Trampın Qarabağla bağlı dedikləri: “İşə başladıqdan sonra...”


ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın xarici siyasətdə əsas prioritetləri Yaxın Şərq, İran-İsrail münaqişəsi, Rusiya-Ukrayna müharibəsi və Çin məsələsi olacaq.

Turkustan.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitikin fikrincə, ABŞ-ın yeni lideri Azərbaycan-Ermənistan sülh müqaviləsinə diqqət yetirməyəcək:

“Tramp ABŞ-ın fundamental xarici siyasət strategiyasını dəyişərək, izolyasiya siyasətinə qayıdarsa, bu, Rusiya və Çinin beynəlxalq müstəvidə mövqelərinin gücləndirməsinə getirib çıxara bilər. Buna görə də o, bu xətti dəyişdirməyəcək.

Cənubi Qafqaza gəlincə, bölgəmizlə bağlı Trampın siyasəti Türkiyə ilə koordinasiyalı şəkildə aparılacaq. Amma Bayden administrasiyası kimi, Cənubi Qafqazla bağlı dərinə gedəcəyini də düşünmürəm. Məsələn, ABŞ-ın yeni komandasının Bakı və İrəvan arasında vasitəçi olmaq istəyəcəyini, yaxud hansısa təşəbbüslərlə çıxış edəcəyini gözləmirəm.

Trampın seçki kampaniyası dönəmində Qarabağdan könüllü getmiş ermənilərin geri qayıtmaları barədə açıqlaması manipulyasiya idi. Daha doğrusu, ABŞ-da yaşayan ermənilərin səslərini almağa hesablanmışdı. Bu, danışıqlar predmeti ola bilməz. Ermənistan hakimiyyəti Qarabağ ermənilərinə vətəndaşlıq verir. Tramp da Ağ evdə işə başladıqdan sonra dediklərini unudacaq və bu mövzuya qayıtmayacaq.

Zənnimcə, Tramp heç Azərbaycanla Ermənistan arasında sülh prosesini də müzakirə etməyəcək. Onun üçün əsas prioritetlər Rusiya-Ukrayna müharibəsi, İran-İsrail münaqişəsi və Çin məsələsi olacaq”./teleqraf.com


MANŞET XƏBƏRLƏRİ