Azərbaycanın narahatlığına Türkiyə nöqtə qoydu


Bəzi mətbuat orqanlarında “Türkiyədən gözlənilməz addım: Ermənilərlə sərhəd açıldı, Bakı xəbərsiz qaldı” başlığı ilə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda bildirilib.

Vurğulanıb ki, “Alican” (“Marqara”) sərhəd-keçid məntəqəsi yalnız Ermənistandan Suriyaya çatdırılacaq humanitar yardım karvanının Türkiyədən gedib-geri qayıtmasını təmin etmək üçün açılıb:

“Nazirlər Şurasının 1992-ci ildə qəbul etdiyi qərara əsasən, “Alican” sərhəd-keçid məntəqəsinə yalnız humanitar yardım daşımaları üçün müvəqqəti sərhəd qapısı statusu verilib. Ermənistana məxsus 4 TIR-dan ibarət humanitar yardım karvanı “Hatay/Cilvegözü” sərhəd-keçid qapısı vasitəsilə Suriyaya humanitar yardım çatdırmaq üçün İğdır vilayətindəki “Alican” sərhəd-keçid məntəqəsindən keçib (21 martda -red). Sözügedən yük maşınları eyni marşrutla Ermənistana qayıdacaq.

Qeyd edək ki, “Alican” sərhəd-keçid məntəqəsi 6 fevral 2023-cü ildə Türkiyədə baş verən zəlzələdən sonra da açılıb. Belə ki, Ermənistan tərəfindən göndərilən humanitar yardımları daşıyan yük maşınları iki ayrı konvoyda müxtəlif tarixlərdə 2 dəfə eyni qapıdan girib-çıxıb.

Digər tərəfdən, “Alican” sərhəd-keçid məntəqəsi 30 iyul 2024-cü il tarixində normallaşma prosesi ilə bağlı xüsusi nümayəndələr tərəfindən ümumi sərhəddə keçirilən beşinci raund danışıqları çərçivəsində qarşılıqlı piyada keçidləri üçün istifadə edilib. Bundan əlavə, Türkiyə-Ermənistan sərhəd komissiyalarının sərhəd məsələləri ilə bağlı keçirdiyi müntəzəm görüşlər çərçivəsində də bu qapıdan istifadə edilir”.

Qeyd edək ki, 21 martda açılan Türkiyə-Ermənistan sərhəd qapısının 31 marta - yük maşınları eyni marşrutla geri qayıdana qədər açıq olacağı bildirilib.

Xatırladaq ki, Türkiyə Ermənistanın işğalçılıq siyasətinə görə 1993-cü ildə Ermənistanla sərhədi bağlayıb. Ermənistanla sərhədin açılması danışıqları İrəvanın Azərbaycanla münasibətləri normallaşdırması ilə paralel aparılır.

Azərbaycan və Türkiyə mediası humanitar yardım bəhanəsi ilə Ermənistanın Türkiyə ilə sərhəd qapısını açıq saxlamağa çalışacağından narahatlığını ifadə etmişdi. /axar.az/


MANŞET XƏBƏRLƏRİ