Mərkəz rəhbəri: “Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, mütləq müsbət addımlar atmalıdır”
Ermənistan mediasında Zəngəzur dəhlizi məsələsi gündəmin əsas mövzusu olaraq qalır. Həyəcanla dolu yazılarda erməni jurnalistlər və analitiklər vurğulayırlar ki, Azərbaycanın müttəfiqi Türkiyə Suriyadakı proseslərdə əsas rolu və bölgədə söz sahibinə çevriləndən sonra əsas diqqətini Cənubi Qafqaza yönəldəcək. Son günlər Türkiyə rəsmilərinin Zəngəzur dəhlizinin reallaşmasına çağırışlar etmələri, rəsmi İrəvanı Bakı ilə tezliklə sülh sazişi imzalamağa çağırması bu həyəcanı bir qədər də artırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanması vacibdir” bəyanatından sonra erməni cəmiyyəti hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti ya addımlar atacaq, ya da yeni müharibə olacaq. Hətta erməni mediası iddia edir ki, ilin sonunadək Zəngəzur uğrunda savaş gözlənilir.
Azərbaycan tərəfinin isə bəyanatları müharibədən yox, sülhdən yanadır. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün jurnalistlərə açıqlamasında deyib ki, “Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri arasında müzakirələr aparılır”.
H.Hacıyevin sözlərinə görə, iki ölkə arasında açıq qalan müəyyən məsələlər var ki, onlara da işçi qaydada baxılmaqdadır: “İki ölkə arasında müharibə faktoru qalmayıb. Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam şəkildə təmin edib. Ermənistan işğalçı qüvvələri də Azərbaycan ərazisindən çıxarılıb”.
Sülh sazişinə gəlincə isə elə bu gün daha bir rəsmi, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib ki, rəsmi Bakı Ermənistandan Konstitusiyasına dəyişikliklə bağlı qətiyyətli addımlar gözləyir: “Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var. Bununla bağlı Ermənistandan qətiyyətli addımlar gözləyirik. Son zamanlar bizim Ermənistan tərəfindən eşitdiyimiz arqumentlər isə bizi qane edə bilməz. Bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsinin növbəti qərarı bu işi daha da mürəkkəbləşdirib. Digər sözlə, qərarda Ermənistan Konstitusiyasının preambulasının dəyişməz olduğu, xüsusi olaraq preambulaya toxunmağın mümkün olmaması qeyd edilib. Bu, məsələni daha da mürəkkəbləşdirir. Çünki preambulada Ermənistan Müstəqillik Aktına istinad var və o sənəd də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozur. Bu qərar vəziyyəti daha da mürəkkəbləşdirir”.
Ermənistandakı ajiotajı, Zəngəzur dəhlizi məsələsi və sülh prosesi ilə bağlı AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Analitik bildirib ki, Suriyadakı proseslər təkcə Rusiya və İrana deyil, Ermənistana da dərs olmalıdır:
- İrəvan görməli və başa düşməlidir ki, üstünlük verdiyi rejim necə dağılır. Türkiyə və onun müttəfiqi Azərbaycanın isə bölgədə rolu artır, artmaqda da davam edəcək. Bu, Ermənistanı ciddi şəkildə düşündürməlidir. İrəvan Zəngəzur dəhlizinin işə düşməsini uzatmaqla heç nəyə nail ola bilməyəcək. Onsuz da Azərbaycan üçün alternativ yollar var. Zəngəzur dəhlizi daha çox Ermənistanın özünə lazımdır.
Paşinyan sanki güzəştlərə hazır olduğunu bəyanatlarında nümayiş etdirir. Hətta erməni hakim qüvvələr tərəfindən belə bir formul gündəmə gətirilib ki, fiziki təmas olmadan dəhlizdən istifadə edən insanlar yoxlanılsın. Hesab edirəm ki, bu, müzakirə oluna biləcək məsələdir. Azərbaycan tərəfi nə deyir: bizi gömrükdə yoxlamasınlar, çünki Azərbaycanın bir hissəsindən digər hissəsinə - Naxçıvana keçəcəyik. Düşünürəm ki, bu formulun işləmə mexanizmləri aydın olarsa, Azərbaycan razılaşa bilər.
