"Prezidentin Türk dünyası ilə bağlı elan etdiyi prioritet uğurla davam etdirilir" - Aqil Məmmədov


Məlum olduğu kimi bu gün Şuşada Türk Dövlətləri Təşkilatının zirvə toplantısı keçiriləcək.

Zirvə toplantısı ilə bağlı Turkustan.az-a açıqlamasında Milli Məclisin VI çağırış millət vəkili olmuş Aqil Məmmədov bildirib ki, bu toplantı mühüm görüşlərin və sənədlərin qəbul edilməsi ilə tarixə düşəcək.

A.Məmmədov bildirib ki, ilk növbədə bu toplantının Şuşada keçirilməsi rəmzi xarakter daşıyır: “Artıq bir sıra dövlət başçıları Şuşada olublar. Bu dəfə isə Türk ölkələrinin liderləri eyni vaxtda Şuşada toplanır. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi ilk qardaş ölkənin streteji müttəfiqliyini, bir-birinin təhlükəsizliyi ilə bağlı öhdəliklərini daha güclü şəkildə ifadə etdilər. Bu dəfə isə oxşar sənədlər qardaş Türk dövlətləri arasında imzalanacaq. Belə ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması gözlənilir”.

A.Məmmədovun sözlərinə görə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Qarabağ Bəyannaməsini imzalaması təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmli tarixi sənəd olacaq: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində qeyd etdiyi kimi ölkəmizin xarici siyasətində Türk ölkələri ilə yaxın işbirliyi əsas prioritetdir. Bu gün cənab Prezident bu siyasəti uğurla davam etdirərək Türk dövlətləri arasında birliyin yaradılmasında qurucu rolunu göstərməkdədir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