Yeni təxribat Ermənistanın dövlət kimi sonu ola bilər: İrəvan revanşist niyyətlərindən əl çəkməyib


44 günlük Vətən müharibəsindən sonra Ermənistanda hələ də bəzi qüvvələrin revanşist niyyətlərlə yaşadığı, öz fəaliyyətlərində bunu açıq şəkildə büruzə verdiyi şübhəsizdir.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti dəfələrlə Ermənistana xəbərdarlıqlar edərək İrəvanı bu cür təxribatçı və təhlükəli fəaliyyətdən çəkindirməyə çağırıb:

"Ancaq bütün bunlara baxmayaraq, sözdə sülhdən bəhs edən Ermənistan əməldə sürətli silahlanma yolu tutmaqda, öz hərbi potensialını artırmaqdadır. Balaca Ermənistanda Fransa, Hindistan, ABŞ və digər ölkələrdən alınan hərbi texnikalar hesabına nəhəng silah arsenalı formalaşıb. Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhəddində aktivləşməsi, sərhədimizə yaxın ərazilərdə mühəndis qurğuları, istehkam və səngərlər düzəltmək, canlı qüvvə toplamaq cəhdləri bundan xəbər verir”.

C.Xəlilova görə, bütün bunlar göstərir ki, Ermənistan hələ də revanşist niyyətlərindən əl çəkməyib və havadarlarının dəstəyi ilə yeni qarşıdurma və təxribatlara hazırlaşır. Bu isə Cənubi Qafqazda sülhün yenidən pozulması deməkdir:

“Ən qəribəsi isə budur ki, İrəvan bunu təhlükəsizlik tədbirləri kimi qələmə verməyə çalışır. Halbuki, Ermənistanın təhlükəsizliyinə nə dünən, nə də bu gün heç bir dövlət, heç bir güc təhdid yaratmır. Əksinə, region üçün təhdid mənbəyi olan Ermənistandır".

Cəlil Xəlilov: Ermənistan region üçün təhdid mənbəyidir

Hərbi ekspert qeyd edib ki, Azərbaycan dövləti, onun prezidenti Ermənistana sərt xəbərdarlığını edib və açıq şəkildə bildirib ki, yeni təxribat Ermənistanın dövlət kimi sonu ola bilər:

"İrəvan bu xəbərdarlıqdan lazımi nəticə çıxaracaqsa, o zaman Ermənistanın təhlükəsizliyini təmin edəcək.

Yox əgər 44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni status-kvonu hansısa təxribatlar yolu ilə dəyişməyə cəhd edəcəksə, o zaman Azərbaycan tərəfindən ölmcül zərbə alacaq, darmadağın ediləcək".

Ermənistan Silahlı Qüvvələri Kəlbəcər istiqamətində xəndəklər qazmaqda davam edir. Teleqram kanallarında bunu əks etdirən görüntülər yayılıb. Qeyd edilib ki, Ermənistan təxribatçı addımlarından geri çəkilmir və bölgədə vəziyyəti gərginləşdirməyə davam edir.

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da Azərbaycanı hədələyən bəyanatla çıxış edib. O, erməni ordusunu tərifləyib, hətta məğlubedilməz adlandırıb:

“Əminəm ki, siz xalqla birlikdə ayaq üstə dayanıb, döyüş tapşırığını yerinə yetirməyə hazır olacaqsınız. Şübhə etməsinlər ki, düşmən bizim zərbəmizin gücünü yenə görəcək”. Bu arada ermənilərin katolikosu II Qaregin də Ermənistan ordusuna müraciət edib. Qaregin yaydığı bəyanatında “Ermənistanın üzləşdiyi ən mürəkkəb təhlükəsizlik çağırışları şəraitində” ordunu daha da gücləndirmək lazım olduğunu deyib. Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Edvard Asryan deyib ki, Azərbaycanın "militarist bəyanatları" həmişə onları narahat edir: "Biz həm sərhəddəki vəziyyəti, həm də bəyanatları diqqətlə izləyirik. Qarşımıza qoyulan vəzifələri yerinə yetiririk, silahlı qüvvələr təkmilləşdirməyə davam edir”. Qeyd edək ki, son zamanlar Ermənistan tərəfi Naxçıvanla üzbəüz ərazilərdə də özünün hərbi istehkamlarının sayını artırır, yeni səngərlər, daimi dislokasiya üçün yerlər yaradır.

Aydın Baxış


MANŞET XƏBƏRLƏRİ