ABŞ-ın yeni prezidenti 1874-cü ildən bəri ilk dəfə bu ənənəni pozmaq istəyir
Noyabrda ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə xarici liderlər də dəvət olunub.
Turkustan.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd edək ki, ABŞ prezidentinin andiçmə mərasimlərində adətən xarici səfirlər və digər diplomatlar iştirak edir. Belə görünür ki, 1874-cü ildən bəri ilk dəfə Tramp bu ənənəni pozmaq istəyir.
Çin lideri Si Cinpin Amerika Donald Trampın yanvarda keçiriləcək andiçmə mərasimində böyük ehtimalla iştirak etməyəcək. Bu barədə CBS telekanalı öz mənbələrinə istanədən xəbər verib.
CBS-dəki iki anonim mənbə bildirib ki, Trampın andiçmə mərasimində Vaşinqtondakı Çin səfiri iştirak edəcək və çox güman ki, Pekindən də rəsmilər gələcək, lakin Çin lideri tədbirə qatılmayacaq.
Trampın sözçüsü Karoline Leavitt “Fox News” telekanalına yayılmış xəbərləri təsdiqləyib: “Bu, Prezident Trampın təkcə müttəfiqimiz olan deyil, həm də bizim rəqib və düşmənlərimiz olan ölkələrin liderləri ilə açıq dialoq qurmasının bir nümunəsidir”.
Qeyd edək ki, Tramp Çini sərt tənqid etməklə yanaşı, eyni zamanda Si Cinpin haqqında da müsbət fikirlər səsləndirib.
“O, 1,4 milyard insanı dəmir yumruqla idarə edir. Demək istəyirəm ki, o, xoşunuza gəlsə də, istəməsəniz də, o, əla oğlandır”, - Tramp oktyabrda qatıldığı bir teleşouda belə deyib.
Çinlə münasibətlərə gəlincə, Tramp vəzifəyə başladıqdan sonra Çin mallarına idxal rüsumlarını kəskin artıracağını vəd edir.
Trampın dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri təyin etməyi planlaşdırdığı Marko Rubio və Mayk Vals da Çin haqqında kəskin mənfi fikirdədir. 2020-ci ildə Çin o zamankı senator, indi dövlət katibi vəzifəsinə namizəd olan Rubioya qarşı sanksiyalar tətbiq edib və onun ölkəyə girişinə qadağa qoyub.
Trampın milli təhlükəsizlik üzrə müşaviri təyin etməyi planlaşdırdığı Mayk Vals isə bildirib ki, Birləşmiş Ştatlar təcili olaraq Ukrayna və Yaxın Şərqdəki müharibələri dayandırmalı və diqqətini ABŞ üçün əsas təhlükə hesab etdiyi kommunist Çinlə üzləşməyə yönəltməlidir.
Noyabrda ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldikdən sonra Tramp Kanadanın baş naziri Castin Trüdo, Argentina prezidenti Xavyer Miley, Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski də daxil olmaqla bir sıra xarici liderlərlə görüşüb.
Karoline Leavitt bildirib ki, digər xarici liderlər yanvarın 20-də Vaşinqtonda keçiriləcək andiçmə mərasiminə dəvət olunub, lakin kimlərin olduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, seçkilərdən əvvəl rəsmi Bakı respublikaçı namizəd Trampa dəstəyini gizlətməyib. Azərbaycan Prezidenti İlham Əliyev isə noyabrın 25-də Trampa zəng edib.
Telefon danışığı əsnasında dövlət başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.
Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib.
Sonda onu da yada salaq ki, Trampın andiçmə mərasimi Azərbaycanda 20 Yanvar hüzn gününə təsadüf edəcək. /Musavat.com/