Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm


Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bu günlərdə kommunikasiyalarla bağlı müzakirələr artıb. Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılmasında kompromist variantlar hansılardır?

- Azərbaycanla Ermənistan arasında regional kommunikasiyaların açılması ilə bağlı müzakirələr davam etdirilir. İki ölkə arasında regional kommunikasiyalardan danışmaq kompleks məsələdir və müxtəlif istiqamətləri əhatə etməkdədir. Bu kommunikasiya sistemlərinin içində ən vacibi Zəngəzur dəhlizi hesab edilir. Məsələnin düyün nöqtəsi və mübahisə doğuran məqamlar Zəngəzur dəhliz ilə bağlıdır. Üçtərəfli bəyanatın tələbinə görə, bu, regional kommunikasiya açılmalıdır. Burada Ermənistan, Azərbaycan vətəndaşlarının, o cümlədən avtonəqliyyat vasitələri və yüklərin sərbəst, maneəsiz və təhlükəsiz hərəkətinə təminat verilməlidir. Bu, uzun müddətdən bəri Ermənistan tərəfindən manipulyasiya edilən məsələlərdən biridir. Ermənistan müxtəlif cəhdlərlə bu prosesi həm uzatmağa, həm də öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmağa çalışır.

- Zəngəzur dəhlizinə nəzarətlə bağlı olan məsələlər də gündəmdədir. Nəzarət mexanizmi necə qurula bilər?

- Üçtərəfli bəyanatla bu dəhlizdə nəzarətin həyata keçirilməsi Rusiya sərhəd qoşunlarına həvalə edilir. Ermənistan isə buna razı deyil. Məhz bu səbəbdən də proses uzanır. Azərbaycan bu məsələ ilə bağlı müxtəlif güclərin prosesə daxil olduğunu gördüyündən Zəngəzur dəhlizi ilə bağlı məsələnin sülh danışıqları prosesindən ayrıca müzakirəsini təklif edib. Bununla da Azərbaycan o mövqeyi sərgilədi ki, dəhlizə nəzarət məsələsi Ermənistanla Rusiya arasında müzakirə olunacaq məsələdir.

- Rəsmi Moskvanın dəhlizlə bağlı yanaşması nədən ibarətdir?

- Dəhlizlə bağlı Rusiyanın ayrıca mövqeyi var. İranın Qərbin mövqeləri bir çox məqamlarda üst-üstə düşmür və fərqlidir. Ona görə də Azərbaycan çox doğru olaraq bu məsələni sülh, danışıqlardan kənarda müzakirə etmək variantına üstünlük verib. Ermənistan tərəfi də Kazandakı toplantıda Paşinyanın dili ilə Azərbaycana məhz Naxçıvanla əlaqələri həyata keçirmək üçün asanlaşdırılmış variantı təklif edəcəyini bəyan edib.

- Asanlaşdırılmış variant dedikdə nə başa düşülür?

- Ermənistan tərəfindən bunun detalları açıqlanmadığından bu barədə bir şey söyləmək çətindir. Amma Azərbaycanın istəyi məhz üçtərəfli bəyanatda qeyd olunan şərtlərlə dəhlizin işləməsidir. Həmçinin Azərbaycan Naxçıvanla əlaqənin sadələşdirilməsini istəyir. Yəni burada Azərbaycan vətəndaşları, avtonəqliyyat vasitələri və yükləri - Naxçıvana gedən yükləri gömrük və sərhəd yoxlamasından kənar tutulmalıdır, yaxud olduqca sadələşdirilmiş bir prosedur təmin edilməlidir. Digər ölkələrə daşınan və yaxud oradan gətirilən yükləri, avtonəqliyyat vasitələri təbii ki, normal şəkildə gömrük yoxlanılmasından keçməli, Ermənistanın suveren hüquqlarına uyğun formada yoxlamalar aparılmalıdır. Azərbaycan buna etiraz etmir.

- Zəngəzur dəhlizinə alternativ marşrut xətləri ilə bağlı də məsələ aktualdır. Bu haqda nə düşünürsüz?

- Bu məsələ ilə bağlı proses müəyyən qədər irəliləsə də, bütün məsuliyyət və qərar Ermənistan üzərindədir. Ermənistan doğrudan da bu kommunikasiyanın açılmasını istəyirsə, nəhayət dörd ildən sonra öz qərarını verməlidir. Çünki hələ qərar veriləndən sonra bir neçə ildə bu nəqliyyat kommunikasiyasının bərpası həyata keçirilməlidir. Bu baxımdan Azərbaycan məhz Ermənistanın bu davranışını öncədən nəzərə alındığından, proqnozlaşdırdığından İranla Zəngəzur dəhlizinə paralel kommunikasiya xəttinin çəkilişini də razılaşdırdı və bu proses davam etməkdədir. Yəqin ki, bir müddət sonra, yəni bir il, il yarım sonra bu kommunikasiya xətti açıla bilər. Belə olacağı halda Ermənistanda qərar verməyəcəyi halda, Ermənistan regional və qlobal layihələrdən növbəti dəfə kənarda qalacaq.

- Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə ilin sonuna kimi sülh sazişinin imzalanmasından danışıb. Bu nə dərəcədə inandırıcıdır?

- İlin sonuna qədər sülh müqaviləsi ilə bağlı əsaslı sənədin imzalanacağı gözlənilmir. Noyabr ayı Azərbaycanın böyük bir tədbirə ev sahibliyi etməsi ilə yadda qaldı. COP29 getdiyi bir müddətdə danışıqların aparılması imkansız idi. Növbəti ay Azərbaycan yenə də danışıqlara hazırdır və sülh müqaviləsi üzrə proses irəliyə aparıla bilər. Amma bu ilin sonuna qədər hansısa bir əsaslı sənədin imzalanacağı inandırıcı deyil. Çünki tərəflər arasında hələ də razılaşdırılmamış bir neçə məsələ var.


MANŞET XƏBƏRLƏRİ