlı tərəfə müraciət etsin. Fateh Sultan Mehmedin (1444-1446) göstərişi ilə Orbanın rəhbərliyi altında topu düzəltdilər və onun köməyi ilə 1453-cü ildə Konstantinopolu fəth edildi. Həmin top tarixə Bazilika və ya Osmanlı topu kimi keçib.
Heç şübhəsiz ki, Türkiyənin hərbi baxımdan avtonom mövcudluğu və getdikcə güclənməsi qardaş ölkəyə digər dövlətlərin münasibətini yenidən şəkilləndirir. Məsələn, əvvəllər Türkiyə ilə embarqo və hədə dilində danışan ABŞ indi ən yaxın müttəfiqi İsraili belə rəsmi Ankara ilə hesablaşmağa çağırır. Özü də nümayişkaranə şəkildə. Rusiya, Çin, Hindistan, Avropa İttifaqı, hətta İran belə Türkiyənin hərbi, siyasi və iqtisadi maraqlarını nəzərə almaq zorundadır. Onu da deyim ki, digər Türk Dövlətlərinin mövcudluğu da, xüsusən Türkiyə-Azərbaycan münasibətlərinin “bir millət, iki dövlət” müstəvisindən “bir millət, bir dövlət” düşüncəsinə keçid etməsi rəsmi Ankaranın gücünə güc qatır...
Ən önəmlisi isə odur ki, Türkiyənin hərbi sənayesi təkcə ucaqlarla-qırıcı, təyyarə, dron, helikopterlə məhdudlaşmır. Zirehli texnikaya da diqqət ayrılır. Məsələn, bu ildən etibarən Altay tankları Türkiyə Ordusuna təhvil veriləcək. Türkiyənin yüzlərlə Altay tankına ehtiyacı var. Qətər də artıq 100 Altay tankı sifariş verib. 1 milyard dollar ödəyib. Qətərlə Türkiyənin Altay tankını birgə istehsal edəcəyi gözlənilir. Yeni hava hücumundan müdafiə sistemləri (məsələn, Çelik Kubbe və digərləri) müasir döyüş meydanlarının çağırışlarına cavab vermək gücündədir. Türk Dəniz Qüvvələri Türkiyəni dənizdən ola biləcək bütün təhdidlərdən qorumaq bacarığına sahibdir. Çünki yerli və milli istehsal olan ən müasir hərbi gəmilərlə təchiz olunub.
Hərbi əzələ nümayiş etdirən Türkiyənin 12 ölkədə hərbi bazası var. Bu ölkələr arasına Azərbaycan da daxildir. Düzdür, rəsmən Türkiyənin Azərbaycanda hərbi bazası yoxdur. Ancaq hərbi baxımdan Türkiyə fərqli formalarda Azərbaycandadır. Ona görə də mütəxəssislər Azərbaycanı da siyahıya salıblar. Müqayisə üçün deyim ki, Rusiyanın 13 ölkədə hərbi bazası mövcuddur.
Hərbi baxımdan Türkiyə dünyanın 8-ci, bəzi mənbələrdə isə 9-çü ən güclü ölkəsidir. NATO-da ABŞ-dan sonra ən güclü orduya malik olan ölkə də Türkiyədir. Onu da unutmayaq ki, hərbi gücün mövcudluğu belə digər ölkələrə “yumşaq güc” şəkilində təsir mexanizmi yaradır.
Əlbəttə, silah son dərəcə önəmli faktordur. Ancaq türk əsgərində olan döyüş ruhu da tarixdə silinməz izlər buraxıb. Heç də təsadüfi deyil ki, imperator Napoleon Bonapart türk ordusu haqqında belə demişdi: “Mənə türk ordusu verin, dünyanı girov götürüm”.
Avropanın ən döyüşkən ordusu olan Prussiya ordusuna 30 il rəhbərlik etmiş Helmut Karl Bernhard fon Moltke (1800-1891) də türk ordusundan heyranlıqla söhbət açıb: “Türkün ruhu yenidən parlayacaq. Silahdan istifadə etmək üçün yaranmış bu qəhrəman xalq tarixdə əvvəlki əzəməti ilə yenidən doğulacaq”. Hazırda biz general-feldmarşalın öncədən xəbər verdiyi dönəmin astanasındayıq...
Elbəyi Həsənli. Sürix