ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müzakirələr intensivləşib. Bakı ilə İrəvan arasında razılaşmada ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyi vurğulanıb. Ermənistan ötən gün artıq prosesin başladığını açıqlayıb.
Məlumata görə, ATƏT-in icmal büdcəsində Minsk Qrupu üçün hər il 911 200 ABŞ dolları vəsaitin ayrılması nəzərdə tutulub.
Son illərdə faktiki xərclər nəzərəçarpacaq dərəcədə fərqli olub. 2018-ci ildən bəri bu qrupun fəaliyyəti üçün ayrılan vəsait hər il dəyişib.
2019-cu ildə Minsk Qrupu faktiki olaraq 366 553 dollar xərcləyib. 2020-ci ildə bu rəqəm 716 955 dollara yüksəlib. Xüsusilə 44 günlük müharibənin baş verdiyi həmin il Minsk Qrupu üçün ayrılan xərclərin ən yüksək həddə çatması diqqət çəkir. 2021-ci ildə isə bu məbləğ 328 423 dollar olub ki, bu da əvvəlki illərlə müqayisədə xeyli azdır.
Son illərin statistikasına baxsaq, Minsk Qrupunun xərclərinin artıb-azalması onun fəaliyyətinin səmərəliliyi ilə bağlı suallar doğurur. ATƏT-in 2022-2024-cü illər üçün icmal büdcəsi barədə dərc edilmiş hesabat hələlik mövcud deyil.
Xatırladaq ki, Minsk Qrupunun tarixi 1992-ci ilə gedib çıxır. Həmin ilin martın 24-də Helsinki şəhərində ATƏM-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilirdi. Görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü ildə ATƏT-in Budapeşt şəhərində keçirilən Zirvə Görüşündə həmsədrlik institutu yaradıldı.
Ancaq yaradılmasından keçən 30 ilə yaxın müddət ərzində Minsk Qrupu münaqişənin həllinə nail ola bilməyib. 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə Minsk Qrupunun fəaliyyətinə de-fakto son qoyulub. Buna baxmayaraq qrup de-yure qalmaqdadır./modern.az