İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti


BMTM şöbə müdiri: “Zəngəzur dəhlizi açılmadan Ermənistan da, İran da regiondakı əməkdaşlığın bir parçası ola bilməyəcəklər”

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində yenidən Zəngəzur dəhlizi məsələsinə toxunub. Ölkə başçısı bildirib ki, dünyada, Amerikada da Soros dövrü başa çatıb və bunu Ermənistan rəhbərliyi anlamalıdır: “Bayden administrasiyası əslində Soros üsulu ilə idarə olunurdu. Sorosçular isə faktiki olaraq mövqelərini itiriblər. Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”.

Məlumdur ki, rəsmi İrəvan Zəngəzur dəhlizinin Azərbaycanın şərtləri ilə açılmasına qarşıdır. Bir müddət əvvəl dəhliz məsələsi sülh sazişi mətnindən də çıxarılıb. Lakin Prezidentin yenidən bu məsələyə toxunması onu göstərir ki, Zəngəzur dəhlizi Bakının gündəliyindən çıxmayıb və bumövqe dəyişməyib.

Ekspertlər hesab edirlər ki, Prezidentin “Zəngəzud dəhlizi açılmalıdır və açılacaq” ifadəsi İrəvana bir mesajdır: nə qədər tez razı olsalar, bir o qədər özləri üçün yaxşı olacaq.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Cavid Vəliyev deyib ki, həqiqətən də Zəngəzur dəhlizi sülh sazişi mətnindən çıxarılıb:

-Amma Prezident bundan sonra açıqlamasında demişdi ki, Zəngəzur dəhlizi Bakının şərtləri çərçivəsində açılmasa, Ermənistanla sərhədlər də açılmayacaq. Yəni ki, Azərbaycanın bu məsələdə mövqeyi aydındır. Cənab Prezident İlham Əliyev müsahibəsində bir daha qeyd etdi ki, Zəngəzur dəhlizi də bizim üçün vacib şərtdir. Dəhliz mövzusunun sülh sazişi mətnindən çıxarılması, tez-tez gündəmə gəlməməsi səbəbindən müəyyən fərqli yanaşmalar və iddialar var idi. Amma istər Azərbaycan Prezidentinin dedikləri, istərsə də Türkiyə tərəfindən verilən açıqlamalar göstərir ki, bu məsələdə Bakının mövqeyi konkretdir. Zəngəzur dəhlizi məsələsində Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyəcəyi təqdirdə münasibətlərin normallaşması, sərhədlərin açılması, həmçinin Türkiyə ilə sərhədlərin açılması, münasibətlərin normallaşması çətindir.

- Sizin də dediyiniz kimi, Zəngəzur dəhlizi məsələsi sülh sazişi mətnindən çıxarılıb. Əgər dəhliz açılmadan münasibətlər normallaşmayacaqsa, sərhədlər açılmayacaqsa, o zaman bu sülhün dayanıqlılığına şübhə yaranmırmı?

- Əlbəttə, təsir edir. Məsələ burasındadır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün üç məsələ əsasdır: sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası və nəqliyyat xətlərinin blokdan çıxarılması, ticarət əlaqələrinin inkişaf etdirilməsi. Sülh sazişi istiqamətində Bakının şərtləri var və Prezident bu şərtləri bir daha xatırlatdı. Söhbət həm sülh sazişi mətninə daxil olan şərtlərdən, həm də kənar şərtlərdən gedir. Məsələn, mətndən kənarda olanlar Minsk Qrupundan imtina ilə bağlı ATƏT-ə birgə müraciət və Ermənistan Konstitusiyasında dəyişiklikdir. Mətndə olan şərtlərdən də İrəvan tərəfindən qəbul edilməyənlər var. Delimitasiya və demarkasiya prosesi üzərində iş gedir, komissiyalar işləyirlər. Qazaxın 4 kəndi Azərbaycanın təzyiqi nəticəsində işğaldan azad edildi və o hissədə sərhədlər müəyyənləşdi. Ticarət əlaqələri, qarşılıqlı gediş-gəliş, nəqliyyatın blokdan çıxarılması məsələsi isə dalana dirənib. Nəqliyyat infrastruktrunun blokdan çıxarılmasında əsas faktordan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi açılmasa isə sərhədlər açılmır. Bəs sərhədlər açılmadan nəqliyyat əlaqələri, ticarət necə həyata keçiriləcək?! Zəngəzur dəhlizinin açılması üçün isə Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməsi lazımdır.

- Amma Ermənistan bundan imtina edir. Perspektivdə İrəvan bu imtinasına yenidən baxa bilərmi?

- Ermənistanın başqa yolu yoxdur. Gec-tez bunu qəbul etməlidir. Əgər Ermənistan regionda əməkdaşlığın bir parçası olmaq istəyirsə, Bakının şərtləri ilə dəhlizin açılmasına “hə” deməlidir. Ermənistan 30 il müddətində Qarabağı işğalda saxladı, nəticədə regiondan izolyasiya oldu. Bu gün Ermənistan həm regional layihələrdə yoxdur, həm də Qarabağın işğalına son qoyulub. İrəvanın bundan sonra yeganə şansı odur ki, Azərbaycanın şərtləri çərçivəsində Zəngəzur dəhlizinin açılmasına etiraz etməməlidir.

Bilirsiniz, Zəngəzur dəhlizinin açılmasına qarşı olan tərəf sadəcə Ermənistan deyil. Burada İranın da əks mövqeyi var və Tehrandan da bu istiqamətdə açıqlamalar verilir. Düzdür, İran bəyan edir ki, Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməyib. Amma istər Yaxın Şərqdə, Suriyada cərəyan edən hadisələr, istərsə də Cənubi Qafqazda baş verən proseslər Tehranın bu məsələyə yenidən baxmasına səbəbdir. Bəli, İranın mövqeyi indi biz istədiyimiz mərhələyə gəlib çıxmayıb, İran Xarici İşlər Nazirliyindən bildirilib ki, “qırmızı xətlər” dəyişməyib. Amma Tehran məcbur olub mövqeyinə baxacaq. Çünki Zəngəzur dəhlizi ilə bağlı iki müttəfiqin – Azərbaycan və Türkiyənin mövqeyi qətidir. Türkiyənin Suriyada kimə qalib gəldiyi məlumdur. Eyni zamanda, Cənubi Qafqazda Türkiyə-Azərbaycan ittifaqının kimə qalib gəldiyi məlumdur. Gedən proses onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi ilə bağlı mövqelər bizim istədiyimiz istiqamətdə dəyişir. Bəli, bu gün Zəngəzur dəhlizi açılmayıb. Amma Prezident Əliyev birmənalı şəkildə bildirdi ki, “açılacaq və açılmalıdır”. Çünki başqa yol yoxdur. Bütün analizlər onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi açılmadan Ermənistan da, İran da regiondakı əməkdaşlığın bir parçası ola bilməyəcəklər. Demək istəyirəm ki, hər iki dövlət Azərbaycanın şərtləri ilə dəhlizin açılmasına məcbur da olsa, razı olacaqlar.


MANŞET XƏBƏRLƏRİ