Xəbər verdiyimiz kimi, “Stratfor” analitik mərkəzinin hesabatında Ermənistan-Azərbaycan sərhədində yaxın 6 ayda gərginlik gözlənildiyi qeyd edilib. Son günlər yerli və xarici mediada tez-tez yaxın perspektivdə iki ölkə arasında gərginliyin baş verəcəyi haqqında xəbərlər dərc olunur.
Bu, Qərbin bölgədə təxribat hazırlamasının anonsu sayıla bilər? Yoxsa həqiqətən belə təhlükə var?
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, “Stratfor” ABŞ-ın kifayət qədər ciddi hesab olunan geopolitik kəşfiyyat düşüncə mərkəzlərindən biridir:
“Onun məlumatları ABŞ və dünyanın hər bir yerində ciddi şəkildə dəyərləndirilir. “Stratfor”un sözügedən hesabatında qeyd edilir ki, əgər delimitasiya və demarkasiya prosesində irəliləyiş əldə olunmazsa, müəyyən gərginliyin başlaması gözləniləndir. Amma bu yenə də ciddi eskalasiyanın baş verməsini istisna edir. Buna həmin mərkəz belə inanmır. Azərbaycan və Ermənistan arasında eskalasiya riski kifayət qədər aşağı səviyyədə qalacaq. Yanvar ayının 6-da da “Stratfor”un bir hesabatı dərc olunmuşdu. Orda qeyd edilirdi ki, ABŞ Prezidenti Donald Tramp Rusiya, İran və Çinə qarşı geosiyasi tarazlığı yaratmaq üçün Azərbaycanı seçəcək, üstünlük verəcək. Ermənistanda bundan narahat olaraq üzünü Fransaya tutacaq. Həqiqətən də bunun baş verdiyinin şahidi oluruq. Ermənistan Baş naziri Nikol Paşinyanın və digər rəsmilərin qaça-qaça ABŞ-a getməsinin səbəbi də budur. Rəsmi İrəvan müəyyən təşviş içərisindədir “.
Sultan Zahidov
Politoloqun sözlərinə görə, Nikol Paşinyan Tramp administrasiyasının Ermənistana qarşı siyasətinin dəyişməsinə mane olmağa çalışır:
“Azərbaycan və Ermənistan arasında ciddi eskalasiyanın olması gözlənilmir. Şərti sərhədlərdə rəsmi İrəvan ənənəvi təxribatçı addımlarına davam edə bilər, buna da Azərbaycan hər zaman olduğu kimi adekvat cavab verəcək. Azərbaycanın irəli sürdüyü tələblər və üzərinə götürdüyü öhdəlikləri İrəvan yerinə yetirmədiyi üçün hazırda sülh müqaviləsinin imzalanmasında ləngimələr müşahidə edilir. “Stratfor” qeyd edir ki, delimitasiya prosesində problem yaranarsa, eskalasiya gözlənir. Lakin delimitasiya və demarkasiya ilə sülh prosesi fərqlidir. Hər ikisi ilə müxtəlif qurumlar məşğul olurlar. Delimitasiyadakı ləngimələr sülh prosesinə mane olmamalıdır”.