Ersin Tatardan İlham Əliyevə təşəkkür


Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni Dünya Nizamına Doğru” adlı beynəlxalq forumda səsləndirdiyi bəyanatı məmnuniyyətlə qarşıladığını bildirib.

Bu barədə Modern.az-a Şimali Kipr Prezidentinin müşaviri məlumat verib.

“Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı bizləri son dərəcə məmnun edib. Azərbaycan Prezidenti İlham Əliyevə Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi bu güclü dəstəyə görə təşəkkür edirəm.

Azərbaycan ilə aramızdakı könül birliyinin, ortaq dəyərlərin və eyni millətin ayrılmaz bir parçası olaraq münasibətlərimizin daha da inkişaf etməsi bizi sevindirir.

Prezident İlham Əliyevə bu bəyanatına görə bir daha təşəkkür edir, qardaşlıq və əməkdaşlığımızın əbədi olmasını diləyirəm.”

Qeyd edək ki, Prezident İlham Əliyev də Bakıda bu gün keçirilən konfrans zamanı Şimali Kipr məsələsinə toxunub. Prezident deyib ki, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.

"Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı", - dövlət başçısı qeyd edib

Dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanın siyasəti hər zaman aydın olub: “Biz hər zaman qardaşlarımızın yanındayıq. Bizim siyasətimiz hər zaman aydın olub. Bizim bu sahədə hər hansı başqa gündəliyimiz yoxdur. Biz yalnız qardaşlarımıza necə kömək edə biləcəyimiz haqda düşünürük ki, onlar öz dövlətlərini qoruyub saxlaya bilsinlər. Onlar buna tarix və əməlləri baxımından layiqdirlər".

Vaxtilə BMT-nin Baş katibi tərəfindən referendum elan edilən zaman Türkiyə Kiprinin birləşməyə, yunan Kiprinin nümayəndələrinin isə bunun əleyhinə səs verdiklərini xatırladan Prezident qeyd edib: “Baxın, nə baş verdi? Yunan Kipri Avropa İttifaqına üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.


MANŞET XƏBƏRLƏRİ