ABŞ Prezidenti Donald Trampın prezident vəzifəsinə başladığı ilk saatlarda çox sayda rəsmi sənəd imzalaması və elan etdiyi yeni qərarlar diqqət çəkib.
Tramp sələfi Co Baydenin imzaladığı 78 sərəncamı ləğv edib. Bu məsələ ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilən və Bayden tərəfindən hər dəfə müddəti uzadılan 907-ci düzəlişin ləğvini yenidən gündəmə gətirib.
Son dörd ildə bir neçə dəfə düzəlişin ləğvi təklif olunsa da, Bayden qadağanın müddətini uzadıb.
ABŞ-ın xarici siyasəti ilə bağlı bir sıra inqilabi qərarlar verməsi gözlənilən Tramp bu qadağını ləğv edə bilərmi?
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Trampın hakimiyyətə gəlməsi ilə ABŞ siyasətində müəyyən dəyişikliklər olacaq:
“O, prezident səlahiyyətini icra etdiyi ilk gün təkcə 200-dən artıq fərman imzalayacağını demişdi. Bunlardan 78-i Co Baydenin dövründə verilən qərarlardır. Lakin Trampın Vaşinqtonun siyasətində radikal dəyişiklik edəcəyini düşünmürəm. ABŞ elə bir ölkədir ki, onun fundamental maraqları dəyişməz qalır. Hakimiyyətə gələn qüvvələr sadəcə bunu müəyyən dərəcədə korrektə edə bilər.
Trampın ötəngünki çıxışında da biz bu niyyəti bir daha gördük. Yeni prezidentin açıqlamaları qarşıdakı dönəmdə dünyada çox maraqlı və ciddi proseslərin müşahidə olunacağına işarədir. Artıq o, bir çox məsələlər haqda birmənalı mövqe sərgilədi”.
Oqtay Qasımov
Politoloq bildirib ki, 907-ci düzəliş prioritet məsələ deyil:
“ABŞ senatında 907-ci düzəlişin yenidən bərpa edilməsi ilə bağlı təklif olunan ikipartiyalı layihənin həmmüəliflərindən biri bugünkü dövlət katibi Mark Rubiodur. Nəzərə alaq ki, Rubionun erməni diasporu ilə əlaqəsi var, onun Azərbaycan və Türkiyəyə qarşı neqativ münasibəti məlumdur.
ABŞ siyasətində geopolitik mənada elə bir hadisə baş verməlidir ki, Vaşinqtonun 2001-ci ildə olduğu kimi Bakıya ehtiyacı yaransın”.
Qeyd edək ki, 1992-ci ildə “Azadlığa dəstək haqqında” akta ABŞ-ın Azərbaycana dövlət dəstəyinin göstərilməsinin qadağan olunmasını nəzərdə tutan 907-ci düzəliş qəbul edilib. 2001-ci ildə düzəlişin ləğvini təmin edəcək başqa bir düzəliş qəbul olunsa da, daha sonra qadağa yenidən tətbiq edilib.