Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər


Nazim Cəfərsoy: “Elə nüanslar var ki, bunlar 2025-ci ildə sülh sazişinin imzalanacağına ümidləri azaldır”

Ötən 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı gözləntiləri çox idi. Analitiklərin bir çoxu 2024-cü ili “sülh ili” kimi xarakterizə edirdilər. Bu proqnozlar üçün təbii ki, əsaslar da mövcud idi. Çünki 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu Qarabağda keçirdiyi antiterror əməliyyatı ilıə suverenliyini bütün ərazilərində bərpa etdi. Qarabağda yaşayan təxminən 20 min erməninin bölgəni könüllü şəkildə tərk etməsindən sonra sülh sazişinin imzalanması üçün real şəraitin yetişdiyi düşünülürdü.

Amma sülh sazişi üçün Azərbaycan tərəfinin şərtlərinin, daha doğrusu, iki şərtinin – Ermənistan Konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk Qrupunun de-yure ləğvi üçün tərəflərin birgə müraciəti şərtinin İrəvan tərəfindən yerinə yetirilməməsi sülh müqaviləsinin imzalanmamasına zəmin yaratdı.

Artıq 2025-ci ilin ilk günlərini yaşayırıq. Bu il də yekun sülh sazişinin imzalanacağını düşünənlər mövcuddur. Amma pessimist yanaşmalar da mövcuddur.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Azərbaycanlı politoloq, siyasi elmlər doktoru, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Nazim Cəfərsoy deyib ki, Azərbaycan perspektivindən 2024-cü il ümidli başlamışdı:

- Qarabağ zəfərindən sonra Azərbaycan antiterror əməliyyatları ilə suverenliyini tam bərpa etmişdi. Bundan sonra Azərbaycanın önündə bir neçə əsas məqsəd var. Şübhəsiz ki, əsas məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişidir. 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra düşünülürdü ki, sülh müzakirələri 2024-cü ildə yekunlaşacaq. Bu barədə müsbət proqnozlar mövcud idi. Belə proqnozu verməyə əsas verən addımlar da mövcud idi. Məsələn, ötən il ilk dəfə Ermənistan dinc yolla Azərbaycanın ərazilərini qaytardı, orada delimitasiya və demarkasiya işləri həyata keçirildi. Söhbət Qazaxın işğaldan azad edilən dörd kəndindən və o hissədəki sərhədlərin dəqiqləşməsindən gedir. Bu, çox önəmli hadisə idi.

Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində 2020-ci ildə yerləşdirilmiş Rusiya sülhməramlı missiyasının taleyinin necə olacağı sualları vardı. Bir çox hallarda sülhməramlı kontingentin bölgəni tərk etməyəcəyi bildirilirdi. Amma Azərbaycan diplomatiyasının uğurlu gedişi ilə sülhməramlılar ərazidən çıxarıldı. Hətta bu proses gözlənildiyindən daha sürətli şəkildə baş verdi. Azərbaycan dövləti elə uğurlu xətt seçdi ki, sülhməramlı məsələsi birdəfəlik həll olundu. Sülhlə bağlı da bir çox uğurlu addımlar atılıb. Bəllidir ki, sülh sazişi layihəsinin demək olar ki, 85-90 faizi razılaşdırılıb. Bu, tərəflərin, yəni Bakı və İrəvanın bəyanatlarından bəlli olur. Hesab edirəm ki, 2024-cü ildən sülhlə bağlı gözləntilər tam doğrulmasa da, bu istiqamətdə müsbət addımlıar atılıb. Ümumilikdə, 2024-cü ili sülh prosesində irəliləyiş ili kimi xarakterizə etmək mümkündür.

- Artıq 2025-ci ildəyik və bu ildən sülh gözləntiləri realdırmı?

