“Gümrüdə keçirilən bələdiyyə seçkilərində əsas namizədlərdən birinin Türkiyədə iqamətgahı var”.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məqaləsində qeyd olunur.
Nəşr yazır ki, həmin şəxsin tanınmış erməni siyasətçi Suren Surenyantsın sədri olduğu Demokratik Alternativ Partiyasının seçkidəki iştirakçı siyahısına rəhbərlik edən bitərəf namizəd Artyom Qazaryan olduğu güman edilir.
Məlumata görə, onun Türkiyədə bir neçə qonaq evi var və tez-tez onlara baş çəkir. Qəzet Surenyantsa həmin şəxsin onların namizədi olub-olmaması barədə sual ünvanlayıb. Maraqlıdır ki, o, iddiaları təkzib etməyib və Qazaryanın şəxsən bu məsələyə münasibət bildirəcəyini deyib.
Belə ki, Artyom Qazaryanın əvvəllər yükdaşıma işləri ilə məşğul olduğu vurğulanıb. Onun yaxın günlərdə keçirəcəyi mətbuat konfransında bütün sualları cavablandıracağı açıqlanıb.
Qeyd edək ki, Gümrüdə keçirilən bələdiyyə seçkilərinin son günü 28 martdır. Seçkilərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın komandası da iştirak edir. İrəvandakı bələdiyyə seçkilərindən sonra Gümrünün Paşinyanın ikinci ən böyük hədəfi olduğu, burada qalibiyyət əldə etmək üçün bir sıra tədbirlər gördüyü bildirilir.
Müxalifətin Paşinyanı Bakı və Ankara ilə yaxın əlaqələr qurmaqda ittiham etməsinə baxmayaraq, özlərinin əsas namizədlərindən birinin tez-tez Türkiyəyə baş çəkməsi və bu ölkədə iqamətgahlarının olması isə birmənalı qarşılanmayıb. /globalinfo.az/