Son günlər İran tərəfindən ölkəmizə qarşı kəskin, əsassız fikirlərin səsləndiyinin şahidi oluruq. İran Azərbaycanla münasibətləri gərgin tutmaqda maraqlı olduğunu göstərir. Hazırda onun ətrafını təhlükə sarıb. Məntiqlə belə vəziyyətlərdə Azərbaycanla mehribanlaşmalıdır, amma görünən odur ki, bunun əksini edir.
Son günlər yaranan gərginliyin səbəbi kimi bir başqa ehtimal da səsləndirilir. Deyilir ki, İranın bəlli dairələri Azərbaycana qarşı təxribat etməklə Azərbaycan əsilli prezident Pezeşkianı Bakı ilə yaxınlaşmağa qoymur.
Globalinfo.az-a danışan politoloq Elçin Abdullayev deyib ki, Azərbaycan müstəqilliyini elan etdiyi vaxtdan indiyə qədər fars molla rejminin canına qorxu düşüb:
“Bu qorxunun səbəbi isə Şimali və Cənubi Azərbaycanın nə zamansa birləşmə ehtimalının mümkünlüyüdür. Ona görə də İran tarixin müxtəlif dönəmlərində gah bəyanatlar vermək, gah da hərbi təlimlər keçməklə prosesin qarşısını almaq istəyirlər. Lakin artıq dövr dəyişib.
Yaxın Şərqdə baş verən hadisələr, Suriyada Bəşər Əsəd rejminin çöküşü İranı ciddi təlaşa salıb. Bunun da ən başlıca səbəbi regionda Türkiyənin birbaşa önə çıxması, regional güc olaraq meydanda özünü göstərməsidir. İran hökuməti yaxşı bilir ki, regional güc olan Türkiyə ilə Azərbaycanın hədəfləri eynidir”.
Elçin Abdullayev
Politoloqun sözlərinə görə, İranı idarə edənlər Azərbaycan və Türkiyə münasibətlərinə xələl gətirməyə, hədə-qorxu yolu ilə rəsmi Bakını ümumi proseslərdən uzaq salmağa çalışırlar:
“Onlar Prezident İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsində səsləndirdiyi fikirləri ciddi araşdırsaydılar görərdilər ki, bu cür hədələrlə Azərbaycanı küncə sıxışdırmaq mümkün deyil. Prezident olduqca mühüm fikirlər səsləndirdi. Bütün bunlar isə İranı təlaşa saldı.
İran prezidenti Məsud Pezeşkianla Prezident İlham Əliyev arasında görüşlərə maneə törədilməsi məsələsinə gəlincə, burada Türkiyə amilinin olduğunu düşünürəm. Yəni fars rejmi istəmir ki, türk əsilli Pezeşkianla Azərbaycan Prezidenti görüşsün”.