İrəvanın Zəngəzur dəhlizi mesajının açması – “Əgər onlar nəzarət etsə…”


Ermənistanın mövqelərimizi atəşə tutması, paralel olaraq bunkerlər qazması yeni toqquşmaya hazırlıq kimi dəyərləndirilir. Zəngəzur istiqamətində siyasi, diplomatik hərbi toqquşmanın olacağı da istisna edilmir. Bu da özlüyündə müəyyən sualların yaranmasına səbəb olur.

Yanvarın 7-də Prezident İlham Əliyev ölkə telekanallarına müsahibə verərkən Zəngəzur dəhlizinin açılmalı olduğunun zəruriliyini bildirib.

Zəngəzur toqquşması gözlənilirmi? Hazırda Zəngəzur istiqamətində Qərbin (ABŞ-ın) hansı qüvvələri var? Rusiyanın bölgədə təsir imkanları qalırmı? Zəngəzur yoluna kim nəzarət etsə, Azərbaycan və Türkiyənin bölgədə sözü daha çox keçərli olar? Nəzarət paketi kimdə olacaq?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, yaxın dövrlərdə Zəngəzurda hansısa iri miqyaslı toqquşmanın olacağı gözlənilmir:

“Son günlər Zəngəzur istiqamətində erməni ordusu tərəfindən təxribatlar törədilir. Lakin bu geniş miqyaslı qarşıdurmaya səbəb olmayacaq.

Zəngəzur dəhlizi ilə bağlı məsələ aktuallaşandan beynəlxalq güclər bu dəhlizdə öz maraqlarını təmin etmək üçün fəaliyyətə keçiblər. 10 noyabr üçtərəfli bəyanatında açılacaq dəhlizə nəzarətin Rusiya sərhəd qoşunları tərəfindən həyata keçiriləcəyi qeyd olunub. Ermənistanın bununla bağlı öhdəliyi var. Rusiyanı bölgədən sıxışdırıb çıxartmaq istəyən Qərb, ABŞ isə bunu istəmir. Onların da təşviqi ilə Ermənistan həmin bəyanatdakı öhdəliklərini yerinə yetirməkdən yayınmağa çalışır. Bu da rəsmik İrəvan və Moskva arasında gərginliyin yaranmasına səbəb olur.

oqtay qasimov 5 1

Oqtay Qasımov

Hazırda Ermənistan-İran sərhədindən rus sərhədçiləri də çıxıb. Ermənistan Baş naziri Nikol Paşinyanın da bəyan etdiyi kimi həmin ərazilərdə erməni sərhədçiləri dayanacaqlar.

Keçən il avqust ayının 1-də rus sərhəd qoşunlarının əsgərləri Zvartnos hava limanını tərk edəndən bir gün sonra ABŞ-a məxsus hərbi təyyarə oraya eniş etdi. Məlum oldu ki, həmin təyyarələrdə rəsmi Vaşinqton tərəfindən Ermənistana silah-sursat, hərbi texnika, optik, gecəgörmə cihazları, müşahidə vasitələri və s. göndərilib. Eyni zamanda müəyyən sayda erməni əsilli Amerika hərbçiləri də Ermənistana gəlib. Zəngəzurda yerləşərək kiçik hərbi baza qurmağı planlayıblar”.

Politoloq qeyd edir ki, Zəngəzurda Fransa konsulluğunun açılması məsələsi reallaşmaq üzrədir:

“İran öz konsulluğunu açıb. Rusiyanın isə bu istiqamətdə fəaliyyəti ilə bağlı razılıq əldə olunsa da proses ləngidilir. Göründüyü kimi bu ölkələrin ərazidə müəyyən imkanları var. Digər tərəfdən Rusiya Ermənistan və Zəngəzurda kifayət qədər təsir imkanlarına malik olub. Qafan və Mehridə də rus hərbi hissələri fəaliyyət göstərirdi.

Zəngəzur yoluna kimin nəzarət etməsi məsələsinə gəlincə, Azərbaycanın da burada öz maraqları var. Belə ki, üçtərəfli bəyanatda əldə olunmuş razılığa görə, Azərbaycan vətəndaşları, avtonəqliyyat vasitələri və yükləri bu istiqamətdə asanlaşdırılmış prosedurlarla hərəkət etməlidirlər. Yəni təhlükəsiz və maneəsiz hərəkət təmin olunmalıdır. Yola kimin nəzarət edəcəyi isə Ermənistan və Rusiya arasında əldə olunmuş razılığa əsaslanacaq. Rəsmi İrəvan tərəfindən bu yola nəzarətin beynəlxalq şirkətlərə həvalə edilməsi ilə bağlı fikirlər səsləndirilir. Lakin həmin şirkətlər də müəyyən ölkələrə bağlı olduğundan onların diktəsi ilə hərəkət edəcəklər”.


MANŞET XƏBƏRLƏRİ