Parlamentin spikerləri - Elmira Qafarovadan Sahibə Qafarovayadək...


Hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII çağırış Milli Məclisə seçilmiş deputatlarının iclası keçirilib. İclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib. Hakim partiya Milli Məclisin sədri postuna Sahibə Qafarovanın namizədliyini dəstəkləyib.

Sahibə Qafarova bundan əvvəl VI çağırış Milli Məclisin sədri olub.

Onun VII çağırış Milli Məclisə də rəhbərlik edəcəyi istisna olunmur.

Millli Məclis fəaliyyət göstərdiyi illərdə parlamentin rəhbərliyində olan şəxslər bütün proseslərin mərkəzində olublar.

Modern.az saytı müstəqillik illərinə Azərbaycan Milli Məclisinə sədrlik edən parlamentarlar barədə yazını təqdim edir.

Milli Məclisin I çağırışı 1995-ci ildə seçilib. Ondan xeyli əvvəl - 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə parlament Ali Sovet adlanırdı.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən az sonra, noyabr ayında Ali Sovetin 50 deputatının üzv olduğu şura – Ali Sovetin Milli Şurası yaradılıb.

1992-ci ildə həmin quruma Milli Məclis adı verilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiyada parlamentin adı Milli Məclis kimi rəsmiləşib.


1991-1992-ci illərdə Azərbaycan Ali Sovetinə Elmira Qafarova rəhbərlik Həmin dövr Azərbaycan tarixinin ən qaynar və siyasi proseslərin ən ağır vaxtları olub.

Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakıda qulluqçu ailəsində anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində oxuyub və oranı fərqlənmə diplomu ilə bitirib. 1961-1962-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) elm və ali məktəblər şöbəsində təlimatçı, 1961-1962-ci illərdə isə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin (ALKGİ MK) katibi vəzifələrində çalışıb. Daha sonra vəzifə pilləsində irəliləyən E.Qafarova ALKGİ MK-nın birinci katibi seçilib və 1966-1970-ci illərdə bu vəzifədə işləyib.

E.Qafarova 1970-1971-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin mədəniyyət şöbəsi müdirinin müavini, 1971-1980-ci illərdə isə AKP Bakı Şəhər Komitəsinin ideologiya üzrə katibi vəzifələrində işləyib. 1980-1983-cü illərdə Azərbaycan SSR maarif naziri vəzifəsində çalışıb.
E.Qafarova 1983-1987-ci illərdə Azərbaycan SSR xarici işlər naziri vəzifəsini tutub.
1987-1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışıb.

1989-1990-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışan E.Qafarova bir sıra ictimai-siyasi və sosial-iqtisadi əhəmiyyət daşıyan sərəncam və qərarların verilməsində fəal iştirak edib. 1989-cu il dekabrın 30-da Gəncə şəhərinin adının bərpa olunması və 1990-cı il martın 13-də Azərbaycan xalqının milli bayramı olan “Novruz bayramı”nın rəsmən qeyd edilməsi haqqında fərmanlarda onun imzaları var. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirməsinə etiraz edən E.Qafarova bu qanlı cinayətlə bağlı bəyanat vermişdi.

“Azərbaycan SSR-nin suverenliyinin kobud surətdə pozulması, SSRİ Ali Sovetinin Rəyasət Heyəti tərəfindən respublikanın paytaxtı Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, Respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm.
Fövqəladə vəziyyət elan etmək üçün ağır döyüş texnikasından və avtomat silahlardan istifadə etməklə dinc əhaliyə qarşı amansız tədbirlər görülmüşdür. Bu isə çoxlu insan təlafatına gətirib çıxarmışdır. Həlak olanlar arasında gənclər, qadınlar, qocalar, uşaqlar da vardır...
...Azərbaycan xalqı özünün oğlan və qızlarının bu cür faciəli surətdə həlak olmasını heç kəsə bağışlamayacaqlar”, - bəyanatda bildirilmişdi.

Bu bəyanatla kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırmışdı.

1990-cı ilin may ayında respublikada prezident üsul-idarəçiliyi tətbiq edilmiş, parlamentin fəaliyyət forması və strukturu dəyişdirilmişdi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti ləğv olunmuş E.Qafarova deputatlar tərəfindənAzərbaycan SSR Ali Sovetinin sədri seçilmişdi. E.Qafarova 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdi.