- Əlbəttə, gözləntilər çoxdur. Xüsusilə də, Azərbaycan cəmiyyətində sülh sazişi ilə bağlı gözləntilər var. Çünki Azərbaycan Ordusunun zəfəri ilə bitən müharibədən 4 ildən çox vaxt keçib. Məntiqlə hər bir müharibə sülhlə yekunlaşmalıdır. Amma mən proqnozlarda, gözləntilərdə bir qədər ehtiyyatlılğın tərəfdarıyam. Çünki pozitiv düşünməyə əngəl olan bir çox məsələlər var. Hazırkı mənzərəyə daha diqqətli, ehtiyyatlı baxılmasından yanayam. Elə nüanslar var ki, bunlar 2025-ci ildə sülh sazişinin imzalanacağına ümidləri azaldır. Baxın, Ermənistan tərəfindən sülh barədə bəyanatlar verilsə də, sürətlə silahlanır. Azərbaycan da müdafiə xərclərini hədsiz dərəcədə artırıb. Görünən odur ki, Azərbaycan dövlətinin idarəedicilərinin fikrincə, 2025-ci il həm Ermənistan faktoru baxımından, həm də regional faktorlar baxımından yetərincə riskli qiymətləndirilir. Üstəlik, riskli il olduğu fikrini dəstəkləyən başqa faktorlar da mövcuddur. Məsələn, Azərbaycanın quru sərhədlərinin açılmamasının real səbəbi təhlükəsizlik göstərilir. Bunu ölkənin birinci şəxsi bir neçə dəfə söyləyib. Addımlar onu göstərir ki, bölgədə optimist olmağa imkan tanımayan motivlər var.

Sülh sazişinin imzalanması həm də rəsmi İrəvanın atacağı addımlardan və erməni cəmiyyətinin təfəkküründə dəyişikliklərdən asılıdır. Biz özümüz-özümüzlə sülh sazişi imzalamırıq, qarşı tərəf var. Sual olunur ki, Ermənistan rəhbərliyi və erməni cəmiyyəti sülhə hazırdırmı?

- Sizcə, rəsmi İrəvan və erməni cəmiyyəti buna hazırdırmı?

- Rəsmi İrəvan hər halda sülh bəyanatları verir, müəyyən razılaşmalara hazır olduğunu bildirir. Digər tərəfdən, silahlanma həyata keçirilir ki, bu da sülhə əngəldir. Bəlkə də Ermənistanın havadarlarının təsirləri olmasa, basqıları olmasa, rəsmi İrəvanın sülh sazişinə hazır olduğunu demək mümkün olar. Demək ki, Ermənistana təsir və təzyiqlərdən çox şey asılıdır.

Erməni cəmiyyətinin sülhə hazır olduğunu isə demək mümkünsüzdür. Mən bu məsələdə o qədər də optimist deyiləm. Çünki Ermənistanın daxilində son 200 ildə formalaşmış daxili siyasi mühit, elit təbəqənin mənəzərəsi, onun cəmiyyətə təbliğatı o qədər də dəyişikliyə səbəb olmayıb. Ermənilərin canından türk əleyhdarlığı, türk düşmənçiliyi çıxa bilmir. Oradakı siyasətçilər, hansı ki, buraya Baş nazir Nikol Paşinyan da daxildir, dönüb cəmiyyətə deyəndə ki, “biz artıq öz maraqlarımızı qorumalıyıq”, oradakı erməni elitası, cəmiyyəti bundan şok keçirir. Revanşist, ya revanşist olmayan olsun, sayları az, yaxud çox olsun, fərqi yoxdur, bir tərəfdən katakalizm içərisinə girir. Çünki indiyədək onun anladığı Ermənistan, onun xəyalındakı Ermənistan reallığa uyğun olmayan, yalan üzərində qurulmuş Ermənistandır. Təsəvvür edin ki, bir anda cəmiyyətə 200 ildir inandığı dövlətin əslində mif olduğunu, reallığın başqa olduğunu deyirsən. Təbii ki, bu cəmiyyət şoka düşəcək. Reallığı anlaması, dərk etməsi və buna uyğunlaşması erməni cəmiyyəti üçün üçün elə də asan deyil. Ona görə də 2025-ci ildə sülhün əldə olunması sualına birmənalı cavab vermək çətindir.


MANŞET XƏBƏRLƏRİ