Azərbaycan-Pakistan əlaqələri: Hər iki xalqın və dövlətin birliyinə söykənir – Aqil Məmmədov


Azərbaycan Prezidenti İlham Əliyevin dost, qardaş Pakistan İslam Respublikasına dövlət səfəri, ölkəmizin başçısına göstərilən ən yüksək hörmət və ehtiramla müşahidə edildi. Prezident İlham Əliyevin qardaş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə dövlət səfəri tarixə, yaddaşlara həkk olunacaq səviyyədə baş tutdu. Bu eyni zamanda iki ölkənin birliyinin, bərabərliyinin göstəricisi hesab edilir.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinə və nümayəndə heyətinə dost, qardaş Pakistanda ən yüksək hörmət və ehtiram göstərilib: “Ölkəmizin başçısı da dost və qardaş Pakistanda olmaqdan şərəf duyduğunu söyləyib. Cənab Prezident Azərbaycan-Pakistan qardaşlığının xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslandığını bildirib. Vurğulanıb ki, Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artır ki, bu mənada Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşlar məsələsi də səfər çərçivəsində müzakirə mövzularından biri olub. İki xalq və dövlət arasında sarsılmaz bağlar var. Cənab Prezident də qeyd etdi ki, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri sarsılmaz bünövrəyə əsaslanır. İki qardaş ölkə hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Azərbaycanın və yaxud Pakistanın irəli sürdüyü bütün təşəbbüslərdə qarşılıqlı dəstək mövcuddur. Həmçinin Pakistan üçün əsas prinsipial məsələlərdə də Azərbaycanın birmənalı dəstəyi var. Bu xüsusda ölkəmizin başçısının da qeyd etdiyi kimi Cəmmu və Kəşmir məsələsində Azərbaycanın birmənalı dəstəyi qardaşlığa, beynəlxalq hüquqa əsaslanır. Ölkəmizin başçısı da vurğulayıb ki, kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Ancaq qardaş və dost kimi Azərbaycan Pakistanla Kəşmirdəki qardaşları ilə hər zaman yan-yana olacaq. Çünki Azərbaycan hər zaman beynəlxalq hüququn və ədalətin tərəfindədir”.

Millət vəkili bildirib ki, ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş dövlətlərdən biri də qardaş Pakistandır: “İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzrə qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Pakistan Azərbaycan ikinci dəfə öz müstəqilliyini bərpa etdikdə ilk dəfə onu tanıyan (1991-ci il dekabrın 12-si) dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri açılıb. Eyni zamanda Pakistan beynəlxalq miqyasda ölkəmizin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib. Məhz Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzünə görə, bu ölkə ilə diplomatik münasibətlər qurmayıb. Eyni zamanda 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa da Pakistan sədrlik edib. Sözsüz ki, iki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bununla yanaşı Prezident İlham Əliyev də Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verib. Cənab Prezident hər zaman Pakistanın ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır”.

Aqil Məmmədov vurğulayıb ki, Pakistan hər zaman Azərbaycanın yanında olub: “Torpaqlarımız Ermənistan tərəfindən işğalda olduğu dövrdə də Pakistan Azərbaycana birmənalı dəstək verib. Azərbaycan xalqı da yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olub. İkinci Qarabağ müharibəsi-Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksəkrütbəli rəsmilərinin birmənalı bəyanatları bunun bariz nümunəsidir. 2020-ci ilin noyabrında Azərbaycan özünün tarixi qələbəsini qeyd etdiyi vaxtda Azərbaycan, Pakistan və Türkiyənin bayraqları dalğalanır, insanlar hər üç qardaş ölkənin bayraqlarını əllərində daşıyırdılar. Bu mənada cənab Prezidentin Pakistana səfəri əlaqələrin bundan sonrakı inkişaf dinamikasina mühüm töhfə olacaq. Bu xüsusda Azərbaycanla Pakistan arasında əldə edilmiş razılaşmalar, imzalanmış tarixi sənədlərin mahiyyəti mühüm önəm kəsb edir. Digər sahələrdə olduğu kimi sərmayələrin ilkin həcmi təxminən iki milyard dollar olacaq. Energetika, infrastruktur, daşımalar, müdafiə sənayesi və bir sıra digər istiqamətlər üzrə olan layihələr artıq müzakirə olunub. Atılan bu addımlar əməkdaşlığın şaxələnməsinə xidmət edəcək”.


MANŞET XƏBƏRLƏRİ