E.Qafarovanın Ali Sovetin sədri olduğu dövrdə Azərbaycan xalqı üçün tarixi əhəmiyyətli qərarlar qəbul olunub və hadisələr baş verib. O çümlədən 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilib, 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT-yə üzv qəbul edilib.
Elmira Qafarova Ali Sovetin rəhbəri postundan gedib.
O, 1993-cü il avqustun 1-də Bakı şəhərində vəfat edib. Qəbri Fəxri xiyabandadır.



Müstəqillik illərində Azərbaycan parlamentinin ikinci sədri Yaqub Məmmədov olub.

Yaqub Cavad oğlu Məmmədov 1941-ci il mart ayının 3-də Gədəbəy rayonunun Əli-İsmayıllı kəndində anadan olub. Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsini bitirib.
1966-1978-ci illərdə Azərbaycan Tibb Universitetinin Patoloji fiziologiya kafedrasında müxtəlif vəzifələrdə çalışıb.
1971-1983-cü illərdə Azərbaycan Tibb Universitetində dekan müavini, dekan, kafedra müdiri, prorektor işləyib.
1983-1992-ci illərdə Azərbaycan Tibb Universitetində rektor vəzifəsinə çalışıb.
1992-ci ildə Ali Sovetin sədri, prezident səlahiyyətinin icraçısı olub.

2001-ci ildən Azərbaycan Tibb Universiteti Patoloji fiziologiya kafedrasının professorudur. Y.Məmmədov 1989-cu ildəm Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.

Yaqub Məmmədov Azərbaycan parlamentinin ən böhranlı vaxtlarında rəhbərliyə gəlib. 1992-ci il Xocalı hadisələrindən sonra istefa verən Ayaz Mütəllibovun ardınca Elmira Qafaraova da Ali Sovetin sədri postunu tərk etmişdi. O zaman parlamentarilərin ortaq rəyi əsasında deputat Yaqub Məmmədov Azərbaycan Alo Sovetinin sədri seçilmişdi.

Yaqub Məmmədovun vaxtında İranın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan danışıqları apralsa da, proses iflasa uğramışdı. 1992-ci il mayın 8-də ermənilər Şuşanı, mayın 18-də Laçını işqal etmişdilər.
1992-ci ildə may hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlməsi ilə Yaqub Məmmədov Ali Sovetin sədri postundan istefa vernişdi.


Müstəqil Azərbaycan parlamentinin növbəti – üçüncü spikeri İsa Qəmbər olub.
İsa Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1979-82-ci illərdə Azərbaycan Elmlər Akademiyasnın Naxçıvan Elm Mərkəzində, 1982-1990-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.
Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub.

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından və İdarə Heyətinin ilk üzvlərindən biri olub. O, 1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. 1990-cı ildə deputat seçilib.
1991-ci ildə Azərbaycan Ali Sovetinin nəzdində yaradılan Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib.
İsa Qəmbər 1992-ci ilin 18 mayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.
4 iyun 1993-cü il hadisələrindən sonra – 13 iyun tarixində Ali Sovetin sədri vəzifəsindən istefa verib.


İsa Qəmbərdən sonra parlamentə qısa müddətə mərhum dövlət xadimi Heydər Əliyev rəhbərlik edib.
1993-cü ildə qiyamçı polkovnik Sürət Hüseynovun ölkədə hyaratdığı xaos nətisəcində dəyişən siyasi vəziyyət Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdən getməsi ilə nəticələnib. Yaranmış siyasi böhranı aradan qaldırmaq üçün Naxçıvan Ali Məclisinin o vaxtkı sədri Heydər Əliyev Bakıya dəvət edilib.

1993-cü il iyunun 15-də Heydər Əliyev əvvəlcə Ali Sovetin üzvü üzvü, dərhal sonra parlamentin sədri seçilib.
H.Əliyev 1993-cü il iyun ayından oktyabra qədər parlamentə rəhbərlik etmiş 4-cü spikerdir. 1993-cü il sentyabrın 1-də isə Milli Məclis Ali Sovetin qəbul etdiyi 26 iyun 1991-ci il tarixli “Prezident seçkiləri haqqında” qanuna dəyişikliklər edərək yaş senzi ilə bağlı maddəni ləğv edib və H.Əliyevin ölkə prezidenti seçilməsini təmin edib.

