Moskva Ermənistanın müstəqil siyasətini dəstəkləyir, lakin əməkdaşlığa da ümid edir.
Prezident Putinin köməkçisi Yuri Uşakov vurğulayıb ki, Rusiya Ermənistanın xarici siyasət kursunu müstəqil şəkildə müəyyən etmək hüququna hörmətlə yanaşır. İrəvanın KTMT tədbirlərində iştirakdan uzaqlaşmasına baxmayaraq, ölkə təşkilatın tamhüquqlu üzvü olaraq qalır və bütün hüquq və öhdəliklərini saxlayır.
Uşakovun sözlərinə görə, Ermənistanın KTMT-nin işinə yenidən tam qayıtması üçün qapılar açıqdır və Rusiya tərəfi erməni nümayəndələrinin əməkdaşlığa qayıdacağına ümid edir.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, İrəvan KTMT-nin bütün fəaliyyət formatlarından uzaqlaşır. Lakin bu, gələcəkdə qarşılıqlı əlaqələrin bərpasını istisna etmir.
Ermənistan, görünür, ənənəvi müttəfiqləri ilə yeni, xarici siyasət əlaqələrini şaxələndirməyə yönəlmiş kurs arasında balansı qorumağa çalışır. Bu isə Moskva ilə münasibətlərdə gərginliyə səbəb olur. Moskva Ermənistanı bölgədə əsas tərəfdaş kimi görməyə davam edir.
Bu arada, Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) ABŞ-ni Ermənistana tam nəzarəti ələ keçirmək cəhdində günahlandırıb. SVR-in fikrincə, "demokratik dəyişikliklərin" tətbiqi adı ilə ABŞ-nin siyasəti Ukrayna, Yaxın Şərq və digər bölgələrdə olduğu kimi dağıdıcı nəticələr verir.
Amerikalı iqtisadçı Ceffri Saks da Qərbin yanaşmalarını tənqid edərək bildirib ki, Ermənistanın Rusiya və İranla əməkdaşlıqdan imtina etməsi ölkənin inkişafına mane olacaq. Onun fikrincə, Ermənistan texnoloji tərəqqiyə diqqət yetirməli və xaricdən diktə olunan siyasi modellərə uymamalıdır.
Bütün bunların fonunda Ermənistan və Azərbaycan sülh müqaviləsinin müzakirəsini davam etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib ki, sənəddə tərəflərin beynəlxalq öhdəliklərin icrasından yayınmaq üçün daxili qanunvericiliyə istinad edə bilməyəcəyi ilə bağlı müddəalar var.
Hər iki tərəf 2024-cü ilin dekabrında müqavilənin müzakirələrinə qayıtmağa hazırdır. Bununla belə, Moskva vurğulayır ki, bu taleyüklü sənəd ədalətli həllə əsaslanmalı və hər hansı tərəf üçün "acı nəticə" yaratmamalıdır.
Geosiyasi dəyişikliklər fonunda KTMT uyğunlaşma ehtiyacı ilə üzləşir. Ermənistanın uzaqlaşması təşkilatın üzvləri arasında həmrəyliyin olmadığını da göstərir.
Bununla belə, KTMT təhlükəsizlik sahəsində regional qarşılıqlı fəaliyyət üçün vacib platforma olaraq qalır. Ermənistan üçün indi əsas sual budur: ölkə suverenliklə müttəfiqlik öhdəlikləri arasında balansı qoruya biləcəkmi?
Rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Cümhuriyət”-ə bildirib ki, Paşinyanın KTMT ilə münasibətlərinin tamamilə kəsməməsinin və bu təşkilatdan çıxmamasının əsas motivi iqtisadi səbəblərdir. Onun sözlərinə görə, Ermənistan anlayır ki, Rusiya və KTMT-yə qarşı qeyri-dost və açıq-aşkar təhqiredici addımlar atılacağı təqdirdə iqtisadi sanksiyalar tətbiq olunacaq:
"Eyni zamanda, İrəvanın Rusiya Federasiyası ilə ticarət-iqtisadi dövriyyəni bir neçə dəfə artırdığını və Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində bütün güzəştlərdən faydalandığını nəzərə almalıyıq. Bu, Ermənistan iqtisadiyyatı üçün ölümcül nəticələr doğura bilər. Məhz buna görə də Paşinyan belə davranır.
O, KTMT-də iştirak etmir və bu müdafiə ittifaqı çərçivəsində keçirilən bütün tədbirləri görməzdən gəlir, amma təşkilatdan tam uzaqlaşmır. Digər tərəfdən, "iki inəkdən süd əmən mehriban buzov" kimi, həm Qərbdən iqtisadi yardım və müxtəlif bonuslar, həm də Rusiya ilə ticarət-iqtisadi əlaqələrdən faydalanır. Bu, müəyyən mənada "erməni hiyləsi"dir. Yəni, fayda əsas meyar olaraq qərarların qəbulunda mühüm rol oynayır”.
Onun sözlərinə görə, bununla belə, Ermənistanın Qərbə yönəlmiş kursu tamamilə aydın şəkildə özünü büruzə verib:
“Sual yaranır ki, Rusiyanın buna maksimum dərəcədə mane olmaq üçün kifayət qədər gücü və imkanı varmı? Ancaq hər halda, Moskva ilə İrəvan arasında “siyasi boşanma” de-fakto artıq baş verib, buna görə də illüziyalarla özünü aldatmağa ehtiyac yoxdur. Paşinyan möhkəmləndiyi, Ermənistanın iqtisadiyyatı Qərb dövlətlərindən əhəmiyyətli vəsaitlər aldığı zaman Moskva ilə boşanma çox tez və qəti şəkildə rəsmiləşəcək”.