"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova qardaş Türkiyənin tanınmış vətəndaş cəmiyyəti institutlarından olan “Eko-Avrasiya”nın (“Avrasiya İqtisadi Əlaqələr” İB-nin) başqanı, KKTC Cümhurbaşqanlığı Yurtdışı Kıbrıslı Türklər Komitəsinin üzvü Dr. Hikmət Ərənlə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşdə, Türk dünyasının yaxın keçmişi, bugünü və gələcəyi, bir sözlə, “ortaq keçmişdən ortaq gələcəyə” gedən ulu yolla bağlı maraqlı fikir alış-verişi edilib.
Türk dünyası aydınları və konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutları ilə səmərəli işbirliyinə önəm verən RHİMİB-in sədri Arzu Bağırova Hikmət Ərənə RHİMİB-in plaketini təqdim edib, ona yeni uğurlar arzulayıb.
RHİMİB-in fəaliyyətinə yaxından bələd olduğunu bildirən Hikmət Ərən, birliyin öz adına, mandatına uyğun, səmərəli çalışmalarını təqdir edərək, RHİMİB timsalında Azərbaycanın bütün konstruktiv mövqeli ictimai birliklərinə yeni uğurlar diləyib.
Hikmət Ərən Arzu Bağırovanı “Eko-Avrasiya”nın bu ilin may ayında Ankarada keçirəcəyi beynəlxalq toplantıya dəvət edib.
Qardaş ölkələrin QHT-lərinin, o cümlədən iqtisadiyönümlü QHT-lərin işbirliyinin önəminə vurğu edilən görüşdə, RHİMİB ilə “Eko-Avrasiya” arasında birgə çalışmalara dair Anlaşma imzalanması barədə razılıq əldə edilib.
Sonra, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı İntiqam Yaşar və b. öz ürək sözlərini bölüşüb.
İntiqam Yaşar DGTYB-nin müvafiq “Fəxri Fərman”ını Hikmət Ərənə təqdim edib.