Artıq Polşa da Qərbin erməni təəssübkeşliyinə qoşulub.
Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla sərhəddə yerləşən Yerasx qəsəbəsinə gəlib. Prezident sərhəddə monitorinq həyata keçirən Avropa İttifaqının “müşahidə missiyası” ilə görüşüb. O, ittifaqın Ermənistandakı missiyasının rəhbəri Markus Ritter və onun müavini Marek Kuberski ilə bir araya gəlib. Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin bəyanatında qeyd olunur ki, Polşa Prezidentinin Ermənistanda "durbin şousu"nda iştirak etməsi təəssüf doğurur. "Polşa Prezidenti Andjey Dudanın Aİ-nin Ermənistandakı missiyası (EUMA) üzvlərinin müşayiəti ilə Azərbaycan-Ermənistan sərhədinə səfəri, təəssüf ki, Aİ-nin müxtəlif üzv ölkələrinin və Avropa institutlarının Azərbaycana qarşı yürüdülən siyasətinin növbəti nümayişidir:
“Azərbaycanın strateji tərəfdaşı olan bir ölkənin Prezidentinin qəbuledilməz "durbin şousu"nda iştirak etməsi, Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olur və bu, bizim üçün dərin təəssüf doğurur. Azərbaycanın rəsmi şəxsləri tərəfindən Polşa Prezidentinin administrasiyası və Xarici İşlər Nazirliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, Polşa tərəfi bu təxribatçı addımdan çəkinmədi”.
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Polşa Prezidentinin Ermənistana səfərinin arxasında müəyyən geosiyasi məqsədlər dayanır. Andrey Dudanın Ermənistana rəsmi səfəri Rusiyanın regionda təsir imkanlarını azaltmaq baxımından İrəvana verilən dəstək kimi qiymətləndirilə bilər:
“Qeyd edim ki, Donald Trampın qələbəsindən sonra Avropa İttifaqının institutları və ittifaqa üzv olan ölkələri ciddi narahatlıq keçirirlər. Narahatlığın səbəbləri yaxın gələcəkdə Vaşinqtonun Avropa İttifaqı ilə Cənubi Qafqazda öz maraqlarını bölüşməyəcəyi ilə bağlıdır. Vurğulayım ki, Bayden administrasiyası dövründə ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz siyasətində eyni mövqedən çıxış edirdilər. Yəni, Vaşinqton Avropa İttifaqına Cənubi Qafqazda təsir imkanlarını artırmağa imkan verirdi.
Amma bu, Tramp administrasiyası dövründə baş verməyə bilər. Bildiyimiz kimi, Trampın birinci hakimiyyəti dövründə ABŞ ilə Aİ arasında münasibətlər o qədər yaxşı deyildi. Aİ-da hesab edirlər ki, ABŞ Cənubi Qafqazda kollektiv Qərbin yox, öz maraqları kontekstində siyasi yürüdəcək. Aİ məhz bundan narahatdır”.
Ekspert onu da nəzərə çatdırıb ki, Polşa Prezidenti Andrey Dudanın Ermənistana səfərinin əsas məqsədi Aİ ilə Ermənistan arasında münasibətləri möhkəmləndirmək, Rusiyanın regionda təsirini azaltmaq və Aİ-nın müşahidi missiyasının fəaliyyəti ilə bağlıdır:
“Məlumdur ki, Brüssel Ermənistanın Aİ-nın müşahidi missiyasının mandatını uzadıb və missiyanın tərkibini genişləndirib. Bu isə Azərbaycan tərəfindən birmənalı qarşılanmır. Rəsmi Bakı bu məsələ ilə bağlı narahatlığını dost ölkə olan Macarıstan vasitəsilə Brüsselin və Aİ üzvlərinin diqqətinə çatdırıb. Aİ-nın istənilən üzv ölkəsinin Ermənistanla bağlı siyasəti Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edərsə, bu, həmin ölkələrin Azərbaycanla münasibətlərin korlanmasına gətirib çıxaracaq”.