Bakı üçün yeni təklif: Ankara və Təl-Əviv razılaşdı, növbədə Tehrandır?


Son zamanlarda müşahidə edilən gərginlik fonunda Türkiyə və İsrail nümayəndələrinin Bakıda bir araya gəlməsi beynəlxalq siyasi arenada maraqla qarşılandı. Məlumata görə, görüş zamanı iki ölkənin rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı razılığa gəliblər.

Həmçinin nümayəndələr görüşün təşkili üçün Azərbaycan tərəfinə minnətdarlıqlarını bildirərək, müzakirələrin davam etdirilməsinə qərar verildiyini açıqlayıblar. Rəsmi Bakının diplomatik səyləri nəticəsində iki barışmaz rəqibin ortaq məxrəcə gəlməsi dünyanın diqqətini yenidən Azərbaycana yönəldib.

Bəzi ekspertlərin fikrincə, Azərbaycan vasitəçilik təşəbbüslərini davam etdirərək İsrail və İran arasında da danışıqların təşkilinə çalışmalıdır.

Təl-Əviv və Tehran rəsmilərinin Bakıda bir araya gəlməsi hansı meyarlara əsasən mümkün ola bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Fizuli Qurbanov deyib ki, Azərbaycan prinsipcə istənilən münaqişə ilə bağlı konstruktiv mövqe sərgiləyib və onun nizamlanması istiqamətində vasitəçilik missiyasını təklif edə bilər:

“Məsələ bundandır ki, rəsmi Bakı hər zaman sülhün, əmin-amanlığın tərəfdarı olub. Həmçinin ölkəmizin beynəlxalq münasibətlərə bağlı olması, problemlərin məhz bu əsasda həllini dəstəkləməsi mühümdür. Münaqişələrə tərəfsiz yanaşma sərgiləməyimiz uğurlu vasitəçilik üçün inam və etibar yaradır.

Azərbaycan İran ilə İsrail arasında problemlərin həll edilməsi, gərginliyin azaldılması istiqamətində müvafiq danışıqlar üçün həm təhlükəsiz məkan, həm də vasitəçilik missiyası təklif edə bilər. Bu baş tutarsa, yəni tərəflər də belə bir təkliflə çıxış edərlərsə, əlbəttə ki, uğurlu olacağına şübhəm yoxdur.”

fuzuli qurbanov
Füzuli Qurbanov

Ekspert qeyd edib ki, Türkiyə–İran münasibətlərini Türkiyə–İsrail münasibətləri ilə qarışdırmaq düzgün deyil:

“İki situasiya çox fərqlidir. Məsələn, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail rəsmiləri Suriyada arzuolunmaz insidentlərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılması ilə bağlı razılığa gəliblər. Yəni iki ölkə arasında gərginlik davam edir. Bu istiqamətdə hələlik əlavə danışıqlar barədə xəbər yoxdur.

İran ilə İsrailə gəldikdə isə, tərəflərin bir-birinə münasibəti çox kəskindir. Qəribədir ki, iki ölkə həm də bu gərginlikdən siyasi maraq naminə istifadə edir. Hər ikisinin cəmiyyəti də bir-birinə qarşı kəskin nifrət bəsləyir. Hazırda bu gərginliyin əsas səbəbi İranın uranı zənginləşdirməsi ilə bağlıdır.

Təl-Əviv Tehranın bu niyyətini öz milli və regional maraqlarına qarşı atılan addım kimi qiymətləndirir. İranın nüvə silahı əldə etmə ehtimalı İsraili ciddi şəkildə narahat edir. İsrail isə bu narahatlıqdan çıxış edərək Qərbi və ABŞ-ı İrana qarşı mövqe sərgiləməyə təşviq edir.
Belə mürəkkəb vəziyyətdə təbii ki, tərəfsiz vasitəçiyə ehtiyac var. Hesab edirəm ki, mövcud problemlərin həlli istiqamətində İran və İsrail Azərbaycana müraciət edərlərsə, bu, müsbət nəticə verə bilər.”


MANŞET XƏBƏRLƏRİ