Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənlinin qardaş ölkənin hərbi yönümlü QHT-ləri ilə görüşü davam edir.
Turkustan.az xəbər verir ki, ötən gün Emin Həsənli Türkiyə Məlul qazilər və Şəhid ailələri dərnəyinin sədri Mustafa İşıqla və dərnəyin üzvləri görüşüb. O, Türkiyənin terrorla mücadilədə böyük sayda şəhid verdiyini, yüzlərlə qazinin olduğunu qeyd edib: “Qazi sağlamlığına xətər toxunub-toxunmamasından asılı olmayaraq döyüşdə iştirak edən hər bir hərbçiyə deyilir və onlar Türkiyədə ən böyük statusa, hörmətə malikdirlər. 44 günlük Vətən müharibəsində, ardınca bir günlük antiterror əməliyyatında, eləcə də Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu, hərbçilərimiz böyük şücaət göstəriblər. İldırım sürətli əks-hücum əməliyyatı ilə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Vətən müharibəsinin Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsilə başa çatması nəticəsində son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi xalqımızın istədiyi kimi həll olundu. Türkiyə dövləti və bu ölkənin hərbiyönümlü təşkilatları Vətən müharibəsi zamanı Azərbaycana mənəvi dəstək göstərdi. Dünyanın qüdrətli ölkələrinə nümunə olacaq xalq-dövlət-ordu birliyi bu möhtəşəm Qələbəni bizə bəxş etdi. Qəhrəman ordumuz yüksək döyüş əzmi sayəsində torpaqlarımızı işğaldan azad etdi və dövlətimizin ərazi bütövlüyü bərpa olundu”.
E.Həsənli bildirib ki, görüş zamanı Azərbaycan hərbçilərinin qəhrəmanlığı, şücaəti və igidliyi xüsusi vurğulanıb: “Mustafa İşıq dəfələrlə Azərbaycan səfərdə olub, görüşlər keçirib. Bu görüşlərdə şəhidlərin, qazilərin qəhrəmanlığı barədə geniş fikirlər bildirilib”.
E.Həsənli daha sonra deyib ki, Azərbaycan-Türkiyə birliyi, qardaşlığı hazırda yüksək səviyyədə davam edir və davam edəcək: “Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verib. 44 günlük Vətən müharibəsi zamanı 88 milyonluq Türkiyənin qəlbi bizimlə döyündü. Onların mənəvi dəstəyi bizdə ruh yüksəkliyini artırırdı. Türkiyə-Azərbaycan qardaşlığı daimidir, əbədidir. Hər iki ölkənin prezidentləri bu qardaşlığa çox böyük önəm verir. Bu qardaşlığın əsası Ulu öndərin “Bir millət, iki dövlət” şüarı əsasında qoyulub. Türkiyə-Azərbaycan qardaşlığı sonsuza qədər davam edəcək və bu birliyi heç kəs sarsıda bilməz. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev daim bir-birini dəstəkləyib. Biz iki qardaş dövlətik və bütün sahələrdə əlaqələrimiz yüksək səviyyədədir. Sədri olduğum Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin Türkiyənin hərbi yönümlü qurumları ilə sıx əlaqələri var. Türkiyəyə hər səfərimdə belə görüşlər keçirilir. Mustafa İşıqın rəhbəri olduğu Türkiyə Məlul qazilər və Şəhid ailələri dərnəyi Türkiyənin 4 nüfuzlu hərbi yönümlü təşkilatından biridir. Təşkilata Türkiyədə böyük hörmət və ehtiramla yanaşılır. Türkiyədə qəhrəmanlığın təbliği baxımından bu təşkilatın rolu böyükdür”.
Görüş çərçivəsində Emin Həsənli Türkiyənin Ehtiyatda olan Gizirlər Birliyi və onun sədri Həmzə Dursunla da görüşüb. Görüş zamanı Həmzə Dursun iki qardaş dövlət olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlıq etdiklərini bildirib. O, 44 günlük Vətən müharibəsində Türkiyənin ölkəmizə mənəvi dəstək verdiyini, beynəlxalq arenada Azərbaycanın haqq işini daim müdafiə etdiyini vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsində işğaldan azad olunmuş bölgələrdə aparılan quruculuq və bərpa işlərində ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq qısa müddətdə böyük nailiyyətlərin əldə edilməsini stimullaşdırır. Görüşdə ölkələrimiz arasında münasibətlərdə veteran təşkilatlarının mühüm rolu, onların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində töhfələri xüsusi qeyd olunub.