Tramp Ağ Evə qayıtmamış ermənipərəst senatorlar tələsik növbəti üzdəniraq qətnamə hazırlayıblar - Bakıdan sərt etiraz
Amerikalı ermənipərəst senatorlar - Qari Piters və Bill Kessidi Senata Azərbaycan əleyhinə ikipartiyalı qətnamə layihəsi təqdim ediblər.
Layihədə Bakı Qarabağda etnik təmizləmə aparmaqda ittiham olunur, Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırış edilir, “əsir” ermənilərin dərhal azad olunması və Bakıya hərbi yardımın (görəsən hansı hərbi yardımdan söhbət gedir? - red.) dayandırılması, “Qarabağ xalqının geri qayıtmaq hüququnun həyata keçirilməsi” tələb olunur. “Yeni Müsavat” yazır ki, bu barədə “Daşnaksütyun”un mərkəzi ofisindən məlumat verilib. Layihənin həmmüəllifi Kessidi bu xüsusda deyib: “Azərbaycan Avropanı enerjiyə görə girov saxlayır, lakin Luiziana Avropanın ehtiyaclarını ödəmək üçün kifayət qədər enerjiyə malikdir”. Mətndə həmçinin iddia olunur ki, beynəlxalq hüquq ekspertləri, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo (ermənilərin çoxdan ələ aldığı fırıldaqçı prokuror - red.) və BMT baş katibinin soyqırımın qarşısının alınması üzrə keçmiş xüsusi müşaviri (Okamponun başqa bir tayı, o da çoxdan rəsmi vəzifə daşımır - red.) Xuan Mendez hesab edirlər ki, “Dağlıq Qarabağın azərbaycanlılar tərəfindən blokadaya alınması BMT-nin Soyqırım Konvensiyasına görə, qanun pozuntusudur”. Və bu kimi digər absurd, əsassız ittihamlar, şər-böhtanlar...
Belə görünür ki, yeni prezident Donald Tramp öz komandasını formalaşdırıb qurtarmamış erməni lobbisinin satın aldığı bu dələduzlar vasitəsilə Konqresdən hansısa anti-Azərbaycan sənədini keçirib onu fakt qarşısında qoymaq istəyirlər. Ancaq layihənin Konqresdən keçmə ehtimalı nə dərəcədədir? Keçərsə Tramp onu imzalayarmı? Xatırladaq ki, ABŞ-ın erməni lobbisi son prezident seçkilərində Trampı dəstələyən bəyanatla çıxış etməyib. Yəni ondan əlini üzmüş kimi idi. Ona görə də senatorlar tələm-tələsik bir üzdəniraq qətnamə layihəsi hazırlayıblar ki, yeni rəhbər Ağ Evə gəlməmiş Azərbaycana xainlik etsinlər.
Qabil Hüseynli
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a sözlərinə görə, 4 il ərzində çoxsaylı qətnamə layihələri olub, lakin heç biri keçməyib. O inanmır ki, bu bədnam ideya da reallaşa. Professorun fikrincə, son akkordlarını vuran hazırkı Ağ Ev rəhbərliyi hakimiyyəti iflasla tərk etməkdədir: “Azərbaycan dövləti Birləşmiş Ştatlarla səmimi, dürüst davranmağa çalışdı, hər dəfə qarşı tərəf münasibətləri korlamağa başladı. İndi biz Bayden dövrünü unudub irəli baxmalıyıq. Çünki Tramp dönəmi gəlir və Bakı Vaşinqtonla əlaqələri sahmana salmağa ümid edir. Hazırkı gərginlik bizim ucbatımızdan olmayıb. Azərbaycan nə supergüclə qarşıdurmada maraqlıdır, nə də strateji tərəfdaşını itirmək istəyir. Biz mühüm layihələr icra edir, ABŞ üçün Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır, Rusiya və İran kimi iki nəhəng gücün ortasında balans siyasəti yürüdürük. Bu həqiqətləri nəzərə almadan, Bayden komandası 4 il dayanmadan üzərimizə gəldisə, deməli, reallıq hissini itiriblər”.
