Türk dünyasının qlobal gücə çevirilməsi: "Turan" ordusu niyə yaradılmır? - ŞƏRH


"Nə qədər gec deyil, dünyanı bölüşdürmək istəyən qlobal güclərə dirənə bilmək üçün türk dünyasının özü qlobal güc mərkəzinə çevrilməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri mövcud reallıqlar çərçivəsində Türkiyə və Azərbaycanın moderatorluğu ilə "Türk NATO-su" və ya "Turan" hərbi birliyini yaratmağın vacibliyindən danışarkən deyib.

Natiq Miri bildirib ki, Rusiyada gedən bu kimi şovinist yazılara onların anladığı dildə cavab vermək vacibdir:

"Bu bir təbliğat maşınının hərəkətə keçməsi anlamına gəlir ki, onun da cavabı verilməlidir. Çünki təbliğat uzun müddətli olduğu təqdirdə həmin yalanlara ictimaiyyət tədricən inanmağa başlayır. Ona görə də gerçəkliyi söyləmək lazımdır və bu təbliğat Azərbaycan və bütün Türk dünyasının media qurumlarında mütəmadi olaraq maarifləndirici şəkildə təhlillər, araşdırmalar, məlumatlar şəklində verilməlidir. Yəni informasiya məkanını boş buraxmaq olmaz".

Həmsöhbətimiz qeyd edir ki, türk dünyası inteqrasiyanı gücləndirməli, sözdə deyil, əməli fəaliyyətdə, planlı şəkildə fəaliyyət planını addım-addım yerinə yetirilməlidir:

"Bu gün dünya əvvəlkindən daha təhlükəli məkana çevrilib, xüsusilə də Tramp ABŞ prezidenti olandan sonra. Ukrayna və digər müharibələri qurtarmaq bəhanəsi adı ilə ABŞ-ın dünyada hegemon varlığını təmin etmək, bir sıra ərazilərdə etnik təmizləmə həyata keçirmək və hər kəsi özünə tabe etmək istəyindədir. Bu kontekstdə hazırda Rusiya ilə ABŞ arasında məxfi danışıqlar gedir. Bu ciddi təhlükəli hadisədir və dünyada savaşı nəinki bitirəcək, əksinə qütbləşməni daha da artıracaq, daha böyük müharibələrə gətirib çıxaran vəziyyət yaradacaq. Belə bir vəziyyətdə Azərbaycan və digər türk dövlətlərinin yeganə xilas yolu birlikdən keçir".

Ekspert bildirir ki, mövcud durumdan çıxış yolu türk dünyasının özünün qlobal güc mərkəzinə çevrilməsindən keçir:

"Ona görə də nə qədər gec deyil, dünyanı bölüşdürmək istəyən qlobal güclərə dirənə bilmək üçün türk dünyasının özü qlobal güc mərkəzinə çevrilməlidir. Türk dünyası belə bir güc mərkəzi ola bilər. Yol budur və onun alternativi yoxdur".

Qeyd edək ki, Rusiya mətbuatında, o cümlədən Kremlə yaxın KİV-lərdə Azərbaycan əleyhinə antitəbliğat kampaniyası səngimək bilmir. Son günlər bu ölkənin media məkanında ümumən postsovet türk dövlətləri vaxtaşırı hədəfə alınır, onların ünvanına şər-böhtan, təhdidlər yağdırılır. Bu yöndə imperiya təfəkkürlü media resursu "Tsarqrad” xüsusi fərqlənir. Orada dərc olunan məqalədə Qazaxıstan prezidenti Kasım Comert Tokayev hakimiyyəti "rejim" adlandırılıb, Qazaxıstanın suverenliyini təhdid edən, növbəti hədələyici fikirlər səsləndirilib. Qazax publisist Arman Şorayevə görə, türk xalqları rus təcavüzünə müqavimət göstərmək üçün birləşməlidir. O bu cür materialın "Tsarqrad" resursunda dərc olunmasını təsadüfi saymır: "Çünki onun yaradıcısı Konstantin Malofeyev keçmiş imperiya üçün nostaljisi keçirən pravoslav oliqarx və monarxistdir".

Anti-Azərbaycan kampaniyasına toxunan analitik bildirir ki, bu minvalla Putin qazana biləcəyindən on dəfə çox itirəcək: "Ona görə ki, Rusiyaya həqiqi dost ölkələrin sayı getdikcə azalır. Belə getsə, onların Belarus, Şimali Koreya və İrandan başqa dostu qalmayacaq".

Qazax publisist türk dövlətlərini vəziyyətdən zəruri nəticələr çıxarmağa çağırıb:

"Hesab edirəm ki, biz, siz və digər türklər birləşmə haqqında bir daha düşünməliyik. Çünki biz birlikdə ortaq türk dili və adət-ənənələri ilə birləşmiş çoxmilyonlu xalqı təmsil edirik. Kollektiv təhlükəsizliklə bağlı ümumi müqavilələrimiz, ümumi ordumuz, qarşılıqlı müdafiə ilə bağlı öhdəliklərimiz olmalıdır. Biz birləşməliyik. Bu, Rusiyanın təcavüzünə, müstəmləkə və imperiya siyasətinə qarşı yeganə güclü antidot olacaq”.


MANŞET XƏBƏRLƏRİ