Tramp üçün Qafqazda tarixi şans: Bakının planı var, yekun razılaşma olacaq


ABŞ-da yeni seçilmiş Prezident Donald Trampın hakimiyyətə gəlməsi Yaxın Şərq və Avropa ilə yanaşı, Cənubi Qafqazdakı proseslər fonunda da vacib dəyişiklik kimi qiymətləndirilir.

Xüsusilə son illərdə gərginləşən ABŞ-Azərbaycan münasibətlərinə yenidən baxılacağı və əlaqələrin inkişaf etdiriləcəyi proqnozlaşdırılır.

Hətta nüfuzlu “Wall Street Journal” Trampın inaqurasiyadan sonra Azərbaycan və Ermənistan arasında münaqişənin bitirilməsinə xüsusi diqqət yetirəcəyini yazıb. Nəşrin məlumatına görə, Bakı və İrəvan sülh müqaviləsi üzrə danışıqları səssiz şəkildə davam etdirirlər və hazırda irəliləyiş əldə olunub. Bu baxımdan Trampın burada münaqişənin bitməsinə şərait yaradıb nüfuzunu gücləndirməsi, Rusiya-Ukrayna müharibəsinə son qoymaqdan daha asan olacaq.

Ağ Evin yeni rəhbəri Bakı və İrəvan arasında status-kvonu dəyişə biləcək? Tramp Qafqazda sülhü təmin etməyə çalışacaq, yoxsa mövcud Vaşinqton hökuməti kimi gərginliyi daha da artıracaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, nəinki ABŞ, heç bir qüvvə Ermənistan ilə Azərbaycan arasındakı status-kvonu bizim əleyhimizə dəyişə bilməz:

“Çünki rəsmi Bakının regionda kifayət qədər güclü mövqeyə və ən əsası ədalətli planlara malikdir. Cənubi Qafqazda sülhün qalıcı olmasının tək yolu Azərbaycanın siyasətini dəstəkləməkdir.

Əlbəttə, ABŞ-ın Ermənistan ilə bağlı atdığı son addımlar anlaşılandır. Belə qənaətə gəlmək olar ki, regionda Vaşinqtonu qane etməyən müəyyən geosiyasi məqamlar var. Rusiyanın burada söz sahibi olması, həmçinin İranın mövqeyi, Yaxın Şərqdə baş verən HƏMAS-İsrail qarşıdurmasının səngiməməsi, bunun fonunda Türkiyənin Suriyada əldə etdiyi uğurlar və s. buna misal ola bilər. Ağ Ev bunları nəzərə alaraq Cənubi Qafqazda siyasətinə yenidən baxır”.

fuzuli qurbanov
Füzuli Qurbanov

Ekspertin sözlərinə görə, ABŞ Mərkəzi Asiya, xüsusilə Çin istiqamətində daha da möhkəmlənib təzyiq rıçaqlarını artırmaq istəyir:

“Lakin düşünürəm ki, Vaşinqton bu üsulla Cənubi Qafqazda qalıcı sülhü bərpa edəcək əsas qüvvə ola bilməyəcək. Amma burada söz sahibi olan qüvvələrlə birlikdə nəyəsə nail olmaq mümkündür. Söhbət Türkiyə-Azərbaycan faktorundan gedir, ABŞ bunu nəzərə almalıdır”.

Qeyd edək ki, Donald Trampın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.


MANŞET XƏBƏRLƏRİ