1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizi nin səsəini qazanan Heydər Əliyev ölkə prezidenti seçilib.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Həmin gün parlamentə seçkilər keçirilib və I çağırış Milli Məclis formalaşdırılıb.


Heydər Əliyev oktyabrın 3-də prezident seçildikdən sonra Milli Məclisin sədri Rəsul Quliyev olub.
R.Quliyev 10 dekabr 1947-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Qazançı kəndində anadan olub. 197-ci ildə Azərbaycan Neft ve Kimya İnstitutunda neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisasını bitirib.

1970-ci ildə əmək fəaliyyətinə Azərbaycanın Sumqayıt şəhərindəki Kimya Kombinatında başlayıb. 1971-ci ildən 1992-ci ilədək Bakı Neftayırma Zavodunda texnoloq, qurğu rəisi, mühəndis, baş mühəndis, direktor vəzifələrində işləyib. 1985-ci ildə Bakı şəhər xalq detutatları sovetinə deputat, 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib. 7 dekabr 1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti - Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilib. 1993-cü ilin may ayından noyabr ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini vəsifəsində çalışıb.

1993-cü ilin noyabrından 1995-ci ilin noyabrınadək Azərbaycan Respublikası Milli Məclisinin sədri işləyib. 1995-ci ildə yenidən Milli Məclisin üzvü və parlamentinin sədri seçilib. 1996-cı il sentyabrın 11-də parlamentin sədri vəzifəsindən istefa verib 1996-cı ildə ABŞ-a mühacirət edib və hazırda da orada yaşayır.



Rəsul Quliyev istefaya gedəndən sonra Milli Məclisin sədri vəzifəsinə Murtuz Ələsgərov seçilib.
Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

Yeni Azərbaycan Partiyası sədrinin müavini olub.

Murtuz Ələsgərov I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 1996-cı il oktyabrın 16-dan parlamentin sədri seçilib.
1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olub.
Hüquq elmləri doktoru, professor, Əməkdar hüquqşünas M.Ələsgərov 7 avqust 2012-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.


2005-ci il dekabrın 2-də Milli Məclisə yeni spiker seçilib - Oqtay Əsədov.
Oqtay Sabir oğlu Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Maşınqayırma texnologiyası fakültəsini bitirib.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta, baş usta və sahə rəisi işləyib. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri Baş İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin “Azərsantexquraşdırma” Trestinin böyük texnoloqu, idarə rəisi, 1988–1996-cı illərdə “Azərsantexquraşdırma” Birliyinin rəisi olub. 1996–2004-cü illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin sədri, 2004–2005-ci illərdə “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti vəzifələrində çalışıb.

2000-ci ildə II, 2005-ci ildə III, 2010-cu ildə IV, 2015-ci ildə V və 2020-ci ildə VI çağırış Milli Məclisinin deputatı olub. Həmin müddətdə 15 il Milli Məclisə rəhbərlik edib. Bu, 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək dövrü əhatə edib.


Azərbaycan parlamentinə 2020-ci il martın 10-dan yenidən xanım rəhbərlik edir – bu, Sahibə Qafarovadır.

Ətraflı

Sahibə Əli qızı Qafarova 1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olub. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir. Bir neçə dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın və elmi məqalələrin müəllifidir. İngilis və rus dillərini bilir.

1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib. 1981–2000-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, 2000–2020-ci illərdə Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq əlaqələr üzrə prorektoru (2010–2020-ci illərdə ictimai əsaslarla) olub. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

IV, V, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2024-cü il 1 sentyabr tarixli parlament seçkilərində VII çağırış Milli Məclisin deputatı seçilib.

Azərbyacan parlamentinə rəhbərlik etmiş siyasi xadimlərdən üçü - Elmira Qafarova, Heydər Əliyev və Murtuz Ələsgərov vəfat ediblər.


MANŞET XƏBƏRLƏRİ