Bakı və İrəvan razılığa gələ bilər, amma... – “Qaranlıq” sülh perspektivi


Analitik: “Mümkündür ki, tərəflər 17 maddəlik mətn üzərində sülh sazişinə dair niyyət protokolu, yaxud çərçivə sazişi kimi sənəd imzalasın”

Ötən ilin sonlarında Azərbaycan Prezidenti İlham Əliyev Rusiya mediasına müsahibəsində Azərbaycan-Ermənistan sülh sazişi barədə danışarkən bildirmişdi ki, rəsmi Bakının şərtləri İrəvan tərəfindən yerinə yetirildikdən sonra müqavilənin bağlanmasına əngəl qalmayacaq.

Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddənin ləğvindən, Minsk Qrupunun de-yure ləğvi üçün ATƏT-ə birgə müraciətdən gedir. Eyni zamanda, ölkə başçısı tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmasının vacib olduğunu diqqətə çatdırmışdı.

Azərbaycan liderinin müsahibəsində səsləndirdiyi fikirlərə Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən cavab verilib. Qarşılıqlı şəkildə beynəlxalq iddialardan çəkilməyin İrəvan üçün məqbul olduğunu desə də, digər prinsipial məsələlərdə Ermənistan rəhbərliyinin mövqeyi aydın deyil.

Siyasi strateqlər hesab edirlər ki, tərəflərin sülh istiqamətində yaxınlaşması hiss olunur ki, bu, 2025-ci ildə sazişin imzalanması ehtimalını artırır.

Ermənistanın hazırkı mövqeyi və 2025-ci ildəki gözləntilərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan Baş nazirinin Azərbaycan Prezidentinin Rusiya mediasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə cavabı özünümüdafiə-özünübəraət xarakterli idi:

- Çünki Bakı-İrəvan sülh sazişi mətninin 17 maddədən ibarət olduğunu, razılaşdırılan və razılaşdırılmayan maddələrin olduğunu Ermənistan rəhbərliyi açıqlsa da, detalları gizli saxlayırdılar. Ermənistan ictimaiyyəti bu məsələ üzərində ciddi müzakirələr aparırdı və müxtəlif versiyalar, iddialar, hakimiyyətə qarşı ittihamlar irəli sürülürdü. İlk dəfə Prezident İlham Əliyev razılaşdırılmayan maddələrin, eləcə də Bakının şərtlərinin nədən ibarət olduğunu detallı şəkildə açıqladı. Paşinyan üçün arzuolunmaz vəziyyətin yarandığı görünürdü. Çünki Ermənistan cəmiyyəti detalları ondan yox, Əliyevdən öyrənirdi və bu, ona qarşı əlavə ittihamlara yol açdı. Bu baxımdan, erməni Baş nazir tələsik şəkildə müsahibə verərək, kontr-cavablarını təqdim etdi və onun səsləndirdiyi fikirlərin həm də ictimai rəyə hesablandığını nəzərə almaq lazımdır. Bu baxımdan, Paşinyanın dedikləri ilə danışıqlardakı mövqeyi arasında müəyyən fərqlərin ola biləcəyi istisna edilməməlidir. Əliyevin detalları açıqlaması isə Bakının diplomatik hücumu və rəsmi İrəvana şərtlər qəbul edilməyəcəyi təqdirdə yarana biləcək situasiyanı göstərmək mesajı olduğunu da hesab etmək olar.

- Minsk Qrupunun rəsmən ləğvi ilə ATƏT-ə İrəvanla Bakının birgə müraciəti yaxınlarda mümkündürmü?

- Paşinyanın açıqlamasından belə görünür ki, rəsmi İrəvan Minsk Qrupunun de-yure mövcudluğunun ləğv edilməsini danışıqlarda kartlardan biri kimi istifadə etməyə çalışır. Ermənistan da anlayır ki, münaqişənin həllindən sonra de-fakto mövcud olmayan bu qrupu de-yure saxlamaq mümkün deyil. Fikrimcə, Qrupun ləğvi ilə bağlı birgə müraciətə Bakıdan nəsə almaq qarşılığında razılaşmaq istəyirlər. Erməni Baş nazir Minsk Qrupunun ləğvi məsələsinə cavabında Qərbi Azərbaycan məsələsinə toxundu. Bu o deməkdir ki, İrəvan Bakının Qərbi Azərbaycan konsepsiyasından imtina etməsi qarşılığında Minsk Qrupundan imtinaya razıdır. Və həm də o deməkdir ki, deportasiya olunmuş azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüququnu Ermənistana qarşı “ərazi iddiası” olduğunu iddia edən İrəvan Minsk Qrupunun de-yure mövcudluğunu Azərbaycana qarşı ərazi iddiası kimi saxlamaqda maraqlıdır. Ermənistan rəhbərliyi “barter” istəyir: Bakı Qərbi Azərbaycan məsələsindən imtina etməli, İrəvan da Minsk Qrupunun de-yure mövcudluğundan.

- Bakı buna razılaşacaqmı?

