Yəqin ki, İranda Azərbaycanın 18 il öncəki yaxşılığını unutmayıblar - Deputat


Azərbaycan İranda konsulluq fəaliyyətini dekabrın 15-dən bərpa edəcək. Müvafiq şöbə Azərbaycanın İrandakı səfirliyində fəaliyyət göstərəcək.

Azərbaycanın diplomatik missiyasının İrana qayıtması iki ölkə arasında münasibətin normallaşdığını göstərir.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır:

“İkitərəfli münasibətlər yüksək səviyyədə olduqda, çoxtərəfli münasibətlərin də analoji yüksək səviyyəsi formalaşır. İkitərəfli münasibətlərimizin içərisində isə əsas istiqamət qonşularla münasibətlərdir. Hələ ki Ermənistan istisna olmaqla bütün qonşularımızla münasibətlərimizin yüksək səviyyədə olması bizim xarici siyasət doktrinamızın əsas istiqamətlərindən biridir”.


Deputat bildirib ki, Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olmasında Azərbaycan dövləti maraqlıdır:

“Təəssüf ki, münasibətlərimizin enişli-yoxuşlu dövrləri var. Xüsusilə də Azərbaycanın İrandakı səfirliyinə edilmiş məlum basqın və oradakı ölüm hadisəsindən sonra münasibətlərimizdə kəskin eniş baş verdi. Ancaq hesab edirəm ki, indi münasibətlərimizin əvvəlki səviyyəyə qayıdışı üçün yaxşı imkanlar pəncəsi açılıb. Xüsusilə də Azərbaycanın Tehranda konsulluğunun faəliyyətə başlaması təbii ki, ikitərəfli münasibətlərdəki gərginliyin aradan qaldırıldığının ifadəsidir. Eyni zamanda İranın yeni seçilmiş prezidenti əvvəlki dövrdə buraxılmış müəyyən səhvlərin düzəldilməsi və daha praqmatik siyasətin aparılması ilə bağlı mövqe ortaya qoyub. Məsələyə bu xüsusda yanaşdıqda hesab edirəm ki, konsulluğun fəaliyyətə başlaması rəsmi Bakı-Tehran münasibətlərindəki müəyyən anlaşılmaz məqamların da aradan qaldırılması mənafeyinə xidmət göstərmiş olar".

E.Nəsirovun sözlərinə görə, rəsmi Tehran fərqindədir ki, Azərbaycan heç bir zaman Qərbin İrana qarşı təzyiq kampaniyasında yer almayıb, əksinə əleyhinə olub:

“Yəqin ki, İranda unutmayıblar ki, 18 il əvvəl, 2006-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfəri zamanı İrana qarşı Azərbaycan ərazisindən də istifadə edilməsi dilə gətirilmişdi. Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş tərəfindən də təşəbbüslər irəli sürülmüşdü. Amma cənab Prezident həm Ağ Evin rəhbəri ilə danışıqlarında, həm də keçirilən brifinqdə birmənalı şəkildə mövqe ifadə etdi ki, heç bir halda üçüncü dövlət Azərbaycan ərazisindən qonşu İrana qarşı müharibəyə başlaya, zərbə endirə bilməz. Bu, bizim üçün qəbuledilməzdir. Üstündən 18 il keçib, Azərbaycan həmin siyasətə sadiqdir. Cənab Prezidentin sözü imzası qədər gücə malikdir. Biz bunun qarşılığında ABŞ-dən də xeyli təzyiqlər gördük. Bu təzyiqlər indiyə kimi də davam edir. Bunun əsas səbəbi o idi ki, Azərbaycan İrana münasibətdə məhz mehriban qonşuluq siyasətinə sədaqət nümayiş etdirdi. İndiki məqamda münasibətlərimizin bundan sonrakı inkişafı üçün yaxşı imkanlar açılıb. Hesab edirəm ki, rəsmi Tehran da bu reallıqları, Azəbaycanın İranın müdafiəsi naminə vaxtilə apardığı və bu gün davam etdirdiyi siyasətin mahiyyətini və fəlsəfəsini düzgün dəyərləndirəcək”.


MANŞET XƏBƏRLƏRİ