Xəbər verdiyimiz kimi, ötən gün İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu korrupsiya işi ilə bağlı həbs edilib. O, Silivri cəzaçəkmə müəssisəsinə göndərilib. İmamoğlunun həbsindən sonra Türkiyədə günlərdir davam edən etirazlar daha da şiddətlənib.
Türkiyəli yazıçı, jurnalist Cem Küçükün baş verən hadisələrlə bağlı Globalinfo.az-a müsahibəsini təqdim edirik:
– Cem bəy, Əkrəm İmamoğlu barədə həbs qərarına münasibətinizi öyrənmək istəyərdim
– Onun həbsinə normal baxıram. Çünki rüşvət iddiaları aşkardadır və MASAK-ın hesabatları da ortadadır. Medya A.Ş., Kültür A.Ş., İSFALT SPOR A.Ş. yol verdiyi qorxunc rüşvətxorluq halları üzə çıxıb. Elan edilən tenderlərdən ilk ödəmələr İmamoğlunun şirkətlərinə köçürülüb. Bu səbəbdən onun həbsi yerində verilmiş bir qərardır. Həmçinin, hesab edirəm ki, o, “terror” ittihamına görə də həbs olunmalı idi. Çünki İstanbulda xüsusilə də DHKP-C və PKK-lı terrorçular Cümhuriyyət Xalq Partiyasında (CHP) özlərinə kifayət qədər yer ediblər.
– Ə. İmamoğlunun həbs olunması Türkiyədə daxili siyasətə necə təsir edəcək?
– Bu məsələ Cumhuriyyət Xalq Partiyasına təsir göstərəcək. CHP-nin lideri Əkrəm bəy idi, amma indi həbsxanadadır. Bu son hadisələrdən sonra Özgür Özəl partiyanın sədri vəzifəsində özünü sığortalamış oldu. Aprelin 6-da keçiriləcək qurultayda Kamal Kılıçdaroğlu və ya başqa bir namizəd çıxsa belə, Özgür Özəl sədr olaraq qalacaq. Əsas sədr, əlbəttə, Əkrəm İmamoğludur, prezidentliyə namizəd də o olacaq. Bu baxımdan ötən gün CHP-nin prezidentliyə namizədi müəyyən etmək üçün keçirdiyi ilkin seçkilərin demokratik olduğunu demək də mənasızdır, çünki tək namizəd var. Partiyadakı vəziyyət aydındır.
– Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra CHP sədri Özgür Özəl partiyaya “qəyyum təyin edilməsi” ehtimalını aradan qaldırmaq üçün aprelin 6-da fövqəladə qurultay keçirməyə qərar verdiyini açıqladı. Özəl Qurultayda namizəd ola biləcəyini də deyib. Fövqəladə qurultay qərarı ilə bağlı nə düşünürsüz?
– CHP-nin 6 apreldə qurultay keçirmək qərarı almasının səbəbi partiyanın qəyyum təyin etməməsi üçündür. Çünki 2023-cü ilin noyabrında keçirilən qurultay ilə bağlı partiyaya qəyyum gələcəyi iddiası vardı. CHP onun qarşısını almaq üçün qəyyumla məsələsinə görə qərar verdi. Amma indi məhkəmənin qərarına baxmaq lazımdır, eləcə də Ali Seçki Şurasının qurultayın keçirilməsi barədə icazəsinə ehtiyac var. Əkrəm bəy istisna olmaqla, Özgür bəy namizəd ola bilərmi? Çünki bəzi iddialara görə, 2023-cü ildəki qurultayın nəticəsinə əsasən, Özgür bəy və ya Əkrəm bəy namizəd ola bilməz, amma mən elə düşünmürəm. Özgür bəy namizəd kimi CHP-nin yeni sədri olacaq.
Cem Küçük
– CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu partiyanı dəstəkləyən açıqlama verib. Kılıçdaroğlunun namizədlik ehtimalı ilə bağlı idarə heyəti “İnşallah namizəd olar” fikrini mənalı şəkildə ifadə etdi. Məlumata görə, Kılıçdaroğlu bu mövzuda qərarını öz komandası ilə birlikdə qiymətləndirir. Kılıçdaroğlunun namizəd olma ehtimalını necə dəyərləndirirsiz?
– Fikrimcə, Kamal bəyin CHP-də işi başa çatıb. Dünən səsverməyə getdiyi zaman da partiya üzvlərinin ciddi reaksiyası ilə qarşılaşdı. CHP-nin 2023-cü il prezidentliyə namizədi idi. Hər kəs qazanacağını düşünürdü, amma məğlub oldu. Partiya üçün Kamal Kılıçdaroğlu səhifəsinin bağlandığını düşünürəm.
– İstanbul və Ankarada meydana gələn küçə iğtişaşları davam edir. Etirazlarda bəzi təxribatlarçıların polisə hücum etdiyi açıqlanıb. Belə ki, İstanbulda Saraçhanedə icazəsiz nümayiş keçirən bir qrup şəxs polisə turşu ilə hücum edib. Həmçinin Ankarada maskalı şəxslərin balta və vintaçan ilə hücumu nəticəsində bir polis əməkdaşı yaralanıb. Bu barədə nə deyə bilərsiz?
– Küçə etirazlarına xüsusilə universitet tələbələrinin çıxarılması düzgün deyil. Çünki bu, bir siyasi partiyanın bələdiyyə işi ilə bağlı məsələdir. Belə olan halda tələbələri siyasiləşdirmiş olursunuz. Bu da Türkiyədə qarışıqlığa gətirib çıxara bilər. CHP üzvlərinin küçəyə çıxmasını anlayıram, amma o müddətdə dağıntıya yol vermək olmaz. Dünənki görüntülərdə bir polisimizə turşu atılmışdı. Yenə başı qanayan, daş atılan polislər oldu. Bunlar çox yanlış hərəkətlərdir. Amma CHP-nin tarixində bu cür dağıntılar törətmək, küçəyə çağırmaq, vəziyyəti gərginləşdirmək vardır. Həmin siyasəti eynilə davam etdirirlər, ancaq cəmiyyət buna heç də müsbət yanaşmır.