- Güman etmirəm ki, razılaşacaq. Yəni məsələnin yaxın dövrdə həllini tapacağı çətin görünür. Çünki Bakı azərbaycanlıların qayıdış hüququndan imtina etməyəcək. Bu, beynəlxalq hüquqa əsaslanan məsələdir və heç də Paşinyanın dediyi kimi ərazi iddiasına əsaslanmır. Onu da nəzərə almaq lazımdır ki, Minsk Qrupunun de-yure ləğvində maraqlı olmayan tərəflər var. Xüsusilə, Fransa bölgədəki planlarında bu məsələdən gələcəkdə istifadə etmək niyyətindədir. Ermənistan bu məsələdə addım atarkən, müttəfiqi hesab etdiyi Fransanın da mövqeyini nəzərə almalıdır.

- Avropa müşahidə missiyası ilə bağlı Paşinyanın dediklərini necə şərh etmək olar?

- Paşinyan üçüncü ölkələrin qüvvələrin, yəni Avropa İttifaqının müşahidə missiyasının sərhəddən çıxarılmasını demarkasiya prosesi ilə eyniləşdirir və bununla Bakının şərtinə qarşı şərt irəli sürmüş olur. Erməni Baş nazir bildirir ki, “sərhədin demarkasiya olunmuş hissələrində üçüncü ölkələrin qüvvələrin yerləşdirilməməsi ilə bağlı Bakıya təklif göndəriblər”. Yəni Ermənistan Azərbaycana bildirir ki, üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılmasını istəyirsinizsə, demarkasiya prosesini başa çatdırmalıyıq. Bu iki məqsədə xidmət edir. Birincisi, sərhədin demarkasiyasının İrəvanın istədiyi şərtlərə, yəni SSRİ dağılanda mövcud xətlər üzrə aparılmasını təmin etməkdir. Belə olan halda SSRİ dövründə ermənilərə verilən ərazilərimiz üzərində Ermənistanın legitimliyi qəbul edilir, eyni zamanda, Azərbaycan Ordusunun çıxdığı strateji yüksəkliklərdən geri çəkilməsi – məsələn, 2022-ci ilin sentyabr döyüşlərində İstisu istiqamətində nəzarətin bərpa edildiyi yüksəkliklər – aktuallaşır.

İkincisi, demarkasiya uzunmüddətli prosesdir və İrəvan Aİ müşahidəçilərinin çıxarılmasını bu mövzuya calaq etməklə əslində qalmaq müddətinin uzadılmasına bəhanə yaradır. Paşinyanın faktiki olaraq, üçüncü ölkələrin çıxarılmasında Bakı üçün məqbul olmayan şərt irəli sürür. Əslində Aİ müşahidəçilərinin Ermənistanda qalmasında həm Brüssel, həm İrəvan maraqlıdır və bu ilin fevral ayında missiyanın müddəti başa çatır. Lakin Ermənistan onların qalması üçün variantlar axtarışındadır, irəli sürdükləri şərt də belə variantlardan biridir.

- Prezident İrəvana silahlanmanı dayandırmaqla bağlı xəbərdarlıq etdi. Sizcə, Ermənistan Əliyevin çağırışından və xəbərdarlığından sonra silahlanmanı dayandıra bilərmi?

- Ermənistanın silahlanmanı dayandırmayacağı, əksinə, daha da genişləndirəcəyi aydın görünür. Ermənistanın müdafiə naziri Suren Papikyanın son səfərlərinə - ABŞ-dan tutmuş Fransaya, hətta Cənubi Koreyaya qədər uzanan coğrafiyasında silah axtarışı da bunu deməyə əsas verir. Cənubi Qafqazda maraqlı olan ölkələr – Fransa, Hindistan və digərləri də Ermənistanın silahla təchiz edilməsinə çalışır. Bu baxımdan, silah məsələsində İrəvanın geri addım atacağını demək çətindir.

- Tərəflərin bəyanatları fonunda 2025-ci ildə sülh sazişi perspektivini nə qədərdir?

- 2025-ci ildə fors-major situasiya yaşanmasa - məsələn, Ermənistanı dəstəkləyən oyunçular bölgədən tamamilə çıxması kimi hal yaşana bilər ki, bu da çətin görünür - sülh sazişinin imzalanması perspektivləri yenə qaranlıqdır. Tərəflər arasında ziddiyyətli məsələlər var, verilən bəyanatlar da həll yollarının mürəkkəb olduğunu göstərir. Lakin ABŞ-da yeni seçilən Prezident Donald Trampın fəaliyyətə başlamasından sonra sülh danışıqlarının intensivləşə biləcəyi daha realdır. Prezident İlham Əliyev bildirdi ki, razılaşdırılmayan məsələlərlə bağlı razılığa gəlmək imkanı var. Mümkündür ki, tərəflər 17 maddəlik mətn üzərində sülh sazişinə dair niyyət protokolu, yaxud çərçivə sazişi kimi sənəd imzalasın. Bu, daha çox tərəfələrin sülhə sadiq olduğuna aid sənəd ola bilər və digər məsələlərin müzakirəsinə davam etsin. Lakin yekun sülh sazişinin imzalanması gözləntisi azdır. Proseslərin inkişafı 2025-ci il Cənubi Qafqaz uğrunda mübarizənin kəskinləşməsi istiqamətində ola bilər və Tramp administrasiyasının regionla bağlı siyasəti bu proseslərdə əsas həlledici amillərdən biri olacaq.


MANŞET XƏBƏRLƏRİ