Azərbaycan əsilli prezident Bakıya gəlir - İlk rəsmi səfərin detalları


İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana bu ay baş tutacaq səfərindən gözləntilər çoxdur. Son dövrlər Azərbaycanla İran arasında yaşanan gərginliyin aradan qaldırılması üçün addımlar atılır. Bu proses helikopter qəzasında vəfat edən İranın sabiq prezidenti İbrahim Rəisinin hakimiyyətinin son dövrlərindən başlayıb.

Bu sözləri Teleqraf-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov İran prezidentinin Bakıya gözlənilən səfərini şərh edərkən deyib.

“Xarici qüvvələrin təsiri ilə İranın daxilindəki dairələr Azərbaycanla münasibətləri pozmağa çalışırdı. Yaxşı ki, İrandakı sağlam qüvvələr prosesin qarşısını aldı. Pezeşkianın səfəri də böhranın aradan qaldırılmasına xidmət edəcək”, - o qeyd edib.

Sabiq nazir, həmçinin səfər çərçivəsində Zəngəzur dəhlizinin də gündəlikdə olacağını bildirib: “Dəhliz İran üçün əlavə iqtisadi imkanlar yarada bilər. Uzun müddət İranın iqtisadi maraqlarına xidmət edəcək layihəyə qarşı çıxması məntiqli deyil. Bu, eyni zamanda Azərbaycan-İran münasibətlərinə müsbət təsir edəcək. Hər iki tərəf əlavə dividendlər əldə edəcək”.

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Ceyhun Məmmədov Bakı-Tehran münasibətlərinin yeni mərhələyə daxil olduğunu bildirib.

Deputat Pezeşkianın Azərbaycana səfərinin xüsusi önəm kəsb etdiyini söyləyib: “İki ölkə arasında ortaq, tarixi və sarsılmaz dəyərlər var. Azərbaycan böyük qonşusu kimi İranla münasibətlərdə gərginliyin olmasını istəmir. Bu baxımdan da baş tutacaq səfər əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Bununla da əlaqələr yeni dövrə daxil olacaq, münasibətlərin inkişafı müşahidə ediləcək. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi hazırkı dövrdə ikitərəfli əlaqələrin inkişafı bir sıra aspektdən önəmlidir”.

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, İran prezidentinin Azərbayacana bu ay baş tutacaq səfərindən müsbət gözləntilər var.

O, Azərbaycan əsilli İran prezidentinin Bakıya ilk səfərinin detallarına toxunaraq qeyd edib: “İki ölkə arasında münasibətlərin normallaşmasına zərurət var. Pezeşkiana Azərbaycanda və İran azərbaycanlıları arasında simpatiya mövcuddur. Onun hansısa islahatlar apara biləcəyi gözləntiləri də çoxdur. Amma hadisələrin gedişi göstərir ki, bir sıra məsələlərdə İran konstitusiyası ölkə prezidentinin əl-qolunu bağlayır. Faktiki olaraq İran xalqının seçdiyi prezidentə 5-6 mollanın seçdiyi ali dini lider tərəfindən diqtə edilir. Pezeşkianın səfəri normal keçsə belə, İrandakı mühafizəkar dairələr Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verməklə münasibətlərin üzərindən yenə də xətt çəkə bilərlər”.

Politoloq ABŞ-İran gərginliyi fonunda Pezeşkianın Bakı səfərinə də diqqət çəkib: “ABŞ İrana təzyiqi artırsa da, Azərbaycana bu məsələdə təsir edə bilməz. Ağ Evin Bakıya “İranla niyə normal münasibətlər qurursan” deməyə ixtiyarı yoxdur. Bu, Bakının müstəqil qərarıdır. Azərbaycanın hər bir dövlətlə yaxşı münasibətləri var. İranla münasibətləri gərgin olan ABŞ və İsraillə də Bakı yaxşı əlaqələrə malikdir. Sadəcə, Azərbaycanın da iştirak etdiyi Şimal-Cənub Nəqliyyat Dəhlizi məsələsində ABŞ-nin təsir imkanları böyükdür”.


MANŞET XƏBƏRLƏRİ