İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz


Mərkəz rəhbəri: “Sülh sazişindən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində irəliləyiş əldə etmək olar”

Yanvarın 7-də Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı da suallara ətraflı cavab verib. Ölkə başçısı Azərbaycanın şərtlərinin İrəvan tərəfindən yerinə yetirilməsinin sülh sazişinin imzalanması üçün vacib olduğunu diqqətə çatdırıb. Eyni zamanda, ölkə başçısı Zəngəzur dəhlizi ilə bağlı danışıb. Bildirib ki, Zəngəzur dəhlizi “açılmalıdır və açılacaq”.

İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Zəngəzur dəhlizi mövzusu daha aktual idi və məsələ ətrafında aktiv müzakirə gedirdi. Lakin Ermənistanın dəhlizlə bağlı mövqeyi sözügedən mövzunu bir qədər arxa plana keçirmişdi. Hətta bir neçə ay əvvəl Azərbaycan rəsmiləri tərəfindən Zəngəzur dəhlizi məsələsinin sülh sazişi layihəsindən çıxarıldığı təsdiqləndi və bunun ayrıca müzakirə mövzusu olduğu bildirildi. Bundan sonra dəhlizlə bağlı müzakirələr də səngimişdi. Bu günlərdə isə Prezident Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı diqqəti yenidən mövzuya yönəltmiş oldu.

Məsələ ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Prezident müsahibəsində Ermənistanla münasibətlər mövzusunda bir neçə məqama toxunub:

- Ölkə başçısının dediklərindən belə başa düşüldü ki, sülh bölgə üçün vacibdir, amma Ermənistan bunu istəmirsə, Azərbaycan üçün bu, vacib deyil. Sərhədlərin müəyyənləşməsi ilə bağlı Prezident müəyyən irəliləyişlərin olduğunu qeyd etdi. Eyni zamanda, Zəngəzur dəhlizinə toxundu. Bu, önəmli məsələ idi.

Bilirsiniz, artıq dəhlizlə bağlı tikinti işlərini Azərbaycan yekunlaşdırıb və sərhədə qədər bu məsələ həllini tapıb. Bu addımlar ondan xəbər verir ki, dəhliz olmalıdır. Dəhlizin açılması ilə bağlı fikir olmasaydı tikinti işləri aparılmazdı. Hesab edirəm ki, İlham Əliyev dəhliz açılmalıdır və açılacaq deməklə Ermənistan rəsmilərini, Baş nazir Nikol Paşinyanı qərar verməkdə tələsməyə çağırır. Bakının mesajı budur ki, Zəngəzur dəhlizi açılacaq, sadəcə bunu tezləşdirmək üçün İrəvan siyasi qərar verməlidir.

- Ermənistan tərəfi dəhliz məntiqinə qarşıdırsa, siyasi qərar verəcəkmi?

- Paşinyan hansısa orta yol tapmağa çalışır. Ötən il erməni rəsmiləri tərəfindən belə fikir səsləndirildi ki, fiziki təmas olmadan Azərbaycan vətəndaşları dəhlizdə yoxlanılması həyata keçirilə bilər. Amma Ermənistan tərəfindən bu istiqamətdə də addımlar atılmır. Halbuki bu təklifi də müzakirə etmək olar. Azərbaycanın əsas tələbi odur ki, Azərbaycan vətəndaşları ölkənin bir tərəfindən digər tərəfinə, yəni Naxçıvana gedərkən yoxlanılmamalıdır. Ermənistan isə buna “yox” deyir, əsaslandırır ki, bu, guya Ermənistanın suveren hüquqlarına uyğun deyil. Bu fikir ayrılığı dəhlizin açılmasına imkan vermir. Amma gec-tez Ermənistan qəti qərar verməli olacaq. Bakı isə bu qərarı tezləşdirməyi məsləhət görür.

Hesab edirəm ki, birinci mərhələdə sülh sazişi imzalanmalıdır. Zəngəzur dəhlizini sülh sazişinin önünə qoymaq çətindir. Sülh sazişi istiqamətində də irəliləyiş var. Paşinyan bu yaxınlarda bəyan etdi ki, sülh sazişinin mətni 90 faiz hazırdır. Bunu rəsmi Bakı da təsdiq edir. Yeganə məsələ Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi məsələsidir ki, bu, sülh sazişini gecikdirir. Minsk Qrupunun ləğvi məsələsində də məncə artıq ortaq baxış var. Paşinyan Əliyevin şərtini qəbul etməyə hazırdır ki, Minsk Qrupundan birlikdə imtina edilsin. Sülh sazişindən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində irəliləyiş əldə etmək olar. Sazişdən əvvəl dəhlizin açılması problemli məsələdir.

- Zəngəzur dəhlizi sanki arxa plana keçmişdi. Amma Prezident son bəyanatı ilə dəhliz məsələsinin gündəmdən düşmədiyini göstərdi...

- Əslində Zəngəzur dəhlizi Azərbaycan üçün sanki cazibəsini itirib. 44 günlük müharibədən sonra Azərbaycan rəsmiləri az qala hər gün dəhlizlə bağlı danışırdılar. Son bir ildə aktiv müzakirə getmir. Çünki rəsmi Bakı gördü ki, İrəvan dəhliz məsələsini həll etmək istəmir. Üstəlik, Azərbaycanın Bakı-Tiflis-Qaras marşrutumuz var ki, bu, alternativdir. Eyni zamanda, İranla razılaşmamız var ki, Araz çayının sahili ilə Naxçıvana gediş-gəliş yolu olacaq. Bununla Azərbaycan tərəfi Ermənistana mesaj göndərir ki, Bakı Zəngəzur dəhlizindən asılı deyil, alternativ layihələr var. Hesab edirəm ki, Prezidentin məsələyə yenidən toxunmasının səbəbi bu mövzuda verilən sualdır. Suala cavabında isə Azərbaycan lideri yenidən İrəvana cağırış etmiş oldu.


MANŞET XƏBƏRLƏRİ