Eyni zamanda, Paşinyan onu da anlayır ki, Zəngəzur dəhlizinin işə düşməsi yubansa, Azərbaycan İran vasitəsilə Naxçıvana quru keçidini təmin edə bilər. Düzdür, Tehranla Bakı arasında münasibətlər o qədər də isti deyil, münasibətlərdə müəyyən problemlər var. Amma Azərbaycanla İran başqa bir layihə üzərində işləyir. Söhbət Araz çayının sahili ilə Naxçıvana gedən dəhliz layihəsindən gedir. Əgər bu dəhliz reallaşarsa, Azərbaycanın Zəngəzur dəhlizinə ehtiyacı da qalmayacaq. Paşinyan anlayır ki, Azərbaycanın alternativi var. Dəhliz məsələsinin uzanması Ermənistana əslində zərər verir.
- İrəvanla Bakı arasında sülh sazişi prosesinin hazırkı vəziyyətini necə qiymətləndirmək olar?
- Sülh sazişi prosesi üzərində də müəyyən irəliləyişlər var. İki-üç həftə əvvəl Paşinyan bəyan edirdi ki, sülh sazişi mətninin 80 faizi razılaşdırılıb, son açıqlamasında isə 90 faiz razılaşdırıldığını bildirdi. Məncə, yerdə qalan 10 faiz razılaşma üçün İrəvan addım atmağa özündə iradə tapmalıdır. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını özündə əks etdirən maddənin çıxarılmasından gedir. Əgər Ermənistan rəhbərliyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, mütləq müsbət addımlar atmalıdır. Bundan sonra sülh sazişi imzalanar, Zəngəzur dəhlizi fəaliyyətə başlayar və bölgədə sülh və sabitlik bərqərar olar. Bundan sonra “Qafqaz evi” ideyasının reallaşdırılması istiqamətində müsbət addımlar atılar. Bir sözlə, indi top İrəvanın meydanındadır.
- Erməni mediası bir xəbəri də davamlı tirahlayır ki, ilin sonunadək Zəngəzurda yeni hərbi əməliyyatlar olacaq. Bu ehtimalı necə qiymətləndirirsiniz?
- Azərbaycan belə bir hərbi əməliyyatda maraqlı deyil. Biz əsas hədəfimizə çatmışıq – Qarabağ işğaldan azad edilib, suverenliyimiz bərpa olunub. Şərti sərhəddə isə Azərbaycan Ordusu strateji yüksəkliklərə nəzarət edir. Azərbaycanın yeni müharibə nəyinə lazımdır ki? Həm də bu gün müharibə Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan bölgədə sülh və əminamanlığın bərqərar olmasından yanadır. Bəli, Zəngəzur tarixi Azərbaycan əraziləridir, İrəvan da, Göyçə də onun kimi. Biz Qərbi Azərbaycandan zorla deportasiya olunmuş azərbaycanlıların öz ata-baba yurduna qayıdışını istəyirik. Yəni ki, azərbaycanlıların Ermənistan tərəfindən pozulan hüquqlarının bərpasını istəyirik və bunun üçün də lazımi addımlar atılır, atılacaq. Amma biz Qərbi Azərbaycana müharibə ilə yox, dinc şəkildə qayıdılmasının tərəfdarıyıq. Ona görə də, erməni mediasının belə məlumatları dərc etməsini, ehtimallar irəli sürməsini anlamaq olmur. Bütün hallarda, müharibə ehtimalı zəifdir. Ola bilsin ki, Paşinyana təzyiq etmək istəyən erməni müxalifətinin nəzarətindəki media orqanları belə məlumatları yayır. İstəyirlər ki, erməni cəmiyyətində xof yaransın, Paşinyanın müharibəni dayandıra bilməkdə zəif olduğunu göstərsinlər.
- Bu təbliğatın nəticəsi varmı və ya olacaqmı?
- Düşünmürəm ki, erməni müxalifətinin Paşinyana qarşı apardığı təbliğat effekt versin. Çünki Paşinyanın erməni cəmiyyətində dəstəyi heç də zəif deyil. Paşinyan hökumətinin Ermənistanda mövqelərində də zəiflik yoxdur. Düzdür, son sorğular göstərir ki, Paşinyan hökumətinin reytinqi düşüb. Amma müxalifət reytinqi düşən Paşinyandan zəifdir. Sabah seçkilər keçirilsə, Paşinyan komandasının qalib gəlmək şansı yüksəkdir. Hesab edirəm ki, Paşinyan da bu şansdan istifadə etməli, Azərbaycanla sülhün əldə olunması istiqamətində addımlarını sürətləndirməlidir. Rəsmi İrəvan 2025-ci ili boşa verməməlidir. Ermənistan hakimiyyəti də, cəmiyyəti də, müxalifəti də anlamalıdır ki, sülh hər kəsin xeyirinədir.