Azərbaycan Avropaya ən çox qaz satan beş ölkədən biridir - "Qoca qitə"-də rolumuz artır...


Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ilin ilk 11 ayında 8 faizə yaxın artıb. Belə ki, həmin müddətdə 11.7 milyard kubmetr Azərbaycan qazı Avropa bazarına daxil olub.

Bütövlükdə, bu ilin yanvar-noyabr aylarında xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur.

Avropaya ilə yanaşı Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, Avropanın bir sıra dairələrində qərəzli qətnamələrin qəbuluna rəğmən Azərbaycan köhnə qitənin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunu artırmaqdadır.

Onun sözlərinə görə, artıq Avropa İttifaqına qaz idxalı həcminə görə Azərbaycan ilk beşlikdə qərarlaşıb.

"Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verildiyi 2020-ci il dekabrın 31-dən indiyədək Avropaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı ixrac olunub", - o, əlavə edib. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