Ermənistanın ərazisi iki dəfə kiçilə bilər – Paşinyan narahatdır…


Ermənistan Baş naziri Nikol Paşinyan son günlər sülh müqaviləsinin imzalanmasına mane olacaq açıqlamalar səsləndirməkdə davam edir. Konstitusiya dəyişikliyinə ehtiyac olmadığını bildirməsinin ardınca verdiyi açıqlama ilə yenidən gündəmə gəldi.

Belə ki, o, Ermənistanın SSRİ dövründə mövcud olan sərhədlərindən imtina etməyəcəklərini vurğulayıb:

“Açıq deməliyəm ki, belə yanaşma Ermənistan üçün çox təhlükəlidir. Çünki SSRİ dövrünün xəritələrindən imtina etmək dövlətçilik və müstəqillikdən imtina etmək deməkdir”.

Paşinyanın bu yanaşması nədən xəbər verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Faiq Ələkbərli deyib ki, Ermənistan 1918-ci ildə Ararat adı ilə yarananda cəmi 10 min kvadrat kilometrə yaxın ərazisi var idi:

“20 min kvadrat km ərazi məhz Sovet Rusiyasının böyük əməyi nəticəsində Ermənistan SSR-yə pay verilmişdi. 1918-ci il noyabrın 29-da Ermənistan SSR-nin yaradılması təsadüfi deyildi. Onu Azərbaycana qarşı genişləndirib, gücləndirməyi hədəf seçmişdilər.

faiq elekberli

Faiq Ələkbərli

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi isə ən azı 120 min kvadrat km idi. Bir çox ərazilərimiz isə Ermənistan SSR-yə birləşdirilirdi. Bu proses 1930-cu ilə qədər böyük vüsətlə həyata keçirildi. Qərbi Zəngəzur, Göyçə və digər ərazilər Ermənistan SSR-yə hədiyyə edildi”.

Siyasi şərhçinin sözlərinə görə, Nikol Paşinyanın son açıqlaması da məhz buna hesablanıb:

“Yəni, Ermənistan həmin ərazilərdən imtina edərsə, deməli, 1918-ci ildə olduğu kimi cəmi 10 min kvadrat kilometrə yaxın ərazini qəbul edəcək. Ermənistanın əslində narahat olmağa ciddi əsası var. Sovet Rusiyasının formalaşdırdığı Ermənistan SSR demək olar ki, qeyri-qanuni mahiyyət daşıyır”.


MANŞET XƏBƏRLƏRİ