Professor qətnamənin qəbul edilməyəcəyinə əmindir və ümid edir ki, yeni administrasiya Konqres üzərindən cılız oyunlara getməyəcək: “Azərbaycan elan etdi ki, Dövlət Departamenti Konqresə təlimat verir. Hətta Milli Məclisdə sazişləri dayandırmaq təklif olundu. Ardınca ABŞ səfirliyi səviyyəsində kampaniya başladı. Beləliklə, ssenariləşdirilmiş bir təzyiq siyasəti müşahidə olunur. Sadəcə, Azərbaycan dövləti haqsızlığa susmur və bu, Amerika olsa belə cavabını verir. Bundan sonra da hansısa əsgi parçası qəbul olunsa, nəticə dəyişməyəcək. O layihəni hazırlayanlar əla bilirlər ki, nə ermənilər qovulub, nə dediklərində sübut var”.
Q.Hüseynli sanksiyaların tətbiqini istisna edir və bu çağırışlara məhəl qoyulacağını gözləmir: “Azərbaycan Avropanın enerji təminatında mühüm paya malikdir və Vaşinqton bizim hansı əhəmiyyət daşıdığımızı dərk edir. Ukraynada gedən müharibə fonunda Azərbaycana sanksiya tətbiq edilməsi mümkün deyil. Məncə, ermənipərəst senatorlar ilin sonuna yaxın lobbidən aldıqları pulların axırıncı xidmətini yerinə yetirirlər. Bununla erməni lobbisinə göstərirlər ki, ”biz axıra qədər əlləşib-vuruşduq, qanun layihələri hazırladıq, onların Konqresdən keçməsinə cavabdeh deyilik".
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev korrupsiyaya bulaşmış senatorların növbəti iyrənc addım atdıqlarını düşünür. Onun sözlərinə görə, ABŞ-dakı səfirliyimiz, həmçinin, orada olan azərbaycanlı icma və diaspor təşkilatları etirazlarını bildirməlidirlər: “Amerikalı senatların hərəkətləri əndazəni aşmaqdadır. Hər dəfə bir qətnamə ilə çıxış edirlər. Təbii ki, heç bir hüquqi çəkisi olmayan layihələrdir, amma Amerikadakı azərbaycanlı fəallar da səsini çıxarmalıdırlar, diplomatlarımız çıxış etməlidirlər. Çünki ABŞ kimi nəhəng bir dövlətdə senatorların açıqlamalarını dünya izləyir və beynəlxalq ictimaiyyəti inandırmağa çalışırlar. Halbuki Qarabağdan gedən ermənilərin bir qismi Ermənistan vətəndaşlarıdır, bir hissəsi işğal dövründə süni şəkildə məskunlaşdırılmış ərəb ölkələrindən gətirilən ermənilərdir, qalanı da ümumiyyətlə, Rusiya və Avropaya köç edib. Bu müddət ərzində Qarabağdan gedən ermənilərdən bir qrup çıxıb deməyib ki, bizi qovdular, etnik təmizləməyə məruz qoydular. Onların yerinə niyə senatorlar danışmalıdırlar? Deməli, erməni lobbisinin sifarişidir və xəritədə yerini bilmədikləri ərazi haqda cəfəngiyyat danışırlar”.
Partiya funksioneri hesab edir ki, etnik təmizləmə uydurmadır və bircə fakt olsaydı, çoxdan Ermənistan həşir qoparmışdı: “Bu bəhanələr Azərbaycana təzyiqləri artırmaq məqsədi daşıyır. Əsas niyyət bizi gözdən salmaq, aqressor kimi təqdim etmək, nüfuzumuza zərər vurmaqdır. Azərbaycan isə ermənilər köçəndə onları hər bir ehtiyacları ilə təmin etmişdi. Hətta avtobuslar ayrılmışdı. Dövlət onlara qalmağı təklif etdi, razılaşmadılar. Bəs, senatorların arzusu nədir? Yəni orada xunta rejimi mövcudluğunu davam etdirməliydi və erməni əhalisi onlara tabe olmalıydı? Bunu yuxularında görəcəklər. Azərbaycan separatizmi məhv edib və oradakı etnik erməni əhaliyə də vətəndaşlıq təklif edib. Azərbaycanda digər etnik millətlər yaşayır, hamı kimi eyni hüquqlara malikdirlər, onlara heç bir ayrı-seçkilik edilmir. Etnik ermənilərin isə talışlardan, ləzgilərdən, avarlardan heç bir üstünlüyü yox idi ki, əksikliyi ola bilərdi - çörəyimizi yeyib, suyumuzu içib bizə xainlik etdiklərinə görə...”