“Rusiya ilə Azərbaycan arasında 1993-cü ildən bəri anlaşma mühiti formalaşıb. Bu da həmişə özünü iqtisadi, siyasi əməkdaşlıqda göstərib”.
Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Mütəllim Rəhimli Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Bakıya rəsmi səfərini şərh edərkən deyib.
O xatırladıb ki, ötən ilin dekabrında baş verən məlum təyyarə qəzasından sonra tərəflər arasında gərginlik yaranıb:
“Rusiyanın AZAL-a məxsus təyyarəni vurması və insan ölümləri haqlı narazılıq doğurmuşdu. Hadisə anlaşmazlıq ucbatından olmuşdusa, təyyarənin yaxın hava limanlarından birinə enişinə şərait yaradılmalı idi. Lakin Moskvanın açıq-aşkar sərnişinlərin məhv edilməsinə səy göstərdiyi üzə çıxdı. Bu da Rusiyanın günahını etiraf etməsini şərtləndirirdi, amma əksini gördük. Nəticədə iki ölkə arasında müəyyən soyuqluq yarandı. Azərbaycanın Rusiyaya qarşı hər hansı əsassız iddiası yoxdur. Sadəcə, üzr istənilməsi və müvafiq kompensasiya ödənilməsini tələb edirik”.
Mütəllim Rəhimov
Ekspert bildirib ki, Rusiya Azərbaycan kimi strateji mövqeyə malik ölkəni itirmək istəmir:
“Moskva anlaşmazlıqları aradan qaldırmaq üçün mümkün olan hər şeyi edəcək. Lakin fikrimcə, Valentina Matviyenkonun ölkəmizə səfəri bununla əlaqəli olmaya da bilər. Çünki hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması həyata keçirilməlidir. İndi razılaşmanın məkanı əsas müzakirə predmetidir. Ola bilər ki, Matviyenko səfəri zamanı bunun üçün öz ölkəsini təklif etsin”.