Pakistanın Azərbaycandan yeganə istəyi: Şərif buna görə Bakıya gəlir


Pakistanın Baş naziri Şahbaz Şərifin fevralın 24-də Azərbaycana növbəti səfəri gözlənilir. O, sonuncu dəfə ötən ilin noyabrında COP29-da iştirak üçün Bakıda olub.

Bundan əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri və orada qarşılanması diqqət çəkmişdi. Hər iki ölkənin yüksəkrütbəli məmurlarının da zaman-zaman qarşılıqlı səfərləri baş tutur. Bakı və İslamabad arasında hərbi-siyasi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.

Bu intensiv səfərlərin məqsədi, qayəsi nədir? İki ölkə arasında hansı proseslər gedir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Pakistan Azərbaycanın müttəfiqidir:

“Ona görə də iki ölkə rəsmilərinin sıx dialoqu və dövlət başçılarının qarşılıqlı səfərləri müttəfiqlik strategiyasına uyğundur. Azərbaycan Pakistanın hərbi təyyarələrinə maraq göstərir. Bu istiqamətdə danışıqlar uzun müddətdir davam edir.

Elxan Sahinoglu 5
Elxan Şahinoğlu

Rəsmi İslamabad isə Bakının bu ölkəyə investisiya yatırımlarını artırmasını istəyir. Hesab edirəm ki, Pakistanın baş nazirinin Azərbaycana səfəri zamanı əsasən bu iki məsələ müzakirə ediləcək. İslamabad Bakının müttəfiqi olsa da, iqtisadi və ticarət əlaqələrinin həcmi elə də yüksək deyil. Bu istiqamətdə görüləcək çox iş var. Həmçinin Bakıda Türkiyə-Azərbaycan-Pakistan formatının inkişafı yolları barədə də fikir mübadiləsi aparılacaq.

Azərbaycan müxtəlif regional nəqliyyat layihələrində iştirak edir. Pakistan Çinlə birgə müxtəlif nəqliyyat yollarını inkişaf etdirir, limanlar yenidən qurulur. Azərbaycanın Pakistanın bu imkanlarından da yararlanması mümkündür”.


MANŞET XƏBƏRLƏRİ