Səxavət Məmməd: “Məlumatlar onu göstərir ki, Ermənistan hərbi addımlar atmağa hazırlaşır”
Ermənistan ordusu Azərbaycanla şərti sərhəddə təxribatlarını genişləndirir. Azərbaycan Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda qeyd edilib ki, martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib. Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb.
Qeyd olunub ki, bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.
Nazirliyin bu gün yaydığı məlumata görə isə martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Ermənistanın təxribatçı addımlarının səbəbləri haqqında AYNA.AZ-a danışan hərbi jurnalist və ekspert Səxavət Məmməd deyib ki, şərti sərhəddə ermənilər əvvəllər sadəcə atəşkəsi pozurdular, indi dronlardan istifadə edirlər:
- Havaların isinməsi, dumanın çəkilməsi ilə dronların kəşfiyyat uçuşu aparması, çəkilişlər həyata keçirməsi asanlaşıb. Bundan əlavə, nəzərə almaq lazımdır ki, soyuq havada dronların batareyaları daha tez bitir, isti havada isə batareyalar daha çox müddət dronu havada saxlaya bilir. Artıq Ermənistan tərəfinin dronlarla kəşfiyyat aparması bununla bağlıdır. Təxribatlar isə hər zaman aktualdır. Gözlənilirdi ki, aprel ayında şərti sərhəddə təxribatlar artacaq, vəziyyət daha da gərginləşəcək. Bu ay ermənilərin atəşkəsi pozacağı proqnozlaşdırılan idi. Ona görə də, bu, təəccüblü görünməməlidir.
İndiki mərhələdə Ermənistan tərəfinin bu cür addımlar atması Azərbaycan Ordusunun hərəkətliliyini, dislokasiyasını öyrənmək məqsədi daşıyır. Ermənistan Azərbaycan Ordusu ilə bağlı bilmədikləri nə varsa, öyrənməyə çalışırlar. Ən azı vizual görüntülərə uyğun qərarlar vermək istəyirlər. Hesab edirəm ki, bunu Ermənistan tərəfinin hazırlıq mərhələsi adlandırmaq olar.
- Qarşı tərəf nəyə hazırlaşır?
- Faktiki olaraq, görünən odur ki, Ermənistan genişmiqyaslı təxribatlara, toqquşmalara hazırlaşır. Bu gün başqa bir məlumat var idi ki, latviyalı pilotlar Ermənistan pilotlarına hərbi təyyarələrlə təlim keçirlər. Bundan əvvəl də erməni hərbi birliklərinin təlimlər keçməsi barədə məlumatlar verilib. Onlar müəyyən istiqamətlərdə hərbi texnikalar yerləşdirirlər. Kəşfiyyat bölmələrinin sayını artırırlar. Müəyyən istiqamətlərdə, xüsusilə də Zəngəzur dəhlizinin keçəcəyi ehtimal olunan ərazilərə həmin bölmələri yerləşdirirlər. Eyni zamanda, şərti sərhəd istiqamətində radarlar quraşdırırlar, Azərbaycanın hava məkanında nələrin baş verdiyini müəyyənləşdirmək üçün addımlar atırlar. Bütün bu məlumatlar onu göstərir ki, Ermənistan hərbi addımlar atmağa hazırlaşır.
- Yəni demək istəyirsiniz ki, yeni müharibə ehtimalı böyükdür?
- Bilirsiniz, Cənubi Qafqazda baş verən proseslər təkcə Ermənistan və Azərbaycandan asılı deyil. Ona görə də, hərbi variant bəzən arxa plana keçirilir, müəyyən məqamda isə qabardılır. İndiki mərhələdə görünən odur ki, bölgədə gərginlik yaranması ehtimalı çoxdur. Ən azından İran ətrafında baş verə biləcək təhlükəli hadisələr ehtimalı var. Əgər regionda yanğın varsa, bunun mütləq şəkildə təsirləri bi hər bir region ölkəsinə olacaq. İndi baş verənlər təkcə Ermənistan və Azərbaycan məsələsi deyil, bütövlükdə bölgə uğrunda gedən mübarizənin tərkib hissəsidir. Düşünürəm ki, Cənubi Qafqazla bağlı böyük güclərin qərarından çox şey asılı olacaq. Açıq demək lazımdır ki, bu gün Cənubi Qafqaz uğrunda Rusiya, ABŞ, Avropa, Türkiyə, İranın mübarizəsi gedir. Gərginliyin artması həm də mübarizənin qızışdığının göstəricisidir. Bu mübarizədə hansı güc qalib gələcəksə, onun bölgə ilə bağlı strategiyasına, planlarına uyğun hadisələrin cərəyan edəcəyini gözləmək lazımdır.
Yenə deyirəm, proqnozlar belədir ki, aprel ayında vəziyyət gərginləşəcək. Bunun işartıları da artıq sezilir. Ona görə də, hesab edirəm ki, müharibə olmasa da, aprel-may aylarında hərbi toqquşmaların baş verməsi mümkündür.