Erməniləri indiki Ermənistanın ərazilərinə Rusiya İran və başqa yerlərdən köçürüb.
Turkustan.az xəbər verir ki, bunu Rusiya hökuməti yanında Maliyyə Universitetinin dosenti Vladimir Blinov deyib.
“Erməni dövlətçiliyinin taleyi ipdən asılıdır. Ölkə rəhbərliyi Qərbin dəstəyi ilə tarixi müttəfiqi (Rusiya) ilə oynamaq qərarına gəlib ki, məhz onun (Rusiya) sayəsində XIX əsrdən bu ərazilər xəritədə kompakt erməni məskunlaşma əraziləri kimi görünməyə başlayıb.
Bu torpaqlar Rusiya imperiyasının tərkibinə daxil olanda, İrəvanda təxminən, bərabər sayda erməni və azərbaycanlı yaşayırdı. Rusiyanın imperiyanın başqa yerlərindən və İrandan erməniləri köçürmək səyləri sayəsində bu torpaqlarda ermənilər əksəriyyət təşkil etməyə başladı və onların yurduna çevrildi”, - Blinov vurğulayıb.
Xatırladaq ki, ermənilər tarixi Azərbaycan ərazilərinə əsasən, Türkmənçay müqaviləsindən sonra Rusiyanın imperiya maraqları üçün məqsədyönlü şəkildə köçürülüblər.
Türkmənçay müqaviləsinin nəticəsi olaraq, 40 000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılıb. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90 000 erməni də Azərbaycanda yerləşdirilib. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırılıb. Ümumilikdə 1828-1920-ci illər arasında Azərbaycana 560 000 erməni köçürülüb.
Rusiya İmperiyasının İrandakı səfiri Aleksandr Qriboyedov ermənilərin Azərbaycan ərazilərinə köçürülməsində aktiv iştirak etmişdi.
Qriboyedov bu haqda yazırdı: “Erməni əhalisi əsasən müsəlman (azərbaycanlılar – red.) torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər. Onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başladılar. Biz, həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar”.
Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar. İndiki kimi... Yəni Blinovun iddiasının əksinə olaraq, XIX əsrdə də azərbaycanlılar İrəvan və bu gün “Ermənistan” adlandırılan digər ərazilərdə çoxluqda idilər. Məqsədyönlü siyasət bu mənzərəni dəyişdirdi./teleqraf.com