Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın sülhlə bağlı bütün tələblərini yerinə yetirməyə hazırdır.
Turkustan.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Past” yazır.
Nəşr bildirir ki, Paşinyan ötən həftə Vaşinqtonla əlaqələri dərinləşdirmək üçün Xarici İşlər Nazirliyinə nəyin bahasına olur-olsun, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla ikitərəfli görüş hazırlamağı tapşırıb:
“Bunun üçün yaxşı fürsət Parisdə Notr-Dam kilsəsinin açılış mərasimi ola bilərdi. Amma Fransanın paytaxtında piyada görüş oldu. Bu günlərdə iqtidar dairələri Paşinyanın fevralda Vaşinqtona səfər edə biləcəyi barədə məlumat yayırlar.
Bu mövzuya toxunan “Respublika Meydanı” Teleqram kanalı baş nazirinin ofisindəki mənbəsinə istinadla bildirib ki, Paşinyan Trampın xarici siyasət fəaliyyəti fonunda Ağ Evin yeni administrasiyası ilə işi mümkün qədər sürətləndirmək qərarına gəlib”.
Müəlliflərin fikrincə, bu, Paşinyanın Bakı və İrəvan arasında uzun müddətdir davam edən sülh prosesini Trampın hakimiyyəti dönəmində yekunlaşdırmaq istəyi ilə bağlıdır.
“Bu halda Paşinyan Azərbaycanın irəli sürdüyü bütün tələbləri yerinə yetirməyə hazırdır”, – mənbə əlavə edir. /konkret.az/