İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var?


Rəsmi İrəvan növbəti dəfə Azərbaycanla sülh prosesini manipulyasiya edir.

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın açıqlaması Nikol Paşinyan hakimiyyətinin sülh sazişi ilə bağlı Azərbaycanın tələblərini yerinə yetirmək istəmədiyini göstərir.

Qeyd edək ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin 17 bəndindən 15-nin razılaşdırıldığını bildirir. Yalnız iki bənd üzrə tərəflər ortaq mövqeyə gələ bilmir. Onlardan biri Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, digəri isə Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyin yerinə yetirilməsidir.

Lakin Ruben Rubinyan bu məlumatı təkzib etməklə konstitusiyadan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini nəzərdə tutan preambula hissəsinin çıxarılmayacağına işarə edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 19-da xalqa “ideoloji müraciət” edərək konstitusiyanın dəyişdirilməsinə ehtiyac olduğunu deyib.

Bundan sonra Ermənistan Konstitusiyasının yeni mətnində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer almayacağına dair rəylər artmağa başladı. Hətta Ermənistanın ədliyyə naziri Srbuhi Qalstyan jurnalistlərə açıqlamasında Azərbaycanın etiraz etdiyi preambula hissəsinin çıxarılacağını dolayısı ilə təsdiqlədi.

Bu isə artıq konstitusiyanın dəyişdirilməsi ilə bağlı tərəflərin razılaşdığına dair qənaəti daha da möhkəmlədib.

Eyni zamanda, Ermənistan mediası İrəvanla Bakı arasında Azərbaycanın qərb hissəsindən Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə maneəsiz hərəkətin təmin edilməsinə barədə razılığın əldə olunduğunu yazıb.

Lakin Ruben Rubinyan mediaya açıqlamasında Ermənistan-Azərbaycan sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsindən birinin “Zəngəzur dəhlizi”, digərinin isə Ermənistan Respublikasının Konstitusiyası haqqında olması barədə iddiasına cavab olaraq bildirib ki, sülh müqaviləsində belə məqamlar müzakirə olunmur.

“Yuxarıda deyilənlər qətiyyən həqiqətəuyğun deyil. Baş nazir Paşinyan açıq şəkildə bəyan etdiyi kimi, hələ razılaşdırılmamış iki məqam sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi, digəri isə beynəlxalq hüquqi strukturlarda bir-birinə qarşı edilən şikayətlərə aiddir. Bunu rəsmi Bakı da təsdiqləyib”, - deyə Ruben Rubinyan bildirib.

Bununla da vitse-spiker konstitusiyaya dəyişiklik məsələsinin hazırda Ermənistan üçün gündəmdə olmadığını demək istəyir. Rubinyan eyni zamanda, referendum məsələsinin sülh danışıqların predmeti ola bilməyəcəyinə dair mesaj verir. Əslində, Ruben Rubinyan bu fikri ikibaşlı xarakter daşıyır. Yəni vitse-spikerin açıqlaması ilk növbədə, Ermənistan ictimai rəyinə hesablanıb. Çünki Ermənistanda revanşist müxalifət Baş nazir Paşinyanın konstitusiya islahatına getməsini Azərbaycanın və Türkiyənin tələblərinin icrası kimi təqdim edir.

Bu cür yanaşma 2026-cı ildə keçiriləcək parlament seçkilərində cəmiyyəti Ermənistan hakimiyyətinin əleyhinə səfərbər etmək üçün ciddi alət hesab edilir. Ona görə də Paşinyanın komandası referendum mövzusuna kifayət qədər həssas yanaşır və yeni konstitusiyanın qəbulunu 2027-ci ilin əvvəlinə saxlamaq istəyir.

Hazırda Paşinyan seçkilərdə qələbə qazanmaq üçün daha çox elektoratını qoruyub saxlamağa üstünlük verir. Ekspertlərin hesablamalarına görə, Nikol Paşinyan parlament seçkilərində və ümumxalq səsverməsində uğur əldə etmək üçün ən azı 650 min seçicinin səsi lazımdır.

Bu baxımdan, Rubinyanın açıqlaması konstitusiya referendumunun Ermənistanın daxili işi olduğunu, Azərbaycanın və Türkiyənin tələbi ilə keçirilməyəcəyini xalqa çatdırmaq istəyir. Eyni zamanda, mesajın bu hissəsi həm də Azərbaycana ünvanlanıb. Ermənistan rəsmisi bununla bir növ “konstitusiyanın preambula hissəsini istəsək çıxararıq, istəsək saxlayarıq” - mövqeyini nümayiş etdirir.

Halbuki, rəsmi Bakı Ermənistan Konstitusiyasına dəyişiklik edilməsə, sülh müqaviləsini imzalamayacağını dəfələrlə bəyan edib. Razılaşdırılmamış iki bənddən birinin də məhz Ermənistan Konstitusiyası ilə bağlı olduğu rəsmən təsdiq edilib. Ona görə də Ruben Rubinyanın yalan danışdığı şübhə doğurmur.

Eləcə də, Ermənistanın Zəngəzur dəhlizinin açmaqdan imtina etməsi sülh prosesinə mane olan əsas səbəblərdən birini təşkil edir. Lakin Azərbaycan tərəfi bu məsələnin həllini çərçivə sülh sazişindən sonrakı mərhələdə həll etməyi mümkün hesab edir.

Bundan başqa, Azərbaycan Avropa İttifaqının müşahidə missiyasının şərti sərhəddəki fəaliyyətinə son qoyulmasını, həmçinin ATƏT-in Minsk Qrupunun buraxılmasına Ermənistanın razılıq verməsini tələb edir. Ermənistanın Baş naziri Minsk Qrupu ilə bağlı təklifi qəbul etsə də, bu istiqamətdə real addımlar atmayıb.

Ermənistan beynəlxalq məhkəmələrdə iddialarda qarşılıqlı şəkildə imtina edilməsini ortaya atmaqla Azərbaycanın təzminat davasından yayınmaq, yəni işğal dövründə vurduğu ziyanın üstündən sükutla keçməsini istəyir. Azərbaycan təbii ki, bununla razılaşa bilməz. Deməli, tərəflər arasında həllini gözləyən məsələlər iki deyil, daha çoxdur. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