Putin və dostlarının Əliyevə təcili zəngi – Rusiya liderinin planı nədir?


Xəbər verdiyimiz kimi, martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər.Vladimir Putin dövlətimizin başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib. Bakı-Moskva gərginliyi fonunda bu zəngin baş tutması diqqət çəkir.

Liderlərin Prezident İlham Əliyevə zəng etməsinin səbəbi nədir?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, son vaxtlar Azərbaycan və Rusiya arasında müəyyən problemlərin olduğu hər kəsə məlumdur:

“Azərbaycanın sərnişin təyyarəsinin vurulmasından sonra baş verənlər Rusiyanın beynəlxalq normalara uyğun davranmaqdan yayındığını göstərir. Ola bilsin, münasibətlərin qəliz olduğunu nəzərə alan Vladimir Putin daha iki dostu yəni, Emoməli Rəhmon və Aleksandr Lukaşenko ilə birlikdə İlham Əliyevə zəng etmək qərarına gəlib. Rusiya prezidenti Azərbaycan liderinin onunla məsafəli davranacağını nəzərə alıb”.

elcin

E.Xalidbəyli bildirib ki, rəsmi Bakının Kremldən narazı olduğu qətiyyən şübhə doğurmur:

“Bu narazılıq da kifayət qədər dərinləşib. Belə bir situasiyada Putinin birbaşa Prezident İlham Əliyevə müraciət etməsi münasibətlərdəki mövcud problemləri, o cümlədən AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsinə səbəb ola bilərdi. Belə kollektiv zəng sayəsində Putin sözügedən ehtimaldan özünü yayındırmağı hədəfləyib”.

Politoloq qeyd edib ki, Putinin bu cəhdinə rəğmən, rəsmi Bakı Rusiyadan məsuliyyəti üzərinə götürüb öhdəliklərə əməl etməyi gözləyir:

“Rusiya AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı beynəlxalq hüquq çərçivəsində məsuliyyət daşımalı olacaq”.


MANŞET XƏBƏRLƏRİ