Deputat: “Heç vaxt nə Ermənistan Rusiyadan, nə də Rusiya Ermənistandan imtina edəcək səviyyəyə çatacaq addımlar atmır”
Bu gün Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin sammiti keçiriləcək. KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a deyib ki, liderlər hərbi-siyasi vəziyyəti müzakirə edəcək və bir sıra sənədlərə baxacaqlar: “KTMT-yə üzv dövlətlərin liderlərinin son görüşündən ötən müddət ərzində ətraflı müzakirə tələb edən bir çox məsələlər yığılıb. İlk növbədə, KTMT-yə aid regionlarda və onların sərhədlərində hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Ölkələrimizin liderləri ötən dövr ərzində birgə işin nəticələrini qiymətləndirəcək və gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edəcəklər”.
“Kollektiv Təhlükəsizlik Şurasının baxılması üçün təqdim olunan sənədlər arasında mən KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi üzrə Məqsədli Dövlətlərarası Proqramının layihəsini xüsusilə qeyd edərdim”, - Tasmaqambetov əlavə edib.
KTMT üzvü olan Ermənistanın Baş naziri Nikol Paşinyan Astanadakı sammitdə iştirak etməyəcəyini, amma verilən qərarla razılaşacaqlarını qeyd edib. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan erməni mediasına Paşinyanın sammitdə iştirak etməməyinin səbəbini açıqlayıb. Deyib ki, “çünki Ermənistanın KTMT-nin fəaliyyətində iştirakın dondurulması ilə bağlı mövqeyi dəyişməyib”.
Xatırladaq ki, Ermənistan KTMT tədbirlərində iştirakını dondurduğunu bəyan edib. Həmçinin bu struktura öz maliyyə payını ayırmaqdan imtina edib, birgə hərbi təlimlərdə və görüşlərdə iştirak etmir. Lakin KTMT-dən çıxmaq prosesinə başlamaq üçün İrəvan rəsmi müraciət etməyib. Bununla yanaşı, Ermənistan Rusiya çətiri altındakı digər təşkilatın – Avrasiya İqtisadi İttifaqının (Aİİ) işində iştirakdan imtina etmir. Hətta Aİİ-nin Ermənistanda keçirilməli olan forumu Paşinyanın xahişi ilə Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək.
Ermənistanın KTMT və Aİİ ilə bağlı bu ziddiyyətli mövqeyini ekspertlər bir çox səbəblərlə bağlayırlar. Müşahidəçilərin qənaətincə, İrəvanın hərbi blok olan KTMT-na “yox”, iqtisadi blok olan Aİİ-na “hə” deməsi İrəvanla Moskva arasında “küsülülük” oyunu oynandığını göstərir.
Mövzu barədə AYNA-nın suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib ki, Paşinyanın Astanaya getməməsinin bir neçə səbəbi var:
- Maraqlıdır ki, Ermənistan KTMT-də fəaliyyətini dondurduğunu deyir, amma təşkilatdan rəsmən çıxmır. Həmçinin verilən qərara veto qoymaq hüququnu saxlayır. Nəzərə almaq lazımdır ki, KTMT-də hanısa qərar qəbul olunsa, buna Ermənistanın veto qoymaq hüququ var. Məncə, bir səbəb budur. Yəni Ermənistan hansısa qərara gələcəkdə veto qoya bilmək hüququnu saxlamaq istəyir. İkincisi, məlumdur ki, rəsmi İrəvan Qərbin təlimatları ilə addımlar atır. Qərb kuratorları Ermənistana hansı istiqamətdə təlimatlar verirsə, İrəvan da bu təlimatlara uyğun siyasət aparır. Əsas məsələ, Ermənistan Azərbaycanla arasında hazırkı status-kvonun saxlanmaq və gələcəkdə hansısa toqquşma, savaş olarsa, KTMT-üzvü kimi çıxış etmək niyyətindədir. Başqa bir səbəb isə Rusiya faktorunun Ermənistanda mövcudiyyətidir. Nə qədər ki, Rusiyanın Ermənistan arasında hərbi bazası var, İrəvan qəti addım ata bilmir. Rusiyanın Ermənistana dözməsinin də əslində səbəblərindən biri budur. Rusiya Ermənistandakı bazalarını çıxarsa, yerinə Qərb hərbi bazaları yerləşə bilər. Bu, ikitərəfli oyundur və bu oyunu Rusiya da başa düşür, Qərb də başa düşür.
- Avrasiya İqtisadi İttifaqının (Aİİ) iclası keçiriləcək və bu iclasa Paşinyan sədrlik edəcək. Rusiya tərəfindən belə bir açıqlama verildi ki, Paşinyanın xahişi ilə iclas Sankt-Peterburqda keçiriləcək. Maraqlıdır, Ermənistan Baş naziri bir tərəfdən KTMT sammitinə qatılmır, digər tərəfdən sədrlik edəcəyi Aİİ iclasının Rusiya şəhərində keçirilməsini xahiş edir. Bunun səbəbi nədir?
- Bilirsiniz, Aİİ-nin forumları keçirilən zaman həmin dövrdə quruma hansı ölkə sədrlik edirsə, forumlar o ölkənin ərazisində keçirilir. Hazırda Aİİ-yə sədrlik Ermənistandadır və bu foruma sədrlik də Ermənistan ərazisində keçirilməlidir. Amma dekabr ayında nəzərdə tutulmuş tədbirlə bağlı ənənə pozulur, Paşinyanın xahişi ilə forum Sankt-Peterburqda keçiriləcək. Kənardan qəribə görünsə də, Paşinyanın bu istəyi qeyri-adi deyil. Görünən odur ki, erməni cəmiyyətində Rusiyanın patronajlığı altındakı təşkilatın tədbirinin keçirilməsinə etiraz var. Eyni zamanda, Ermənistan dövləti belə bir tədbiri keçirməyə, onun təhlükəsizliyini təmin etməyə görünür ki, özündə güc tapmır. Ona görə də, Moskvaya mesaj verir: “Siz gəlməyin, biz gələrik”. Təbii ki, Ermənistanın Rusiya ilə ticarət əlaqələrinin davam etməsində maraqlıdır. Aİİ də iqtisadi bir təşkilat olduğu üçün İrəvan burada fəaliyyətini davam etdirir. Rusiya da fikirləşir ki, onsuz da Aİİ kənar təşkilat deyil, Moskvanın çətiri altındadır. Yəni dediyim kimi, oyun davam edir.
- Bəs Rusiyanın çətiri altındakı KTMT-yə Ermənistanın belə hörmətsiz yanaşmasına Moskvanın sakit reaksiyası nə ilə bağlıdır?
- Məlumdur ki, Ermənistan hər zaman Rusiyanın vassalı olub və bu gün də vassalıdır. Heç vaxt nə Ermənistan Rusiyadan, nə də Rusiya Ermənistandan imtina edəcək səviyyəyə çatacaq addımlar atmır. Əsas məqam ondan ibarətdir ki, Rusiya Ermənistanı tamamilə itirmək istəmir. Çünki NATO-Rusiya sərhədi həm də Ermənistandan keçir. Unutmayaq ki, Ermənistan sərhədi həm də NATO üzvü olan Türkiyədir. Demək istəyirəm ki, Rusiya bir çox amillərə əsasən, Ermənistanın atdığı addımlara sərt reaksiya vermir, bir qədər mülayim davranır.