Fevralın 18-də ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanında danışıqlar aparmasından sonra Ukraynada hərbi əməliyyatların dayanacağı ilə bağlı gözləntilər artıb. Hətta yaxın zamanda üçtərəfli sülh danışıqlarının baş tutacağı deyilir.
Bəzi ekspertlərin fikrincə, Moskva Ukrayna probleminin həllindən sonra diqqətini Cənubi Qafqaza yönəldəcək. Xüsusilə Gürcüstanın yeni hakimiyyəti ilə Kreml arasında buzların əriyəcəyi deyilir. Həmçinin Ermənistanın da Qərbdən uzaqlaşması üçün bəzi tədbirlərin görüləcəyi bildirilir. Bu fonda Rusiyanın Azərbaycanla mövcud gərginliyi azaltmağı hədəflədiyinə dair fikirlər də var.
Moskvanın Cənubi Qafqaza dönüşü region ölkələri üçün nə ilə nəticələnəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Rusiya-Ukrayna münaqişəsinin belə asanlıqla başa çatacağını düşünmək risklidir:
“ABŞ Prezidenti Donald Trampın həmləsindən sonra Avropa İttifaqı xeyli fəallaşıb. Digər tərəfdən, Rusiya ilə Ukrayna arasında münaqişənin başa çatmasında maraqlı olan qüvvələr də var. Hesab edirəm, sadəcə bütün bunların yaradacağı situasiya fonunda gələcəklə bağlı nə isə demək mümkün olar.
Vəziyyət hələ də risklidir. Bu yaxınlarda Çinin xarici işlər nazirinin maraqlı bir xatırlatması oldu. O, Qəzza məsələsinin arxa plana atılmamalı olduğunu dedi. Yəni Ukrayna müharibəsi aktual, həlli vacibdir, amma İsrail-Fələstin münasibətləri daha mühimdir”.
Füzuli Qurbanov
Ekspertin sözlərinə görə, Moskvanın Cənubi Qafqazda təkrar aktivləşməsi gözləniləndir:
“Moskvanın Gürcüstan və Ermənistanda vəziyyəti çətindir. Qərbin bu ölkələrə iddiası davam edir. Azərbaycanla münasibətlərdə isə Türkiyə faktoru var. Ona görə də Kremlin regionda nə edəcəyini bilmək üçün sadəcə gözləmək lazımdır.
Bütün bunların fonunda Azərbaycan-Rusiya münasibətlərində gərginliyin necə aradan qaldırılacağı məsələsi aktualdır. Fikrimcə, Moskva Bakı ilə ortaq dil tapacaq”.