İran Prezidenti Məsud Pezeşkianın hakimiyyətə gəlməsindən 4 ay ötür. Azərbaycanda onun prezident seçildikdən sonra ciddi proseslərin başlayacağına ümid edənlər var idi. Amma ötən müddətdə İran-Azərbaycan münasibətlərində elə ciddi irəliləyiş müşahidə edilmədi.
Bəzi iddialara görə buna İranın İsrailin təhdidlərinə, müharibə hədələrinə başının qarışması səbəb olub. Digər tərəfdən Pezeşkianın Bakıda keçirilən COP29 sammitinə gəlməməsi də diqqət çəkib.
Bütün bunların səbəbi nə ola bilər? Ona bəslənən ümid sadəlöhvlük idi? Yoxsa İrandaxili qüvvələr Pezeşkianı Azərbaycanla yaxınlaşmağa qoymur?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, Pezeşkianın seçkilər öncəsi verdiyi bayağı vədlər bir çoxlarının ümidini artırmışdı:
“Pezeşkianın İrandakı mövcud hakimiyyətin bir elementi olduğu görünməyə başlayıb. O, Tehran hakimiyyətinin cızdığı xətdən kənara çıxa bilməz. Ölkə daxilində müxtəlif məsələlərlə bağlı etirazlarını bildirmişdi deyə onu müxalif sayırdılar. Amma əsas fundamental məsələlərdə Pezeşkian bu rejimin yazdığı nəğmələri oxumağa məhkumdur. Ölkənin ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin istədiyi ideyalardan, düşüncələrdən əlavə heç bir addım ata bilməz”.
Sədrəddin Soltan
Politoloqun sözlərinə görə, Pezeşkianın COP29-da iştirak etməməsi onun seçkilər zamanı verdiyi milli şüarların saxta olduğunu təsdiqlədi:
“İran hakimiyyəti iddia edirdi ki, İsrailin prezidenti İsaak Hersoq COP29-da iştirak edəcəyi üçün Məsud Pezeşkian sammitdə iştirak etməyəcək. Lakin sonradan məlum oldu ki, İsrail prezidenti müəyyən texniki problemlər yarandığı üçün Bakıya gələ bilmədi. İran hakimiyyətinin iddiası, hikkəsi fiaskoya uğradı. Yəni Tehran ölkəmizdə keçirilən bu tədbirə Fransasayağı münasibət sərgilədi.
Bir tərəfdən belə bir fikir də var ki, Pezeşkian Azərbaycan və Türkiyəni çox istəyir, lakin ona imkan vermirlər. Bunlar cəfəng fikirlərdir. BRİCS-in Kazanda keçirilən sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəkil çəkilən zaman Məsud Pezeşkianla əllə görüşmədi. Niyə? Çünki Məsud Pezeşkian və İran hakimiyyəti Türkiyəyə münasibətdə yanlış addımlar atmışdı. O, başqa ölkələrə səfər etdi. Lakin Azərbaycana, Türkiyəyə getmədi”.