Ermənistanın Azərbaycana müsbət cavab verməsini gözləyirik - ÇAVUŞOĞLU


Azərbaycanın Qarabağ Zəfəri, əslində, türklərin gücünü dünyaya göstərmək baxımından əhəmiyyətli bir Qələbədir. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu lazım olanı etdi və torpaqlarını işğaldan qurtardı. Amma bütün məsələlər hələ ki, bitməyib. Azərbaycan sülhün tərəfdarıdır və sülh təkliflərini qarşı tərəfə - Ermənistana çatdırıb. Hazırda danışıqlar davam edir. Təbii ki, biz bu danışıqlardan müsbət, konkret nəticələr gözləyirik. Biz Ermənistandan da Azərbaycanın bu səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UID) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.

M.Çavuşoğlu fikirlərinə belə davam edib: “Əvvəllər öz yerlərindən köçməyə məcbur olmuş azərbaycanlı qardaşlarımız hazırda öz vətənlərinə dönürlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı üçrəngli bayrağımızın dalğalandığı bütün torpaqların yenidən qurulması üçün böyük səylər var və keçmiş məcburi köçkün dediyimiz qardaşlarımız bu torpaqlara sevinclə qayıdırlar. Qərbi Azərbaycan İcmasının məqsədi zorla didərgin edilən qardaşlarımızın da sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində öz evlərinə qayıtmasıdır. Digər tərəfdən, Azərbaycanın vaxtilə işğal olunmuş torpaqlarında dağıdılan bütün tarixi abidələr, məscidlər, qəbiristanlıqlarla bağlı bir çox problemlər davam edir. Təəssüf ki, Ermənistanı bu prosesə mənfi yönləndirməyə çalışan Fransa kimi ölkələr də vardır”.

Türkiyənin sabiq xarici işlər nazirinin sözlərinə görə, növbəti dövrlərdə Cənubi Qafqazın əhəmiyyəti daha da artacaq. Xüsusilə Azərbaycan və Türkiyənin mərkəzdə olduğu Şərq-Qərb dəhlizinin ticarət, nəqliyyat və enerji kimi bir çox sahələrdə əhəmiyyəti artır. “Odur ki, bu bölgənin əhəmiyyəti artdıqca UID-nin bütün məsələlərdə və hər şeydən əvvəl Azərbaycanın qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsini gözləmək hər bir Türkiyə və Azərbaycan vətəndaşının borcudur. Qurumun bunu uğurla həyata keçirəcəyinə tam inanırıq. Can Azərbaycanın haqq işini müdafiə etmək bizim tariximizə, keçmişimizə, şəhidlərimizə, qazilərimizə borcumuzdur. UID bununla bağlı üzərinə düşəni yerinə yetirməyə davam edəcək. Digər tərəfdən, məqsədimiz Türkiyə və Azərbaycanın hüquqlarının müdafiəsində diaspor dediyimiz xaricdə yaşayan azərbaycanlılarla türkiyəlilərin arasında birliyi təmin etməkdir. Bütün dünya üzrə UID-lərin sədrlikləri, regional sədrlikləri və qərargahımız bununla bağlı ciddi səylər göstərir. Hesab edirəm ki, buradakı ofis də bu mənada mühüm rol oynamalı və rolunu daha da artırmalıdır. Yəni, buradakı UID Türkiyəyə, qərargaha bağlı UID olmayacaq. İnanırıq ki, institusional formatda çalışaraq Azərbaycana çox mühüm xidmətlər göstərəcəyik. Biz hər zaman UID-nin yanında və onun xidmətində olacağıq, bütün işlərinə bacardığımız qədər dəstək verməyə çalışacağıq. Biz həmişə birik, bir yerdəyik, bir millət, iki dövlətik, amma lazım olanda bir dövlət kimi davranmağı da bilirik. Biz bunu bütün dünyaya göstərmişik”, - deyə M.Çavuşoğlu vurğulayıb. /modern.az/


MANŞET XƏBƏRLƏRİ