Mən müsahibədə verdiyim sözü tutub siyasətdən getmişəm - Zərdüşt Əlizadə


Sosial şəbəkədə politoloq Zərdüşt Əlizadənin Azərbaycan Sosial-Demokrat Partiyasının sədri olduğu vaxtlarda verdiyi müsahibənin şəkli paylaşılıb. Z.Əlizadə qəzetlərdən birinə verdiyi müsahibədə Qarabağla bağlı məsəlinin Azərbaycanın xeyrinə həll olunacağı təqdirdə siyasətdən gedəcəyini deyib: "Qarabağ məsələsi xeyrimizə həll olunan dəqiqədən siyasətdən gedəcəyəm".

Modern.az-ən əməkdaşı sözügedən müsahibəni Zərdüşt Əlizadənin yadına salaraq, ondan bu barədə açıqlama verməsini istəyib.

Politoloq saytımıza açıqlamasında həmin fikri niyə səsləndirdiyinə aydınlıq gətirib:

"Yenidənqurna başlayanda Azərbaycan nomenklaturası öz vəziyyətindən çox razı idi. Ölkənin sürətlə tənəzzülünə uğramasına laqeyd baxırdı. Qarabağ münaqişəsinin başlaması zəlzələ kimi bu prosesə təkan oldu. Hesab edirdim ki, nomenklatura maraqları tərpənmək niyyətində deyil. Mütləq xalqı təşkilatlandırıb onlara aşağıdan təsir etmək lazımdır ki, hər hansı islahatlara getsinlər. Açığı deyim ki, SSRİ-nin çökməsini istəmirdim, sovet vətənpərvəriydim. Hesab edirdim ki, Azərbaycan SSRİ daxilində geniş imkanlara malikdir. Onu demək kifayətdir ki, Sovet Azərbaycanı dünyanın 67 ölkəsinə cihaz və təchizat satırdı. İndi yalnız neft və qaz, bir də xiyar-pomidor satırıq.

O zaman imkan vardı ki, Sovet İttifaqı yenilənsin, demokratikləşmə getsin, azad seçki olsun, Azərbyacan SSRİ daxilində geniş miqyasda müstəqilliyini qorusun. Amma məlum oldu ki, nomenklatura maraqları ümumxalq mülkiyyətini yağmalamaq, şəxsi mülkiyyətə çevirməkdir. Onları xalq, elmi tərəqqi maraqlandırmırdı. Maraqlarına çatmaq üçün də xalq hərəkatının daxilinə casuslarını saldılar. O zaman hesab edirdim ki, demokratiya ümidi getdi öz işinə, yalnız Qarabağın qaytarılması məsələsi qalıb. Buna görə də dedim ki, Qarabağ qaytarılsa, ümumiyyətlə, siyasətdən gedəcəm".

Z.Əlizadə verdiyi sözün üstündə durduğunu, hələ 2000-ci ildən siyasətdən getdiyini deyib:
"Mən və bir neçə yoldaşım Azərbaycan Sosial-Demokrat Partiyasını tərk edib siyasətdən getmişik. Başlamışıq öz adi vətəndaş həyatımıza. Ancaq vətəndaş kimi öz xidmətlərimizi davam etdirmişik. Mən jurnalist kimi, eləcə də ekspert kimi müxtəlif beynəlxalq tədbirlərdə iştirk etmişəm. Amma siyasətlə məşğul olmamışam. Siyasətçinin vəzifəsi nədir - siyasi fəaliyyət nəticəsində bariz dövlət vəzifəsinə gəlmək. Mənim vəzifə istəyim olmayıb. 7-8 dəfə mənə vəzifə təklifləri olsa da, bundan imtina etmişəm. Çünki mən hakim zümrəyə daxil olmaq fikrindən uzağam. Mən siyasətdən getmişdim, amma ictimai fəaliyyətdən getməməşdim. Sülhpərvərliklə məşğul idim. Onlarla beynəlxalq tədbirlərdə erməni, avropalı, amerikalı həmkarlarımla Qarabağ məsələsini müzakirə edirdik. 2000-ci ildən sonra Aland adalarına Azərbaycanın ictimai fəalları ilə birlikdə səfər etmişəm. Dünyanın müxtəlif ölkələrində - ABŞ-da, Avropada ermənilərlə görüşüb, onlara Qarabağın qansız-qadasız, müharibəsiz qaytarılması, eyni zamanda Azərbaycandakı erməni əsilli vətəndaşlarımıza yüksək təhlükəsizlik zəmanətinin təmin edilməsi təkliflərini vermişəm, razılaşmayıblar. Mən həmişə demişəm ki, ermənilər faydalı tədbirləri itirmək üzrə dünya çempionudular. İndi Qarabağda erməni qalmayıb. Biz ermənilərə Qarabağda qalıb ləyaqətli yaşamağı, birgəyaşayışın formulunu tapmağı təklif edirdik. Deyirdik ki, azərbaycanlılarla ermənilər nə üçün bir yerdə yaşamasınlar? Amma bu düşüncələr onlara çatmadı".

Yenidən siyasi fəaliyyətə qayıtmaqla bağlı düşünüb-düşünmədiyini soruşduqda, Zərdüşt Əlizadə belə cavab verib:

"Mən 1946-cı ildə anadan omuşam, 79 yaşım var. 79 yaşında qoca kişinin siyasətə qayıtması ağlabatandır?"

Politoloqa ABŞ Prezidenti Donald Trampın 78 yaşı olduğunu xatırlatdıqda, o deyib:

"Tramp başdanxarabdır. Mən ciddi və özünə hörmət edən adamam. Trampın nəfsi, natamamlıq kompleksi var, özünü göstərmək istəyir. Məndə kiməsə nəyisə sübut etmək, özünü göstərmək, qürrələnmək olmayıb".


MANŞET XƏBƏRLƏRİ