“Dünya, qlobal nizamsızlıqdan və xaosdan keçərək yeni nizam axtarışındadır. Bu xaosdan itkisiz və qazanclı çıxmaqda yol yoldaşı ağıllı, praqmatik siyasət və güclü olmaqdır. Bu gün Azərbaycan, məhz bu reallığın fərqinə varan siyasət yürütməkdədir. Ölkəmiz həm regional, həm də qlobal səviyyədə yeni dünya nizamının formalaşmasında yaxından iştirak etmək və istənilən hegemonluğun, dövlətlərin işinə müdaxilənin əleyhinə olmaqla beynəlxalq hüququn hökmran olduğu ədalətli dünyanın bərqərar olmasının tərəfdarı kimi çıxış edir”.
Bu sözləri Millət vəkili, Milli Məclisin komitə sədri Fazil Mustafa aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumla bağlı fikirlərində səsləndirib.
Onun sözlərinə görə forum ölkəmizin müasir çağırışlara baxışını və qlobal siyasətdəki fəal rolunu bir daha nümayiş etdirdi.
“Azərbaycan Dünyanın siyasi xəritəsində kiçik ölkədir. Ancaq, üstləndiyi və öhdəsindən gəldiyi problemlər və həll etdiyi məsələlər kifayət qədər böyük və irimiqyaslıdır. Tarixinin qüdrətli dövrünü yaşayan Azərbaycan düşməninin havadarlarının və dəstəkçilərinin nüfuzlu ölkələr olmasına və saylarının çoxluğuna baxmayaraq, ərazi bütövlüyünü öz gücünə həll etmiş tək ölkədir. Bu gün Azərbaycan həm regional, həm də daha geniş arealda sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, ölkələrarası münasibətlərin normallaşmasına layiqli töhfəsini verməkdədir. Forumda ölkə başçısının qeyd etdiyi kimi bizə müttəfiq və dost ölkələr olan Türkiyə ilə İsrail arasında birinci dəfə pozulmuş münasibətlərin normallaşması üçün Azərbaycan necə vasitəçilik edibsə, hazırda da həmin missiyanı davam etdirməkdədir. Bundan əvvəl eyni vəzifənin öhdəsindən layiqincə gələrək qardaş ölkədəki "təyyarə böhranı"ndan sonra Rusiya ilə Türkiyə arasında dərinləşməkdə olan ixtilafın sonlandırılması və iki ölkə münasibətlərinin yaxınlaşdırılmasında, biri-birini anlayan tərəfdaş kimi yollarına davam etməsində öz tarixi rolunu uğurla başa çatdırmışdı.
Ölkə başçısının forumda xatırlatdığı kimi 44 günlük Vətən Müharibəsindən dərhal sonra qalib tərəf olmamıza baxmayaraq, Ermənistanla sülh sazişinin imzalanmasının təşəbbüskarı da məhz Azərbaycan tərəfi olmuşdur. Bunlar Azərbaycanın regionda uzun müddət davam etmiş münaqişəyə son qoyulmasında, regionda yeni təhlükəsizlik arxitekturasının və iqtisadi inkişaf sisteminin yaradılmasında, qalıcı sülh və sabitlik şəraitinin bərqərar olmasında maraqlı olduğumuzu təsdiq edən faktlardır.
Bununla yanaşı ölkə başçısı təcavüzkar və revanşist çağırışlara görə dünən Rusiyaya, bu gün isə Avropa Birliyinə arxalanan Ermənistana bir daha sərt xəbərdarlıq edərək xatırlatdı ki, ölkəmizə qarşı real təhlükə törətməyə qalxsa, Azərbaycan onu cəzalandıracaq.
Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin bağlanması ilə bağlı ölkəmizin haqlı tələbləri bir daha səsləndirildi. Bunlar, birincisi Ermənistan Konstitusiyasına dəyişikliklər, İkincisi də Qarabağda münaqişənin başa çatması ilə öz mahiyyətini itirmiş ATƏT-in Minsk Qrupunun qanuni şəkildə ləğvindən ibarətdir. Bu günlərdə Antalyada davam etməkdə olan IV Qlobal Diplomatiya Forumunda Ermənistanın Xarici işlər nazirinin, "Biz sülh sazişinin imzalanması ilə eyni vaxtda ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı sənədi də imzalamağa hazırıq"- deməsi, əslində Prezidentin forumda səsləndirdiyi tələbin əks-sədası kimi qəbul oluna bilər”.
Millət vəkili Forumda Azərbaycan Prezidentinin bəzi Qərb ölkələri ilə bağlı tənqidlərində tamamilə haqlı olduğunu vurğulayıb: “Qərbin Cənubi Qafqaz və ya hər hansı digər regionun işlərinə müdaxiləsi, bir dövləti digər dövlətə qarşı dəstəkləməsi ilə sabitliyi və təhlükəsizliyi təmin etmək mümkün deyil. Regionla bağlı olmayan ölkələrin proseslərə dağıdıcı şəkildə müdaxilə etməsi qəbuledilməzdir.
Ölkə başçısı xüsusi olaraq vurğuladı ki, Azərbaycan dünyanın bütün ölkələri ilə, o cümlədən Bayden-Blinken adminstrasiyasının təqsiri üzündən ən dərin böhrana uğrayan ABŞ-la da qarşılıqlı hörmət və faydalılığa əsaslanan normal münasibətlərin qurulmasında maraqlıdır və Tramp adminstrasiyası dövründə yəqin ki, hər iki tərəfin səyləri nəticəsində münasibətlərimizin yaxşılaşmasının şahidi olacağıq”.
Deputat əlavə edib ki, Ölkə başçısının forumda səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin qlobal çağırışlara verdiyi adekvat cavab, müasir siyasətin dərin analizi və milli maraqların qətiyyətli müdafiəsi baxımından çox faydalı oldu:
”Ümumiyyətlə ADA-da keçirilən Beynəlxalq Forumun, eləcə də ölkəmizin ev sahibliyi etdiyi digər nüfuzlu beynəlxalq tədbirlərin regional və qlobal miqyaslı proseslərə və cərəyan etməkdə olan mühüm beynəlxalq hadisələrə dair ölkəmizin rəsmi mövqeyinin bəyan edilməsi baxımından olduqca məqsədəuyğun və əhəmiyyətli olduğu qənaətindəyəm”