Sabiq nazir: “Kremlə yaxın medianın şovinist reaksiyası var və bu, qeyri-adekvatdır, qarşıdurma vəziyyətinin yaranmasına istiqamətlənib”
Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsinin raketlə vurulduqdan sonra qəzaya uğraması Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun yaranmasına səbəb oldu. Belə ki, Rusiya tərəfi hələ də Bakının tələblərini yerinə yetirməkdən imtina edir və hadisədə günahını boynuna götürməkdən yayınır. Azərbaycanın tələbləri isə sadədir: təyyarə Rusiya tərəfindən vurulduqdan sonra Aktauya uçduqdan sonra qəzaya uğradığına görə Moskva üzr istəməli, kompensasiya ödəməli və hadisəni törədənləri cinayət məsuliyyətinə cəlb etməlidir. Rusiya isə sadəcə birinci tələbi yerinə yetirib, amma kompensasiyadan və cinayətkarların cəzalandırılmasından yayınmaqda israrlı görünür.
Eyni zamanda, Rusiya media məkanında rəsmi və ictimai şəxslər tərəfindən Azərbaycana qarşı təhqir kampaniyası başladılıb, efirlərdən ölkəmizə təhdidlər yağdırılır. Bütün bunlar isə iki ölkə arasında gərginliyin artan xətlə inkişafına zəmin yaratmış olur. Rəsmi Bakı tələblərinin yerinə yetirilməsində, Moskva uisə bundan yayınmaqda israr edir.
Bir çox eksperlər bu gərginliyin nələrə səbəb olacağını proqnozlaşdırmaqda çətinlik çəkirlər. Lakin gərgin münasibətlərin hər iki ölkənin, xüsusilə də Rusiyanın ziyanına olduğu qənaətini bölüşənlərin sayı kifayət qədərdir.
Mövzu ətrafında AYNA-ya danışan sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov hesab edir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi Rusiya tərəfinin addımlarından qaynaqlanır:
- Daha doğrusu, lazımi addımlar atılmaması gərginliyin artmasına gətirib çıxarıb. İndi səbəb kimi AZAL təyyarəsinin vurulması məsələsi var. Amma burada başqa nüanslar da var ki, onlara da nəzər salmaq lazımdır. Bu gün Rusiya tərəfindən təyyarənin vurulmasından sonra qəzaya uğradığına görə Azərbaycanın tələbləri Moskvada bəhanə kimi istifadə edilir. Bilirsiniz, bu gün Rusiya ciddi hadisələr ərəfəsindədir. Ukraynada müharibədən əvvəl Rusiya Təhlükəsizlik Şurasında baş verənlər publik şəkildə ortaya çıxmışdı. Müharibədən, itkilərdən, sanksiyalardan sonra isə həmin Təhlükəsizlik Şurasında ümumiyyətlə birlik adında bir şey yoxdur. İndi Rusiya təzyiq altındadır. ABŞ-ın yeni Prezidenti Donald Tramp açıq şəkildə Rusiyanı təhdid edir, onunla razılıq olmayacağı təqdirdə sanksiyalarla təhdid edir. Bütün bunlar Rusiya siyasi elitasında, idarəçiliyində xaotik vəziyyət yaradıb. Sual olunur ki, Rusiya Bakıdan tələbləri niyə yerinə yetirmir? Axı bu, elə də çətin olmamalıdır. Rusiya tərəfindən təyyarənin səhvən vurulması etiraf edilər, müharibə ilə əlaqələndirilər və kompensasiya, ehtiyyatsız davrananların cəzalandırılması baş verə bilər. Bununla da məsələ bağlanmış olar. Amma görünür, bunu istəməyən qruplar gərginlikdə maraqlıdırlar.
- Yəni daxildə çəkişən qruplar münasibətlərin gərgin olmasında maraqlıdırlar?
- Demək istəyirəm ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinin köklərini Rusiyada axtarmaq lazımdır. Rusiyada müxtəlif qruplar var ki, hakimiyyət mübarizəsinə başlayıblar. Ola bilər ki, onlar Putindən sonrakı dövrə hazırlaşır və hakimiyyətə gəlmək istəyirlər. Bu səbəbdən də daxili ictimai-siyasi proseslərdə rol alır və özləri üçün sərfəli addımlar atırlar. Hər halda bu məqam da səbəblər baxımından əhəmiyyətlidir və diqqətdən yayınmamalıdır.
Ehtimallardan biri də odur ki, burada Azərbaycanın Türkiyə ilə müttəfiq olmasının da rolu var. Məlumdur ki, Azərbaycan Türkiyənin müttəfiqidir, Ankaranın Suriya siyasəti isə Rusiyada ciddi narahatlıq və narazılıq yaradıb. Və Türkiyə Suriyada proseslərin mərkəzində yer alır. Mümkündür ki, Rusiya Türkiyəyə təzyiq etmək məqsədilə Azərbaycanla münasibətləri gərginləşdirmək xətti tutmuş olsun. Hər halda cavabsız suallar var ki, məsələni aydınlaşmağa imkan vermir.
- Hansı sualları nəzərdə tutursunuz?
- Məsələn, Rusiyanın səhvən vurulan təyyarəyə görə üzr istəməsində problem nədir? Ölkə ərazisində hərbi əməliyyatların getdiyi bir şəraitdə səhv hərəkətlərin baş vermə ehtimalı çox yüksəkdir. Dediyim kimi, bunu Rusiya tərəfi müharibə ilə əsaslandıra bilər. Amma etmir. Nə üçün strateji qarşılıqlı fəaliyyət haqqında sənədin ruhuna uyğun olan münasibət faciəvi fəlakət üçün başsağlığı, rəğbət və üzr istəməyi ehtiva etməməlidir? Lakin biz görürük ki, Kremlə yaxın medianın şovinist reaksiyası var və bu, qeyri-adekvatdır, qarşıdurma vəziyyətinin yaranmasına istiqamətlənib. Yaxud da, Rusiya tərəfinin gərginliyi artırmasının əsl səbəbləri nədən ibarətdir?
Müəyyən suallar var ki, onlar da biz tərəfə aiddir. Məsələn, niyə bizim tərəfimizdən bəzi insanlar münaqişənin qızışdırılması məntiqi ilə sinxron şərh verirlər? Yaxud da, niyə qarşı tərəfin öz məqsədlərinə uyğun olaraq başlatdığı gərginlik biz tərəfdən laqeyd münasibətlə qarşılanmır? Bunlar cavab istəyən çox önəmli suallardır.
- Sizcə, niyə?
- Bu suallarımı statusda da yazmışam. Mənim yalnız bir cavabım var: “Qaçdığınız döyüş – qalib döyüşdür”.