Ayətullah Xamnəi Əliyevə nə söz vermişdi? - “Bir məsələ var, həllini tapmayıb”


“Çox çalışırdıq ki, səfərin proqramına Təbriz də salınsın. 5 günlük səfər idi. Azərbaycan Prezidenti İranda bir neçə şəhərə getdi.

Biz Təbrizi proqrama salırdıq, İran tərəfi çıxarırdı. Axırda proqrama salınmadı. İlk gün, axşam İranın Ali dini rəhbəri Əli Xamnəi qeyri-rəsmi görüşə dəvət elədi. Görün Heydər Əliyev necə böyük ustalıqla, diplomatik yolla İranın Ali dini rəhbərinə irad tutdu”.

Turkustan.az xəbər verir ki, bunu RTV-yə müsahibəsində Prezident Aparatı Katibliyinin keçmiş rəhbəri Eldar Namazov deyib.

O, Heydər Əliyevin Təbrizə səfər etmək üçün Xamnəiyə müraciətinin tarixçəsini danışıb:

“Xamnəi ondan necə gəldiyini, rahat olub-olmadığını soruşdu. Heydər Əliyev dedi ki, çox razıyam, çox sağ olun, hər şey yaxşıdır, bircə məsələ var, öz həllini tapmayıb. Xamnəi soruşdu, nə məsələdir? Prezidenti dedi ki, İranda bir kiçik qəsəbə var, Xamnə, Təbrizin girişindədir. Çoxdankı arzumdur ki, o qəsəbəyə səfər edim.. Xamnəyə getmək üçün gərək mütləq Təbrizə gedəsən.

Heydər Əliyev əlavə etdi ki, o qəsəbədə Azərbaycan tarixində çox mühüm rol oynayan görkəmli şəxsiyyətlər dünyaya gəlib. Həm də özünə işarə edirdi ki, Xamnəinin özü də əslən o qəsəbədəndir.

İranın Ali dini rəhbəri özünü saxlaya bilməyib gülməyə başladı. Sonra dedi ki, sizə söz verirəm, növbəti səfərinizdə özüm sizi həmin qəsəbəyə aparacam.

Prezidentin İrana ikinci səfəri zamanı artıq onun köməkçisi deyildim. Bildiyimə görə, İranın Ali dini lideri həmin mövzunu qapatdı ki, elə bir söz verməmişəm”.

Xatırladaq ki, Heydər Əliyevin İrana son səfəri 2002-ci ildə olub. Mayın 20-də Azərbaycan Prezidenti Tehrana rəsmi səfəri başa çatıb.

Jurnalistlərin suallarını cavablandıran dövlət başçısına belə bir sual da verilib: “Cənab Prezident, İran tərəfi ikinci dəfədir Sizin rəsmi səfərinizin proqramına Təbrizi ziyarət etməyi salmayıbdır. Bunu necə qiymətləndirirsiniz?”

Cavab: Yox, bu düzgün deyildir. Mən bu dəfə Təbrizə özüm getmək istəmədim. Çünki hesab etdim ki, Tehrandan kənara çıxmamalıyıq. İşlərimizi Tehranda görməliyik. Onlar mənə Təbrizi, Ərdəbili təklif etmişdilər. Amma mən özüm getmədim.


MANŞET XƏBƏRLƏRİ